Texniki baxışın “ideal” ünvanı: Sumqayıt “mero” “Sədərək”də bazar açıb? - VIDEO

19:08 | 23.09.2018
Texniki baxışın “ideal” ünvanı: Sumqayıt “mero” “Sədərək”də bazar açıb? - VIDEO

Texniki baxışın “ideal” ünvanı: Sumqayıt “mero” “Sədərək”də bazar açıb? - VIDEO

Sumqayıtda avtonəqliyyat vasitələrinə texniki baxış yeni ixtisaslaşdırılmış müasir diaqnostika mərkəzində keçirilir

Yox, yox, bu, Azərtac dövlət agentliyinin illər əvvəl yaydığı rəsmi xəbərdir.

Anews.az Reportyor.info-ya istinadən xəbər verir ki, indi Sumqayıt qeydiyyat imtahan və texniki baxış şöbəsinin baş "diaqnostikası” Lökbatanda yerləşən "Sədərək” ticarət mərkəzidir.

Soruşa bilərsiniz ki, bu necə olur? Və sizi agah edirik ki, "Sədərək” bazarında Sumqayıt qeydiyyat imtahan və texniki baxış şöbəsinin dəllaları peyda olublar.

Onlar işini menecerlər kimi qurublar. Sanki turizm agentliyidir və kurorta turist göndərməklə məşuldurlar. Belə ki, onlardan biri Alverdi Səfərovdur.
Həmin şəxs Sumqayıt "MERO”nun "Sədərək” bazarındakı "distryubütorudur”. Bazarda əlində vizit kart gəzdirən Səfərov sürücülər üçün maşınlarını texniki baxışdan keçirdiyini elan edir.

Yəni, sürücü heç yerə getmədən, avtomobil texniki baxışdan keçmədən pulunu "makler”ə verir və tezliklə texniki baxış kağızını əldə edir. Bu fakt Reportyor.info əməkdaşının apardığı araşdırma və çəkiliş zamanı öz təsdiqini tapıb.

Təqdim edəcəyimiz video kadrlardan da görünür ki, A.Səfərov tanımadığı şəxsdən ona gələn zəngi açır, texniki baxışdan keçmək üçün lazım olan sənədləri vatsapla göndərməyi bildirir.

Sürücü avtomobilin texpasportunun şəklini Səfərovun vatsap nömrəsinə göndərir və işini həll edir. Əməkdaşımızın təqdim etdiyi kadrlardan görünür ki, bu xidmətinə görə ona 60 manat ödənilir, texniki baxış vərəqəsi verilir.

O, maşının mühərrikinə görə qiymətlərin fərqləndiyini bildirir və nə zaman kimə lazım olarsa, bu işi görməyə hazır olduğunu bildirir. Beləcə, Sumqayıt "MERO” əsl məkanını tapıb, elə açdığı bazarı "Sədərək” bazarında yerləşdirib.

Əvvəla sual yaranır ki, sürücülər niyə Sumqayıt "MERO”ya müraciət etmirlər? Çünki texniki baxış zamanı müxtəlif bəhanələr gətirilir, avtomobilin hansısa yerində problem aşkarlandığı deyilir və beləcə sürücülər incidilir, vaxt itirir.

Ona görə də "makler” vasitəsi ilə texpasport və pul "MERO”ya çatdırılır, yerindəcə həll olunur və heç bir əsəb keçirmədən, rahatlıqla bu kağız əldə edilir.

Yəni, Sumqayıtın "MERO” rəisi öz aləmində "ASAN xidmət” modeli yaradıb, müştəriləri əziyyətə salmır. Bu azmış kimi, "MERO”nun rəisi Mirəli Şıxəliyevin ezam etdiyi dəllallar çəkinmədən, utanmadan vizit kart da paylayırlar. Əcəbdir vallah…

Reportyor.infoxəbər verir ki, Sumqayıt "MERO”da bu ilk belə hal deyil. İllərdir ki, bu şöbə qanunsuzluqla, rüşvətxorluqla ad çıxarıb.
İnternetdə Sumqayıt "MERO” yazan kimi onlarla sürücülük vəsiqələrinin satılması, texniki baxış alınmasının təşkili barədə yazılara rast gəlmək olar.Bu yeni çəkdiyimiz kadrlar da illərdir ki, həmin söylənən faktların real təsdiqi oldu.

"MERO” rəisi M.Şıxəliyevin fəaliyyəti o həddə çatıb ki, "Sədərək”də bazar açaraq Daxili İşlər Nazirliyinin, nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin gördüyü işləri heçedir, gözdən salır, bazar səviyyəsinə endirir.

Bir neçə il əvvəl savash.org yazmışdı ki, Anar adlı "makler”vətəndaşa Sumqayıt "MERO”-nun rəis müavini İlkinin sürücülük vəsiqəsi üçün 1000 manat istədiyini bildirib.

Uzun çək-çevirdən sonra isə qiyməti 978 manata endiriblər. Anar, həm də sürücülük məktəbinin nümayəndəsidir. Bir sözlə, "MERO” rəisinin həm sürücülük vəsiqəsi, həm texniki baxış alverində hərtərəfli "maklerləri” var.

Mediada gedən xəbərləə görə, M.Şıxəliyev özünə əzəmətli villa inşa etdirib və sürücülük vəsiqələrinin "rüsum” artırılıb.
Hazırda onun 8 nəhəng villası var. Onlardan 1-i Novxanıda, 3-ü Masazır gölünün kənarında, 4-ü isə Şamaxıdadır. Həmin villaların qiyməti isə milyonlarla ölçülür.

Onun qohumlarından biri də Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin sabiq rəisi Ramiz Nəbiyevdir. Yəqin, bu şəxsin adı hər kəsə tanışdır.

Bir neçə il qabaq onun oğlu Elvin Nəbizadə «facebook»dakı şəxsi səhifəsində paylaşdığı bahalı avtomobil şəkilləri və pul valyutaları ilə diqqət mərkəzinə düşmüşdü.Bu fakt "MERO” rəisinin və çevrəsinin hansı varidata, kapitala malik olmasını əks etdirirdi.

Şübhəsiz, «MERO» rəisi bu qədər villaları, sərvəti yalnız məvacibi hesabına əldə edə bilməz. Çox güman ki, "Polad” ləqəbli rəisin dəllalları çox aktiv işləyirlər, video kadrlardan da göründüyü kimi…
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM