Teleaparıcıların cəmiyyəti aşağılamasını necə durdurmalı?

16:37 | 13.06.2015
Teleaparıcıların cəmiyyəti aşağılamasını necə durdurmalı?

Teleaparıcıların cəmiyyəti aşağılamasını necə durdurmalı?

Qulu Məhərrəmli: "Belə hallar ona görə yaşanır ki, efirə kimi gəldi buraxırlar”; Zeynal Məmmədli: "İctimai qınaq mexanizmi işləsə, belə hallar azalacaq”; Fazil Mustafa: "Bu, ancaq səviyyə və təhsillə bağlı məsələdir”

Son vaxtlar televiziyalarda aparıcıların cəmiyyəti, onun dəyərlərini təhqir etməsi halları artıb. Son olaraq da ANS telekanalında yayımlanan "İncə maraqlar” verilişində aparıcı Elnarə Təhməzovanın hicablı xanımlar haqqında işlətdiyi ifadə toplumun dini kəsimində qəzəb yaradıb. Aparıcı kanal rəhbərliyi tərəfindən efirdən kənarlaşdırılıb, üzr istəsə də təbii ki, bu çözüm deyil. Çünki hansısa aparıcını cəzalandırmaqla bunun qarşısı alınmır. 

Xatırladaq ki, az öncə ATV-nin aparıcısı Mətanət Əlverdiyeva Bakıda baş vermiş faciəli yanğınla bağlı işlətdiyi ifadələrlə cəmiyyətin qəzəbinə gəlmişdi. Bəs telekanallarda aparıcıların bu cür davranışının qarşısını necə almalı, bundan ötrü hansısa bir qurum və ya mexanizm yaradılmalıdırmı?

Professor, tele-tənqidçi Qulu Məhərrəmli bu cür halların baş vermə səbəbini efirə hazırlıqsız, efir və məişət danışığı arasında fərq qoymayan adamların buraxılması nəticəsində baş verdiyini dedi: "Televiziya yaradıcılığının əlifbası var. Efirə buraxılan adam səviyyəli və savadlı olmalıdır. Apardığı verilişin qaydalarını bilməlidir. Aparıcı üçün verilən şərtlərə, tələblərə cavab verməlidir. Bütün bu tələblərə cavab verən insan efirə buraxılmalıdır. Ona görə də xüsusi bir mexanizm axtarmağa ehtiyac yoxdur. Sadəcə, tələb olunan qaydalara, standartlara əməl etmək lazımdır. Bu hallar ona görə baş verir ki, efirə kimi gəldi buraxırlar. Efirə məsuliyyətsiz, hazırlıqsız, efir və məişət danışığı arasında fərq qoymayan adamları buraxırlar. Nəticədə də bu cür hallar meydana çıxır. Ona görə də bir az məsuliyyəti artırmaq lazımdır”.

Media mütəxəssisi Zeynal Məmmədli isə bu məsələyə cəmiyyət kontekstində baxmaq lazım olduğunu düşünür: "Baş verən bu cür hadisələrə sırf media, əyləncə kontekstində baxmaq lazım deyil. Buna bütövlükdə cəmiyyət kontekstində baxmaq lazımdır. Milli Məclisdə deputatlardan biri bilərəkdən və ya bilməyərəkdən ədəbsiz sözlər işlədir. Buna görə onu Milli Məclisdən çıxarırlarmı? Yox. Mən başa düşə bilmirəm ki, bizim media niyə aparıcıların bu cür hərəkətlərini ön plana çıxarır? Mediada önəmli olan məsələ aparıcının efirdən adamın gözünün içinə baxa-baxa yalan danışmasıdır. Media təbliğat vasitəsi kimi qalmalıdır. Elnarənin və ya digər aparıcıların nələrsə deməyi olub və həmişə də olacaq. İnkişaf etmiş cəmiyyətlərdə də bu baş verir. Demokratiyanın elə bir pilləsi var ki, müəyyən həddə çatana kimi sən kiminsə çay içməsinin marçıltısına da dözməlisən. Bu, aşağının yuxarıya dırmaşma cəmiyyətidir. Aşağının əxlaqı, davranışı, geyimi, düşüncəsi də yavaş-yavaş bişməlidir”.

Z. Məmmədliyə görə, ictimai qınaq mexanizmi işləsə, belə hallar azalacaq: "Müəyyən bir dövr və dözüm lazımdır. Bizim ictimai qınaq mexanizmimiz işləsə, peşəkarlığa qiymət verə bilsək və peşəkarlığın hansı özəlliklərinin nəzərdə tutulduğunu göz önünə gətirsək, beynimizə həkk etsək, görəcəyik ki, belə problemlər hərdən bir sensasiya kimi olacaq”.

Deputat Fazil Mustafa insanların efir məkanına bir bayağı vaxt keçirmə məsələsi kimi baxdığını dedi: "Cinayət hadisələri də bu cürdür. Kimisə cəzalandırırsan, amma yenə də cinayət hadisələrinin qarşısını almaq olmur. Yəni ortada insan amili varsa, istənilən vaxt bu cür hallar olacaq. Çalışmaq lazımdır ki, daha təhsilli və hazırlıqlı insanlar aparıcı qismində kurs keçərək daha ciddi şəkildə savadlanaraq efirə çıxsınlar. Çünki canlı yayımı idarə etmək asan deyil. Kənarda jarqonlarla, başqa üsullarla özlərini, fikirlərini ifadə etməyə öyrəşmiş insanlar efirdə tez-tez belə yanlışlıqlara yol verirlər. Bu, ölkədə ümumi olaraq bayağılıqla bağlı problemdir. Yəni insanlar artıq efir məkanına bir bayağı vaxt keçirmə məsələsi kimi baxırlar. Ona görə də tamaşaçının sadəcə olaraq bəsit bir zövqünü oxşamağa səy göstərir. O səbəbdən də ifadələri seçəndə elə bilir bəlkə bu sensasiyaya daha çox insan cəlb edəcək. Amma reallıq onu göstərir ki, bu, ancaq səviyyə və təhsillə bağlı olan məsələdir. Məsələn, elə aparıcılar var ki, bu qaydaları gözləyir və onlarda hansısa bir problem yaranmır. Problem çıxanların hamısı hiss olunur ki, bir az sensasiya yaratmaq istəyirlər. Ancaq elə yumor olur ki, bu çox sərt qarşılanır. Hər ifadə seçiminə nail olmaq üçün müəyyən təhsilə, bilgi baqajına sahib olmaq lazımdır. Düşünürəm ki, baş verən neqativ halların qarşısını almaq üçün  hansısa qurumun yaradılmasına ehtiyac yoxdur. Məsələyə cəmiyyət tərəfindən təpkilər artdıqca, hər halda, telekanallar da maraqlı olacaqlar ki, daha hazırlıqlı kadrların cəmiyyət qarşısına çıxarılmasını təmin etsin”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM