"Bu gün saytların dilində gedən proseslər eyni ilə də televiziyada təkrar olunur.
Bəzən dilə sayğısız münasibət müşahidə edilir. Xüsusən gənc aparıcılar, reportyorlar Azərbaycan dilinin qaydalarına əməl etmir, dilin normalarını pozurlar".
Bu barədə "Report"a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli məlumat verib.
Onun sözlərinə görə, oktyabr ayından başlayaraq televiziyalarla bağlı monitorinqlər aparılır: "Birinci mərhələ qapalı aparılıb, mütəxəssislər izləyib, yəni proseslər müşahidə olunaraq monitorinqin istiqaməti müəyyənləşdirilib. Monitorinqin ikinci mərhələsinin nəticələri isə yaxın günlərdə açıqlanacaq".
Şöbə müdiri bildirib ki, monitorinq zamanı aşkar edilən daha ciddi qüsurlar alınma sözlərin tələffüzü ilə bağlıdır: "Aparıcı və reportyorlar Azərbaycan dilinin qaydalarına uyğun olmayan cümlələr işlədirlər. Onlar rus, türk, ingilis dilinin ifadə tərzinə uyğun cümlələr qururlar. Həmçinin sözlər düzgün tələffüz olunmur, vurğu yerində deyilmir, sözdə olan uzun saitlər qısa tələffüz olunur, bəzən intonasiya düzgün seçilmir. Cümlə quruluşu həddindən artıq mürəkkəb, fikirlər isə dolaşıq olur. Televiziya dili çox anlaşıqlı olmalıdır ki, tamaşaçı dərhal aparıcının nə dediyini tuta bilsin".
Q.Məhərrəmli qeyd edib ki, monitorinqi əsasən Dilçilik İnstitutu aparır, amma bəzi təşkilati işlər Milli Televiziya və Radio Şurası ilə birgə həyata keçirilib: "Monitorinqin məqsədi televiziyaları və ya aparıcıları tənqid etmək deyil. Əsas məqsəd qüsurları göstərməkdir ki, həmkarlarımız bundan doğru, dürüst nəticə çıxartsınlar, dilin normalarına fikir versinlər.
Televiziya müəyyən mənada dəbdir, modadır, həm də düzgün danışmaq tribunasıdır. Çoxları televiziyanı özlərinə nitq nümunəsi hesab edir. Diktor və aparıcının danışığını əsas götürürlər. Bu səbəbdən də dilə və onun qaydalarına xüsusi diqqət yetirilməlidir".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !