Martın 13-də Ankarada Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq təbii qazı Türkiyəyə və Türkiyə üzərindən Avropaya nəql edəcək Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsi (TANAP) üzrə Ortaqlıq Anlaşması imzalanıb.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
Ortaqlıq Anlaşmasını Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, TANAP-ın baş direktoru Saltuk Düzyol, "BP-Azerbaijan” şirkətinin rəhbəri Qordon Birrell və BOTAŞ-ın baş direktoru Mehmet Konuk imzalayıb. Beləliklə, BP şirkətinin TANAP-ın ortaqlarından biri olması rəsmiləşib.
SOCAR-dan verilən məlumata görə, TANAP layihəsi üzrə anlaşmanın imzalanmasından sonra ortaqlar arasında paylar belə müəyyənləşib: "Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.
Qeyd edək ki, TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 milyard kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur.
Onu da əlavə edək ki, imzalanma mərasimində Türkiyə Respublikası energetika və təbii ehtiyatlar naziri Taner Yıldız, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, BOTAŞ-ın baş icraçı direktoru Mehmet Konuk, TANAP İdarə Heyətinin üzvü Vaqif Əliyev və TANAP-ın baş icraçı direktoru Saltuk Düzyol, "Cənub Qaz Dəhlizi” şirkətinin baş icraçı direktoru Əfqan İsayev iştirak edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !