Təhsil ekspertləri və KİV nümayəndələri ADU-da imtahan sessiyasını izlədilər - Fotolar

20:11 | 28.01.2016
Təhsil ekspertləri və KİV nümayəndələri ADU-da imtahan sessiyasını izlədilər - Fotolar

Təhsil ekspertləri və KİV nümayəndələri ADU-da imtahan sessiyasını izlədilər - Fotolar


Yanvar 28-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən universitetin İctimaiyyətlə əlaqələr Departamentinin təşkilatçılığı ilə imtahan sessiyasının gedişini izləmək üçün növbəti monitorinq baş tutdu.
 
2015-2016-cı tədris ilinin payız imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin və qərəzsizliyin təmin edilməsi məqsədi ilə universitetin Pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin I kursunda keçirilən monitorinqdə KİVDF–in Müşahidə Şurasının sədr müavini, "İki Sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurasının üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadə, "XXI əsr Təhsil mərkəzi”nin rəhbəri Etibar Əliyev, təhsil üzrə ekspert Nadir İsrafilov, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdova, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, professor, ictimai-siyasi xadim Şahlar Əsgərov, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, həmçinin AzTV, İTV televiziya kanalları, AzərTac İnformasiya Agentliyi, "Azərbaycan müəllimi”, 525-ci qəzet” və "Ədalət” qəzetləri, modern.az, publika.az, teleqraf.com xəbər saytları və digər media nümayəndələri, eyni zamanda valideynlər də iştirak edirdilər.
 
İzləmə prosesindən sonra təhsil ekspertləri və media nümayəndələrinin iştirakı ilə bütün fakültələr üzrə imtahan yazı otaqlarına baxış keçirilməsi təşkil olundu.
 
Təhsil ekspertləri və tələbələr imtahan prosesinin gedişi ilə əlaqədar media nümayəndələri ilə öz fikirlərini bölüşdülər.
 
Monitorinq prosesindən sonra ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov təhsil ekspertləri və media nümayəndələri ilə görüşdü. Qonaqları universitetdə görməkdən şad olduğunu bildirən professor Dünyamin Yunusov universitetin kadr hazırlığı, beynəlxalq əlaqələri haqqında məlumat verdi. İmtahanların gedişi və bu istiqamətdə görülən işlərdən bəhs edən professor ADU-nun beynəlxalq təcrübəyə əsaslanaraq imtahan sessiyası zamanı Qlazqo Universiteti modelindən yararlandığını sözlərinə əlavə etdi. Professor Dünyamin Yunusov qış imtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən universitetdə Operativ Qərargahın yaradıldığını bildirdi.
 
Monitorinqdə iştirak edən təhsil ekspertləri, media nümayəndələri və eyni zamanda valideynlər imtahan prosesinin təşkilindən məmnun qaldıqlarını bildirdilər, imtahanların keçirilməsində şəffaflıq və obyektivliyin təmin olunması istiqamətində görülən işləri yüksək dəyərləndirdilər.
 
Görüşdə aparılan monitorinqin nəticələri geniş müzakirə olundu, bir sıra təkliflər bildirildi.
 
Qeyd edək ki, ADU-da qış imtahan sessiyasına əyani şöbədə 29 dekabr 2015-ci il tarixində start verilib və 1 fevral 2016-cı ilə qədər yekunlaşacaq. Qiyabi şöbədə isə sessiya müddəti 6 yanvar 2015-ci ildən 10 fevral 2016-cı ilədək müəyyən edilib. Qış imtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə universitetdə Operativ Qərargah yaradılıb. Bununla yanaşı, ADU-nun 440-35-05, 440-64-82 saylı şəhər və 141, 146, 264 saylı daxili telefonları, eyni zamanda [email protected] ünvanlı elektron poçtu "Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub.
 














www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM