Kapital Bank, Təhsilin İnkişafı Fondu (TİF) və "Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında imzalanan memoranduma əsasən tələbələrə yeni həllər təqdim edən "TələbəPlus” kartının təqdimatına start verilib.
4 noyabr 2024-cü il tarixində Bakı Dövlət
Universitetində (BDU) həyata keçirilən tədbirdə qəbul imtahanlarında ən yüksək
bal toplayaraq BDU-ya daxil olan 14 nəfər I kurs tələbəsinə "TələbəPlus” kartı
təqdim olunub.
Mərasimdə açılış nitqi ilə çıxış edən
BDU-nun rektoru Elçin Babayev bu layihənin uğurlu olacağına inandığını, ali təhsil
müəssisələrinin yaradılan imkandan kifayət qədər bəhrələnəcəyini, bu kartların
tələbələrə ən müxtəlif istiqamətlərdə geniş imtiyazlar təqdim edəcəyini, tələbələrin
təhsil, səhiyyə, mədəniyyət və digər xidmətlərlə bağlı endirimlərdən faydalana
biləcəklərini vurğulayıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin
sədri Elnur Nəsibov da öz növbəsində "TələbəPlus” kartlarının ilk istifadəçiləri
olan BDU tələbələrini təbrik edib. O, bu layihənin dövlət-özəl tərəfdaşlığının
uğurlu nümunəsi olduğunu qeyd edib. Layihənin növbəti mərhələdə peşə və orta
ixtisas təhsilinə də şamil ediləcəyini bildirən sədr növbəti tədris ilində təhsil
sahəsində çalışan əməkdaşların da layihədən yararlana biləcəklərini vurğulayıb.
Kapital Bank-ın Korporativ Satışlar
departamentinin direktoru Qara Əbdülrəhmanov bildirib ki, "TələbəPlus” tələbələrə
xüsusi imtiyazlar təqdim etməklə yanaşı, onların gündəlik həyatlarını daha
rahat və rəqəmsal bir müstəviyə keçirəcək.
Belə ki, kart tələbələrə gündəlik xərclərini daha səmərəli şəkildə izləmək
fürsəti yaradacaq.
"Visa”nın Azərbaycan üzrə ölkə meneceri
Nurlan Hacıyevsə "Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan
təhsilinə dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edib və bu layihənin
bir hissəsi olmaqdan
məmnunluğunu bildirib.
Xatırladaq ki, "TələbəPlus” kartı təlim mərkəzləri,
geyim, yemək, qida sahələri üzrə tələbələrin ən çox müraciət etdikləri 200-dən
artıq partnyorda imtiyazlar, endirimlər almaq fürsəti yaradır. Həmçinin, Mədəniyyət
Nazirliyi ilə imzalanan müqaviləyə əsasən mədəniyyət obyektləri, muzeylər, sərgi
salonlarından istifadə
zamanı da tələbələr üçün güzəştlər tətbiq olunacaq.
Gələcəkdə idman, səhiyyə, nəqliyyat sahələrində də xidmətlərin "TələbəPlus”a
qoşulması planlaşdırılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !