“Tərtər işi” üzrə məhkəmədə zərərəçəkən işgəncə yerini “cəhənnəm” adlandırıb - REPORTAJ

Bakı Hərbi Məhkəməsində "Tərtər işi” kimi tanınan və işgəncə vermədə ittiham olunan bir qrup keçmiş hərbi qulluqçu - Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev və Ruslan Mikayılovla bağlı məhkəməsi davam edir. Bu iş Bakı Hərbi Məkkəməsinin icraatında olsa da, məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Məhkəmə iclaslarına hakim Zeynal Ağayev sədrlik edir. Məhkəmədə zərərçəkənlər dindirilir.
2017-ci ildə Azərbaycan ordusunun bir qrup hərbçisi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etmədə şübhəli bilindiyi üçün Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişi ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir. Zərərçəkən kimi tanınanların sayı 400 nəfərə yaxındır. Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra "Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. Nəticədə vətənə xəyanətdə ittiham olunan şəxslərin çoxu bəraət alıb. Onların arasında ölümündən sonra bəraət alan da var. Hazırda məhkəmə qarşısına çıxarılanlar yüzlərlə hərbçiyə işgəncə vermədə ittiham olunurlar.
Məhkəmə əvvəlcə zərərçəkən Şəhriyar Ağayevi dindirib. O, ifadəsində göstərib ki, 2017-ci il mayın əvvəli onu və bir neçə hərbçi yoldaşını Marquşavana – işgəncə verilən yerə aparıblar.
"Postda dayanırdım, dedilər düş bölüyə, düşdüm, məni və iki hərbçi yoldaşımı heç nə demədən əl-qolumuzu, gözümüzü bağlayıb Marquşavana apardılar. Hələ də anlamırdıq nə baş verir, bizi niyə buraya gətiriblər. Binaya daxil olanda qışqırtı səsindən qulaq tutulurdu. İşgəncə verən kim, işgəncə görən kim… Orada əsl cəhənnəm yaratmışdılar. Nə bilim, bir tərəfdə qışqırtı, o biri tərəfdə kəsirlər, doğrayırlar…” , - Ağayev bildirib.
Zərərçəkənin sözlərinə görə, ondan erməni hərbçilərinə işlədiyini boynuna almasını tələb ediblər.
"Deyirdilər ki, manqa komandirin səni ermənilərə təhvil verib, səni orada zorlayıb, videoya çəkiblər. Dedim, axı belə bir şey olmayıb. Dedilər, manqa komandirin üzünə duracaq, yaxşısı budur, sən də izahat yaz ki, belə şey olub. Razılaşmayanda məni otaqlarda gəzdirdilər, işgəncələri göstərdilər, dedilər, seçimini et, ya dediyimizi yazacaqsan, ya da səni də bu günlər gözləyir”, Aöayev əlavə edib.
O, həmçinin ona da işgəncə verildiyini məhkəməyə deyib.
"Soyundurdular, döydülər, suda boğdular, bədənimi toka verdilər… Gedib-gəlib bədənimdə siqaret söndürürdülər. İşgəncələrə dözə bilmədiyim üçün dedim, gətirin, hara, nəyə deyirsiz, qol çəkim. Ondan sonra müstəntiqin yanına apardılar, nə dedilər, yazdım. 6 il keçib, hələ də məhkəmə yollarında qalmışam”, - Ağayev vurğulayıb.
Şəhriyar Ağayev deyib ki, işgəncələrdən sonra hərbi xidmətə uyğunsuz kimi tərxis edilib. Respublika Hərbi Prokurorluğuna gedib ki, başına gələnləri danışsın. Orada prokurorun müavininin qəbuluna girmək üçün dəhlizdə gözləyərkən onu tutub başqa otağa aparıblar, döyüblər, həqiqətləri söyləsə, başına min bir iş gətirəcəyi ilə hədələyiblər.
"Gözüm işgəncələrdən o qədər qorxmuşdu ki, evə buraxılandan bir müddət sonra məni Lənkəran DTX-ya dəvət etdilər, dedilər ki, nə baş veribsə, həqiqətləri danış. Dedim, qorxuram, birdən danışaram, yenə işgəncə görərəm. Dedilər, o günlər keçmişdə qaldı, biz o hadisələri araşdırırıq”, - hərbçi bildirib.
Dövlət ittihamçısı zərərçəkəndən işgəncə yerində gördüyü şəxsləri xatırlayıb-xatırlamadığını soruşub.
Zərərçəkən bildirib ki, korpus komandiri Hikmət Həsənovu, korpusun hüquqşünas Fuad Ağayevi (İki həftədir ki, onun da məhkəməsi başlayıb – red) işgəncə yerində görüb.
Şəhriyar Ağayevin manqa komandiri olmuş və guya onu erməni hərbçilərinə aparmış Müşfiq Əhmədov da zərərçəkmişlərdən biridir və məhkəmələrdə iştirak edir.
O, bildirib ki, Şəhriyar Ağayevə işgəncə altında "etirafedici” ifadə yazdıran vaxt ona da başqa otaqda işgəncə verilib.
"Bir otaqda ona işgəncə verib məcbur edirdilər ki, mənim üzümə dayansın, guya onu ermənilərə aparmışam. Onu aldadırdılar ki, guya mən artıq bunu etiraf etmişəm. Bu biri otaqda da mənə işgəncə verilirdi, deyirdilər ki, guya Şəhriyar Ağayev etiraf edib ki, mən onu ermənilərə aparmışam, zorlayıb videosunu çəkiblər. Beləcə, hamını işgəncə ilə bir-birinin üzünə qoyurdular”, - Əhmədov məhkəməyə deyib.
Məhkəmə daha bir neçə zərərçəkəni dindirib. Asif Süleymanov, Razi Ağayev və başqa zərərçəkənlər də ağır işgəncələrdən danışıblar.
Günel Əliyeva
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər