"Şuşanın işğal tarixi tam araşdırılmayıb" - Açıqlama

14:00 | 08.05.2015

"Şuşanın işğal tarixi tam araşdırılmayıb" - Açıqlama

8 May 1992-ci il - bu tarix təkcə şuşalılar üçün deyil, bütün Azərbaycan xalqı üçün çox ağrılı-acılı təqvimdir. Həmin tarixdə Ermənistan silahlı birləşmələri Azərbaycanın ən gözəl diyarlarından biri olan Şuşa şəhərini ələ keçirdilər və bununla da öz işğal planlarının kulminasiya nöqtəsinə çatdılar. Artıq işğaldan 23 il ötüb. Buna baxmayaraq, Şuşa işğalının sızıltısı hələ keçməyib, yara hələ qabar bağlamayıb.
 
Tarixi mədəniyyət şəhərimiz sayılan Şuşanın işğal olunması ilə bağlı danışan Qarabağ qazisi Rey Kərimoğlu ANN.Az-a açıqlamasında 1992-ci ildə ölkənin siyasi-ictimai durumunun necə olmasını xatırladıb: "O dönəmlərdə dövlət hələ yeni-yeni qurulduğundan çatışmazlıqlar, problemlər çox idi. Ordumuz yox səviyyəsində idi, hər şeyin təməli yeni-yeni qoyulurdu. Rusiya, İran, yaxud Azərbaycanda marağı olan digər dövlətlərin səyi nəticəsində torpaqlarımız işğal olundu”.
 


Şuşanın xəyanət nəticəsində ermənilərə təhvil verilməsi ehtimalına gəlincə, Rey Kərimoğlu bununla bağlı qəti fikir səsləndirməkdə çətinlik çəkdiyini deyib: "Dəqiq deyə bilmərəm ki, Şuşa xəyanət nəticəsində ermənilərə verildi, yaxud satıldı. Amma onu bildirim ki, ordudakı diqqətsizlikdən, səriştəsizlikdən, həmin tarixi məqamdan ermənilər öz xeyrlərinə istifadə etdilər və çox təəssüf olsun ki, nəticədə Şuşa kimi şəhərimiz işğal olundu”. 
 
Qarabağ qazisi indiyə qədər Şuşanın işğalı ilə bağlı heç kimin dəqiq araşdırma, tədqiqar aparmadığını, hadisələri olduğu kimi işıqlandırılmadığını qeyd edib: "Ermənilər, Şuşanın müdafiəsi zamanı şəhərin girişində, yanacaq doldurma stansiyası yanında döyüşən 25 əsgərimizin üzərindən tanklarla keçərək Şuşa şəhərinə daxil olublar. Amma bu haqda mətbuatda heç bir məlumat dərc olunmayıb, kimsə danışmayıb. Şuşa haqqında pafoslu məqalələr yazınca, bu cür daha dəqiq faktlar əsasında iş görmək olar ki, qoy bu həqiqətlərlə hamı tanış olsunlar”.
 
Ekspert bildirib ki, hazırkı ordu hazırlığı, hərbi birləşmələrimizin güc-qüvvəsini o vaxtki ordu ilə müqayisə etmək düzgün deyil: "Ordumuz hazırda yetəri qədər inkişaf edib. Arzum budur ki, güclü ordumuz Şuşanın azad edilməsində, orada keçiriləcək əməliyyatlarda layiqincə iştirak edib qələbə sevincini bizlərə yaşatsın".

Azərbaycanın əməkdar mühəndis, iş adamı, Şuşa işğal olunan zaman ən son şəhəri tərk edənlərdən bir İlhami Fətəliyev ANN.Az-a açıqlamasında dogma yurdu haqqında 2-3 cümlə ilə danışmağın mümkün olmadığını deyib. Şuşa işğal olunan günə qədər şəhər Tarixi Memarlıq Abidələri İdarəsinə rəhbərlik edən İlhami Fətəliyev işğal tarixində yanlışlıq olduğunu bildirib: "Şuşanın işğal tarixi haqqında deyilənlərin çoxu yanlışdır,  əslində Şuşa şəhəri 8-dən 9-na keçən gecə erməni qüvvələri tərəfindən işğal olunub”. 
 

 

İ.Fətəliyev Şuşa həsrətinin xüsusilə şuşalılarda çox dərin yara vurduğunu qeyd edib: "Şuşaya 2007-ci ildə səfərdə olan zaman (Polad Bülbüloğlu və Ermənistanın Rusiyadakı səfiri Armen Smbatyan 2007-ci il iyunun 28-də bir neçə azərbaycanlı və erməni ziyalı ilə birlikdə (Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Bakı Slavyan Universitetinin o vaxtkı rektoru, hazırda millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Neymətov, Azərbaycanın əməkdar mühəndisi, iş adamı İlhami Fətəliyev; İrəvan Dövlət Konservatoriyasının rektoru Serqey Saracyan, Ermənistanın Milli Elmlər Akademiyasının prezidenti Radik Martirosyan, Ermənistan Rus Dram Teatrının bədii rəhbəri Aleksandr Qriqoryan, Ermənistanın Respublika xəstəxanasının şöbə müdiri Lyudmila Qriqoryan) Dağlıq Qarabağda olmuşdular –red..) gördüklərimizi sözlə ifadə etmək qeyri-mümkün idi. Gərək orada nələrin olduğunu, hansı hisslərin yarandığını anlamaq üçün işğal altında olan Şuşanı öz gözlərinizlə görəsiniz. Çox çətin idi şəhərə baxmaq. Şuşada hər şey - xüsusilə şəhərin mərkəzində yerləşən tarixi mədəniyyət abidələri qəsdən yandırılıb, dağıdılmışdı ki, guya belə bir tarixi abidələr ümumiyyətlə yer üzündə olmayıb. Bir sözlə, ermənilər şəhəri talan edilib, xarabazara çevirmişdilər. Sadəcə sovet dövründə tikilmiş bəzi binalarda yaşayış vardı”.     

Erməni silahlı qüvvələrinin Şuşa şəhərini yandırmaqda əsas məqsədlərindən danışan İ.Fətəliyev əlavə edib ki, onlar ilk vaxtlar Şuşanı bu qədər uzun müddətə işğal altında saxlayacaqlarına inanmayıblar: "Çox ağır olsa da həqiqət budur ki, Şuşa kimi tarixi diyarımız, gözəl yurdumuz erməni qəsbkarları tərəfindən tamamilə məhv edilildi”. 

İ.Fətəliyev də şəhərin işğalı zamanı azərbaycanlıların, əsgərlərimizin necə şücaət göstərmələrinə dair tarixi faktların üzə çıxmadığını, işğal tarixinin yetərincə araşdırılmadığını deyib: "Şuşa şəhərinin işğalı zamanı şəhərin girişindəki postda 25 əsgərimiz düşmən tərəfindən öldürüldü. Bu postdakı əsgərlərimiz könüllü batalyonun nümayəndələri idi və onları hamısı şuşalı deyildi. Onları qətlə yetirən diversantlar çox güclü hərbi təlim görmüş hərbiçilər olublar. Onların içərisində bir, ya da iki nəfər erməni ola, ya olmaya. Bu cür təlim keçmiş və aylarla planlaşdırılmış kəşfiyyat hücumu nəticəsində ermənilər və tərəfdarları Şuşa şəhərini işğal etdilər. İşğalın əsas səbəbi isə ölkədə olan dağınıqlıq, ümumi rəhbərsizlik, özbaşınalıq, tabeçiliyin olmaması, hərbiləşmiş qüvvələrin yoxluğu, hərbi nizamnamənin hazırlanmaması idi və bu sadaladıqlarım  işğal prosesini daha da sürətləndirdi”.

Şuşa şəhərində sona qədər döyüşmüş jurnalist Mustafa Hacıbəyli həmin günlərin heç zaman yaddaşından silinməyəcəyini, acı bir xatirə kimi qalacağını deyib. ANN.Az-a açıqlamasında Mustafa Hacıbəyli hər il bu vaxtlar istər-istəməz o ağrı-acını daha dərindən hiss etdiyini, yaddaşında iz buraxdığı hadisələrin canlandığını vurğulayıb: "Orada vuruşmuş döyüşçü kimi deyə bilərəm ki, Şuşanın işğalı zamanı bizim cəmi 700 nəfər əsgərimiz var idi. Bu əsgərlərin demək olar ki, yarısından çoxu qəhrəmancasına şəhid oldular, digər yarısı isə yaralandı. Düşmən qüvvələri isə Rusiyanın 366 batalyonunun köməyi ilə üç-dörd istiqamətdən  - yəni Daşaltı, Malıbəyli, Şuşu kəndləri istiqamətlərindən hücuma keçdilər. Yalnız Laçından Şuşaya bir yol vardı, bu yolu da erməni silahi qüvvələri daima atəşə tuturdular. Biz o yoldan yalnız hava qaralandan sonra istifadə etmək məcburiyyətində qalırdıq. Ümumiyyətlə, Şuşa işğaldan əvvəl yarım mühasirə şəraitində idi və Şuşada olduqca məhdud sayda əsgər var idi. Bütün bunlarında nəticəsində Şuşa erməni və tərəfdarları tərəfindən işğal olundu”.
 
 

Keçmiş döyüşçü həmin ərəfədə hər kəsin Şuşanın təhlükədə olduğunu bildiyini xatırladıb: "Amma bizə dəstək gəlmirdi. Şuşanın işğalında konkret olaraq bir nəfərin günahlandırılması düzgün deyil. Ümumilikdə, Şuşanın işğalında hər birimizin günahı var. Bu gün Şuşa haqqında ağızdolusu danışan adamlar o vaxt döyüşənlərdən qat-qat çoxdur. Bir sözlə deyə bilərəm ki,  Şuşanın işğalında həlledici zərbəni bizə Rusiya vurdu”.  

İşğal faktlarının araşdırılmaması məsələsinə gəlincə, Mustafa Hacıbəyli də belə tədqiqatların yetərincə aparılmadığını, Şuşanın işğalı ilə bağlı qaranlıq səhifələrin çox olduğunu dilə gətirib: "Şuşa işğal olunan gün "Aşağı yanacaqdoldurma” adlanan postda olmuşam, bu Xankəndi-Şuşa yolunda birinci post hesab olunurdu. Bu post erməni qüvvələrinin postlarına ən yaxın olanı idi. Bizim postda 27 nəfər vardı. Mən milli qəhrəman Ramiz Qəmbərlinin batalyonunda idim. Bizim postda 27 nəfərdən həmin gün 24-ü həlak oldu. Dəqiq deyə bilmərəm Rey Kərimoğlu hansı faktı vurğulayıb, amma həmin gün bizim posta BMP, tanklarla böyük hücum təşkil edilmişdi və bizim postun alınmasında sona qədər döyüşən qəhrəman oğullarımız olsa da, post erməni silahı qüvvələri tərəfindən darmadağın edildi”. 

Şuşa işğalının canlı şahidi olan Mustafa Hacıbəyli də qədim yurdun ermənilərin əlinə mayın 8-də keçmədiyini  vurğulayıb: "Mayın 8-i biz hamımız Şuşada idik, yaralı olduğum üçün məni oradan mayın 8-i, gecə saatlarında çıxartdılar. Həmin gün bütün yaralılar şəhərdən aparıldı. Düzdü, çox postları erməni silahlı birləşmələri işğal etmişdi, amma Şuşa şəhəri mayın 8-də tamamilə bizim nəzarətimizdə idi və şəhərdə döyüşlər davam edirdi. Mayın 8-də Şuşaya ermənilər girməyib. Şuşa şəhərinin əsl işğal tarixi may ayının 9-10-dur”.

Hərbi ekspert Üzeyir Cəfərli isə Şuşanın işğalını Azərbaycan üçün böyük zərbə kimi dəyərləndirib: "Şuşa Qarabağın, ümumiyyətlə Azərbaycanın döyünən ürəyidir. Bundan başqa, Şuşa həm də tarixi mədəniyyət abidələrimizlə məşhur olan bir ocağımızdır. Sayı-hesabı olmayan bu tarixi abidələrimiz erməni qəsbkarları tərəfindən darmadağın edilib. Ermənilər Şuşanı işğal edəndə heç bir müqavimətlə üzləşməyiblər. Mayın 9-da isə ermənilər Şuşanı tamamilə ələ keçirdilər. Demək olar ki, təxminən 2 gün Şuşa boş qaldı. Nə ermənilər, nə azərbaycanlılar ora daxil olmadılar. Bundan sonra çox təəssüflər olsun ki, biz Şuşanı itirdik. Bu işğal digər rayonların, ən əsası strateji mövqeyi bizim üçün əsas olan Laçın və digər rayonlarımızın əldən getməsinin əsasını qoydu".
 
 

Ü.Cəfərli Şuşa kimi şəhərin ermənilərin əlində qalmasını mümkün hal saymır: "Çünki Azərbaycan öz torpağını, tarixi mədəniyyət diyarını ermənilərin əlində saxlanılmasına imkan verməməlidir”.

Orxan Aslanlı

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM