Bakıda rəsmi və qeyri-rəsmi fəaliyyət göstərən taksi sürücüləri həyəcan içindədirlər.
Belə söhbət gəzir ki, Nəqliyyat Nazirliyi indən belə fərdi avtomobillərin taksi fəaliyyəti göstərməsinə icazə verməyəcək, 1000-dən çox fərdi avtomobilin taksi lisenziyası ləğv ediləcək və onların yerinə şirkətlərin gətirdiyi yeni avtmobillər işləyəcək. Yəni bir növ Nəqliyyat Nazirliyinin sektoru inhisarların nəzarətinə vercəyi güman edilir. Bəs, əslində, nə baş verir?
ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, əslində, Nəqliyyat Nazirliyinin bazara hansısa bir inhisarçı şirkət-filan yerləşdirməklə bağlı heç bir planı yoxdur. Sadəcə, nazirlik son günlərdə qeyri-rəsmi taksi fəaliyyəti göstərən avtomobil sahiblərini lisenziya almağa dəvət edir. Nəmçinin, keçirilən reydlərlə qeyri-rəsmi fəaliyyət göstərən taksilər aşkarlanaraq cərimə edilir. 140 manatlıq cərimə gündə 30-40 manat dövriyyəsi olan taksi sürücüləri üçün yetərincə yüksək rəqəmdir və təbii ki, bu qəbildən olan sürücüləri rəsmi lisenziya almağa yönəldəcək.
Əslində, bu işlər bu il Bakıda keçiriləcək Avropa Oyunları çərçivəsində aparılır və əsas reydlər oyunların keçiriləcəyi 7 obyektin ətrafında aparılır. Bununla da, nazirlik bir güllə ilə iki dovşan vurur - həm bazarda lisenziyasız fəaliyyət göstərən taksilərin sayını azaldır, həm də Avropa oyunlarının keçiriləcəyi obyektlərin ətrafında ingilis dilini bilən, modern avtomobillərdə fəaliyyət göstərən taksilər üçün meydan açır.
Artıq Bakının qeyri-rəsmi taksi fəaliyyəti ilə məşğul olan sürücülərində həmin obyektlərlə bağlı bir tabu yaranıb - oraya getmək olmaz. Yəqin ki, bu tabu Avropa Oyunlarına qədər sürəcək və bu müddət taksi fəaliyyətinin rəsmiləşdirmə səviyyəsini artıracaq. Nəqliyyat Nazirliyinin katibliyinin rəhbəri Namiq Həsənovun verdiyi məlumata görə, Bakıda 20 mindən çox avtomobil lisenziya almadan fəaliyyət göstərir, lisenziyası olanları sayı isə 5 mindən aşağıdır. Ölkə üzrə isə 100 mindən çox adam qeyri-rəsmi taksi fəaliyyəti ilə məşğuldur.
Yəni bu sektorun rəsmiləşdirilməsi çox vacibdir və büdcəyə neftdənkənar daxilolmaların artmasında böyük rol oynaya bilər. Hər bir taksi sürücüsü ayda 18 manat lisenziya pulu, 21 manat isə sosial vergi ödəyir. 100 min sürücü üzrə götürdükdə bu, ildə 22 milyon manat vergi, 25 milyon manat isə sosial ödəniş deməkdir. Yəni sektorun rəsmiləşdirməsi büdcə yükünü ildə 50 milyon manat azalda bilər.
Araşdırmalara görə, sürücüləri rəsmi fəaliyyətə yönəltmək elə də çətin deyil. 1 manat bank rüsumu da nəzərə alınmaqla aylıq ödəniş 42 manatı keçmir. Yəni ayda orta hesabla ayda 500 - 600 manat qazanan taksi sürücüləri üçün bu pulu ödəmək elə də çətin deyil. Əksəriyyəti üçün bu həm də indi yaşadıqları səksəkədən qurtuluş yoludur. Məsələ bundadır ki, 5-6 aydır ki, bu sektorda bir növ xaos yaşanır. Əvvəllər qeyri-rəsmi fəaliyyət göstərən taksi sürücüləri hansısa qeyri-rəsmi adamlara ayda 30-40 manat pul ödəyirdilər, onlar da həmin sürücüləri qeyri-rəsmi "kod” verirdilər. Bu, həmin sürücülərin qorxu-hürküsüz taksi fəaliyyəti gerçəkləşdirməsinə imkan verirdi. 5 ay qabaq nazirlik işə qarışdı və qeyri-rəsmi "kod”lar da, qeyri-rəsmi "krışalar” kimi yoxa çıxdı.
İndi sürücülər nigarançılıq içindədir, amma bununla belə rəsmi lisenziya almaq istəyənlər çox azdır. Səbəb rəsmi fəaliyyətin bürokratik tərəfləridir. "Biz savadsız adamlarıq. Vergiyə, DSMF-ə getməyə nə vaxtımız var, nə də başımız bundan çıxır. Ümumiyyətlə, verginin adı gələndə sürücüləri vahimə bürüyür. Buna bir əncam çəksəydilər, bütün ödənişləri eyni yerdən vermək mümkün olsaydı, biz kağızdan-kuğuzdan uzaq olsaydıq çox yaxşı olardı”,- deyə belə sürücülərdən biri bildirib.
Nəqliyyat problemləri üzrə ekspert Azər Allahverənov bu problemi həll etmək üçün "vahid pəncərə” tətbiq etməyi mümkün sayır. "Naqliyyat Nazirliyinin patronajı altında "vahid pəncərə” tətbiq etmək olar. Yəni sürücü ora gələrək həm aylıq lisenziya pulunu, həm də DSMF ödənişini verə bilər. Hesabatlar da avtomatik təqdim oluna bilər. Yəni bunun məsuliyətini sürücünün boynundan götürmək lazımdır ki, qorxmadan fəaliyyətini rəsmiləşdirə bilsin”,- deyə Azər Allahverənov bildirib.
Ekspert problemin ikinci həll yolunu Bakıda taksi dayanacaqlarının lisenziyalaşdırılmasında görür: "Bu məsələdə Türkiyə təcrübəsindən yararlanmılıdır. Şəhər araşdırılmalıdır və özəl taksi dayanacaqlarının yerləri, hər dayanacaqda neçə taksinin dayan biləcəyi müəyyən edilməlidir. Bu indiki xaosu aradan qaldırar. Yoxsa, qeyri-rəsmi taksi sürücüləri arı bala yığışan kimi dayancaqlara, yol kəsişmələrinə yığılaraq həm piyadaların, həm də nəqliyyatın işini çətinləşdirirlər”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !