“Tərtər işi”ndə generallar dindirilib - MƏHKƏMƏDƏN REPORTAJ

17:27 | 16.04.2024
“Tərtər işi”ndə generallar dindirilib - MƏHKƏMƏDƏN REPORTAJ

“Tərtər işi”ndə generallar dindirilib - MƏHKƏMƏDƏN REPORTAJ

Bakı Hərbi Məhkəməsində "Tərtər işi” üzrə məhkəmələr davam edir. Söhbət 2017-ci ilin ortalarında yüzlərlə hərbçinin işgəncə olunmasından, həmin işgəncələr altında hərbçilərdən alınmış ifadələr əsasında xeyli hərbçinin vətən xaini kimi həbs olunmasından gedir.

 

Vətən xaini adı altında həbs olunanların, işgəncələrdən ölənlərin ailələri davamlı aksiyalar, müraciətlər etdikdən, bu məsələ kifayət qədər ictimailəşəndən sonra Prezident İlham Əliyev "Tərtər işi”nin yenidən araşdırılmasına göstəriş verib. 2021-ci ilin dekabrında iş təzələnib, vətən xaini kimi tutulanların çoxu bəraət alaraq azadlığa buraxılıb. (10 nəfər hələ də həbsdədir, ailələri azadlığa buraxılmalarını tələb edir – red.) İşgəncə verməkdə təqsirləndirilənlər həbs olunub. Onların mühakiməsi Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimlərinin icraatında həyata keçirilir. Ötən il bu iş üzrə dörd qrupun məhkəməsi başlamışdı, qruplardan ikisinin məhkəməsi başa çatıb. Hazırda iki qrupun işi üzrə məhkəmə prosesləri davam edir. Məhkəmə iclaslarına hakim Zeynal Ağayev sədrlik edir.


 

Sonuncu məhkəmə iclası "Maşıyevgilin işi” üzrə olub. Bu qrup dörd nəfərdən ibarətdir. Ruslan Mikayılov həmin dövrdə Tərtərdəki N saylı hərbi hissədə Xüsusi Təyinatlı Bölüyün xüsusi təyinatlı qrupunun komandiri olub. Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyevsə gizir rütbəsində xidmət edib. Onlar 2017-ci ilin may-iyun aylarında 180-dən çox hərbçiyə işgəncə verməkdə, onlardan bir neçəsini işgəncə ilə öldürməkdə, yaxud da intihara vadar etməkdə ittiham olunur. Bu şəxslər bundan əvvəl də Tərtər işgəncələrinə görə həbs olunub. Lakin məhkəmə onlara münasibətdə Cinayət Məcəlləsinin 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin olunması) maddəsini tətbiq edib. Tərtər Hərbi Məhkəməsinin hökmüylə onlara 6 il həbs cəzası verilib. Bu cəzanın da bir hissəsini çəkib, azadlığa buraxılıblar. 2020-ci ildə 44 günlük müharibədə iştirakdan sonra isə Prezident İlham Əliyevin sərəncamlarıyla Ruslan Mikayılov, Sənan Maşıyev və digərləri orden və medallarla mükafatlandırılıblar. Tərtər hadisələri ilə əlaqədar cinayət işi üzrə icraat 2021-ci ilin dekabrında təzələnəndən sonra yeni üzə çıxan hallara görə onlar 2022-ci ilin aprelində bir daha cinayət məsuliyyətinə cəlb olunublar.

 

 

Zərərçəkənlər də, müttəhimlər bir sıra vəzifəliləri işgəncə yerində gördüklərini deyirlər. Onların müdafiəçiləri də məhkəməyə vəsatət veriblər ki, adları çəkilən vəzifəli şəxslər əlavə şahid kimi məhkəməyə dəvət olunub dindirilsin. Məhkəmə vəsatəti qismən təmin edib, yəni hamısını olmasa da, müəyyən vəzifəli şəxsləri əlavə şahid kimi çağırıb. Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində xidmət edən, general-leytenant, Zakir Ağayev (hadisələr cərəyan etdiyi vaxt general-mayor rütbəsində olub – red), general-mayor Hilal Nəcəfov, polkovnik Elşən Niyazov məhkəməyə həmin vəsatət əsasında dəvət olunub, dindirilib.

 

 

General məhkəmədə qısa danışıb. Bildirib ki, 5 may 2017-ci ildə N saylı hərbi hissənin Şıxarxdakı köhnə qərargahında baş verənlərlə bağlı müdafiə naziri Zakir Həsənov tərəfindən oraya ezam olunub. İşgəncə faktları olduğunu müəyyən edib. Mayın 6-da Bakıya qayıdıb, gördükləri barədə nazirə məruzə edib. Mayın 7-də yenə Şıxarxa qayıdıb. Generalın qısa, hadisələrin üzərindən ötəri keçməklə danışması müttəhimləri və vəkilləri qane etməyib. Məsələn, vəkillər ondan işgəncə hallarını görüb-görmədiyini soruşanda o, qısa şəkildə otaqlardan birində Elmar Allahverdiyevi alt geyimində, əl-ayağı bağlı vəziyyətdə gördüyünü deyihb. Vurğulayıb ki, onun göstərişi ilə Elmar Allahverdiyevin əl-ayağını açıblar, geyim veriblər.

 

 

Elmar Allahverdiyev - Ordunun 1-ci Korpusunun (Bərdə korpusu) hərbi hissələrindən birinin kəşfiyyat bölməsinin komandiri olub. Ali Baş Komandan İlham Əliyev tərəfindən 2016-cı ilin aprel döyüşlərində Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə komandiri olduğu kəşfiyyat bölməsi ilə birlikdə göstərdiyicəsarətə görə qızıl saatla təltif edilib. Amma bir il sonra, 2017-ci ilin mayında o da yüzlərlə hərbçi kimi vətənə xəyanət şübhəsiylə Şıxarxdakı köhnə qərargah binasında işgəncələrə məruz qalıb. İşgəncə prosesləri bitəndən sonra ordudantərxis olunub. 2020-ci ildə İkinci Qarabağ Müharibəsində könüllü olaraq iştirak edib.


 

Zakir Ağayev sualları cavablandırarkən mayın 6-da Bakıya qayıtdığını, gördükləri barədə nazir Zakir Həsənova məruzə etdiyini, nazirin tapşırığıyla mayın 7-də yenə işgəncə yerinə döndüyünü deyib. Təqsirləndirilən şəxslər məhkəməyə bildiriblər ki, Zakir Ağayev həmin vaxt Şıxarxa vəziyyəti idarə etmək üçün gəlib, işgəncə otaqlarında olub.

 

 

Təqsirləndirilən şəxs Elçin Əliyev şahidə: - Məni tanıyırsız?

Zakir Ağayev: - Xeyr.

Təqsirləndirilən şəxs Elçin Əliyev: - Necə yəni tanımırsız? Mən Hikmət Həsənovun mühafizəsindəydim, bütün günü onun yanında olurdum. Siz Hikmət Həsənovla mübahisə edirdiz. Aranızda əməlli-başlı mübahisə düşmüşdü. Deyirdiniz ki, nazir sizi vəziyyətə nəzarət etmək üçün göndərib. Deyirdiniz, burada söz sahibi mənəm, vəziyyəti özüm idarə edəcəm. Teymur Məmmədova (həmin vaxt hərbi hissə komandiri olub, onun da adı işgəncələrdə çəkilir, zərərçəkənlər və müttəhimlər məhkəməyə dəvət olunaraq dindirilməsini tələb edir – red.) deyirdiniz ki, gündəlik baş verənlərlə bağlı hesabatı mənə verəcəksiniz. Rasim Əliyevlə birlikdə otaqları da gəzirdiniz, işgəncələri də görmüsünüz, əmr də vermisiniz. Mənim yanımda dediniz ki, kim əl-ayağının açılmasını, rahat yemək, rahat yatmaq istəyirsə, mənim dediklərimi təsdiqləməlidir.

 

 

Zakir Ağayev müttəhimin dediklərinin həqiqətə uyğun olmadığını bildirib.

 

 

General-mayor Rasim Əliyev – Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinə rəhbərlik edib. 3 ilə yaxındır ki, ehtiyata buraxılıb. Ötən ilin iyulunda bu iş üzrə digər qrupun məhkəməsində şahid kimi dindirilib. Məhkəmənin suallarını cavablandırarkən deyib ki, 2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı işgəncələr nazir və Baş Qərargah rəisinin razılığı ilə həyata keçirilib. Qeyd edib ki, Tərtərdəki proseslərə rəhbərlik edən şəxs o zaman korpus komandiri olan general Hikmət Həsənov, korpusun hüquqşünası Fuad Ağayev olub. General ifadəsində "Dəniz piyadaları”nın komandiri Cəfər Seyidov(Ali Məhkəmənin hakimi Əziz Seyidovun oğlu-red.)və tabeliyindəki heyətin Tərtərə gəlib, orada hərbçilərə qarşı işgəncələrdə iştirak etməsindən də danışmışdı.

 

 

Müdafiə tərəfinin vəsatəti əsasında məhkəməyə əlavə şahid kimi dəvət olunan MN Əks-Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Hilal Nəcəfov da sualları cavablandırıb. O, deyib ki, həmin vaxt Müdafiə Nazirliyinin Qərargah rəisi olmuş Nəcməddin Sadıkov tərəfindən ön xəttə ezam olunub, Bakıya qayıdıb, sonra da 3-cü Korpusa ezam olunub. General çox qısa danışıb, sualları da qısa cavabıandırıb, 1-ci Korpusun hərbi hissəsində baş verən işgəncə hadisələrindən xəbərsiz olduğunu deyib.

 

 

Sonra məhkəmə polkovnik-leytenant Elşən Niyazovu sorğulayıb. Onun adı bu iş üzrə dindirilimiş zərərçəkənlər və təqsirləndirilən şəxslər tərəfindən işgəncə faktlarında çəkildiyi üçün məhkəmədə dindirilməsi tələb olunub. Məhkəmə onu əlavə şahid kimi dəvət edib. Məsələn, zərərçəkən Orxan Həsənov bundan əvvəlki məhkəmə iclaslarında ifadə verərkən Elşən Niyazovun adını çəkib. Deyib ki, 2017-ci ilin mayın 7-də Elşən Niyazov onun xidmət etdiyi bölüyə gələrək hərbi hissənin əsgərlərinin ermənilərə aparıldığını, dövlətə xəyanət olunduğunu bildirib.

 

 

"Məni Şıxarxa, ordan da Cəmilliyə aparıb, Elşən Niyazova təhvil verdilər. Elşən Niyazov mənə sillə ilişdirdi, dedi, tankları ermənilərə satmısan, ermənilər həmin tanklarla bizə qarşı döyüş hazırlayır. Dedim, bölüyümdə 10 ədəd tank var, gəlib baxış keçirə bilərsiz, hamısı yerindədir. Sonra əmr elədi ki, aparın bunu. Məni harasa aparırdılar, gözlərim bağlı idi, qarşımıza çıxan soruşurdu ki, bu kimdir? Məni aparanlar deyirdi ki, tank bölyünün komandiri Orxandır. Bunu eşidən məni vururdu”, - Orxan Həsənov bunları ifadəsində qeyd edib.

 

 

Elşən Niyazovun adı "Tərtər işi”ylə bağlı təkcə bu məhkəmədə deyil, eyni iş üzrə keçirilən digər məhkəmələrdə də dəfələrlə çəkilib. Zərərçəkənlər ifadələrində bildiriblər ki, Elşən Niyazov işgəncə yerinə gələrək onları sillələyib, müstəntiqlərin istədiyi "etirafedici” ifadəni vermələrini tələb edib.

 

Elşən Niyazovsa məhkəmədə sualları cavablandırarkən işgəncə proseslərində iştirak etmədiyini bildirib.

 

 

Polkovnik-leytenant Elşən Niyazov Tərtər hadisələrindən 4 il sonra – 2021-ci ilin iyununda Prezident İlham Əliyevin Sərəncamıyla "Füzulinin azad olunmasına görə” medalıyla təltif edilib.


 

Təqsirləndirilən şəxslər və vəkilləri əvvəlki məhkəmə iclaslarında olduğu kimi yenə vəsatət veriblər ki, hərbi hissə komandiri Teymur Məmmədov dəvət olunaraq dindirilsin. Onlar işgəncələrin Teymur Məmmədovun komandiri olduğu hərbi hissədə verildiyini, onun işgəncələrdə iştirak etdiyini, ancaq məsuliyyətdən kənarda qaldığını deyiblər. Hakim bildirib ki, Teymur Məmmədov Qarabağ bölgəsində xidmət edir, hava şəraitinə görə hələlik Sumqayıta – məhkəməyə gələ bilmir.

 

 

Erməni hərbçilərlə döyüş postunda olan əsgər Turan İbrahimlinin 2017-ci aprelin 29-da tabeliyindəki silahla yoxa çıxması, sonradan neytral zonadan tapılması faktına görə başlanmış cinayət işinin istintaqı zamanı yüzlərlə hərbçi vətənə xəyanət şübhəsiylə saxlanılaraq Tərtərdəki, Mingəçevirdəki hərbi hissələrdə, Bakıdakı, Sarıcalıdakı hərbi hospitallarda, qauvvaxtlarda işgəncəyə məruz qalıb, həbsə alınıb. Turan İbrahimli də həmin vaxt Tərtər Hərbi Məhkəməsinin hökmüylə 9 il müddətinə azadlıqdan məhrum edilib. 5 il cəza çəkdikdən sonra bəraət alıb. "Tərtər işi” üzrə zərərçəkən kimi tanınıb. Nəsimi rayon Məhkəməsi həbsdə keçirdiyi 5 ilin mənəvi ziyanına görə ona 99 min manat təzminat ödənilməsinə qərar verib.

 

 

İşgəncələr nəticəsində həyatını itirən hərbçilər də var. İşgəncə verməkdə təqsirləndirilən şəxslərin məhkəməsi 1 ildən çoxdur ki, davam edir. Onlar ittihamları qəbul etmir, yüksək vəzifəlilərdən aldıqları əmrləri yerinə yetirdiklərini bildirirlər. Həmin vəzifəlilərin də məsuliyyətə cəlb olunmasını tələb edirlər.

 
 
Günel Əliyeva

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb