"Telekanallardan narazı olanların sayı çoxdur"

16:37 | 30.01.2015

"Telekanallardan narazı olanların sayı çoxdur"

Dövlət başçısı İlham Əliyev bu yaxınlarda Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin 6 il müddətinə bu qurumun üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb.

 ANN.Az Modern.az-a istinadən xəbər verir ki, MTRŞ-nın sədr müavini Qafar Cəbiyev açıqlamasında bundan sonra görüləcək işlərdən danışıb:

"Yenidən 6 il müddətinə şura üzvü təyin olunmağı həm Nuşirəvan müəllimin özünə, həm də bütövlükdə şuraya dövlət başçımızın etimadı kimi dəyərləndirmək olar. İkincisi, demək istəyirəm ki, şura "Televiziya və radio yayımı haqqında” Qanunun tələbləri əsasında vəzifələrini icra edir. Yəni burada hansısa yenilikdən danışmaq olmaz. Çünki şura yaradıcı qurum deyil ki, hansısa yeniliklərdən danışaq. Sadəcə olaraq, telekanalların fəaliyyətini izləyirik, nə dərəcədə qanunvericiliyin tələbləri çərçivəsində fəaliyyət göstərmələrinə nəzarət edirik. Ehtiyac yarananda yeni kanalların, yeni yayımçıların fəaliyyətə başlaması üçün müvafiq tədbirlər görülür, müsabiqələr elan olunur və sairə. Daimi olaraq bütün kanalların monitorinqi gedir, onlar təhlil olunur, nöqsanlar aşkar olunur. Nöqsanlar ciddidirsə, tədbirlər görülür. Yaxud o qədər də ciddi nöqsanlar deyilsə, bununla bağlı telekanallara şifahi qaydada müraciət edilir, tövsiyələr verilir. Bundan əlavə, prezidentin imzaladığı bir sıra dövlət proqramları var, onların icrasında şurası da bu və ya digər dərəcədə iştirak edir. Məsələn, qloballaşma şəraitində dövlət dilindən istifadə ilə bağlı ayrıca dövlət proqramı var. Şura da həmin dövlət proqramından irəli gələn vəzifələrin icrası ilə bilavasitə məşğul olan qurumlardandır. Çalışırıq ki, bu məsələlər  telekanalların da diqqətində olsun”.

Qafar Cəbiyev telekanallarla bağlı cəmiyyətdə səslənən iradlardan da danışıb: "Telekanallardan narazı olanların sayı çoxdur. Bizə də bu cür müraciətlər edilir. İctimai yerlərdə, ayrı-ayrı görüşlərdə, söhbətlərdə narazılıq ifadə edənlər çoxdur. Demək istəyirəm ki, reallıqla insanların istəkləri arasında həmişə məsafə olur. Yəni insanlar ən yaxşısını arzulayırlar. Ən yaxşı isə hər birimizin hədəfidir.  Şura hər zaman televiziyaların, radioların yanında olmağa çalışır. Həmişə qarşılıqlı anlaşmanın olmasını istəyirik. Aparıcı dinləyicini, tamaşaçını daha artıq nəzərə almalıdır. Nəzərə alın ki, televiziya və radio 24 saat efirdədir. Bu vaxtın ayrı-ayrı saatları canlı efirdir. Onlar da nöqsanlardan hali deyil. İş olan yerdə nöqsan olur. Hesab edirəm ki, Azərbaycan telekanalları inkişaf və təkmilləşmə yolundadır. Peşəkarlaşma istiqamətində ciddi addımlar atılır. Bu ənənə bundan sonra da davam edəcək”.   

ANN.AZ
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM