İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində həyata keçirilmiş edamların statistikası açıqlanıb.
APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, ötən il (miladi təqvimlə 2013-cü il martın 21-dən 2014-cü il martın 21-dək olan müddət nəzərdə tutulur) Təbriz şəhərinin mərkəzi həbsxanasında 204 nəfər dara çəkilib. Ancaq İranın rəsmi kütləvi informasiya vasitələri və məhkəmə orqanları həyata keçirdikləri bu edamların yalnız bir hissəsini ictimaiyyətə açıqlayıblar. Eyni zamanda onların nədə günahlandırılaraq dara çəkildikləri məlum deyil.
Ümumilikdə İran Ali Məhkəməsi tərəfindən 389 nəfərin ölüm hökmünün icrası təsdiqlənib. Həmin məhbuslar 2013-cü il sentyabrın 23-dən 2014-cü il sentyabrın 22-dək Təbriz Mərkəzi Həbsxanasında dara çəkilməlidirlər. Ona görə də edamların artması səbəbindən bu zindanda saxlanılan məhbusların əksəriyyəti psixoloji təzyiq altındadırlar.
ANN.Az