Amerikanın "The Jewish Journal” nəşri Xocalı faciəsindən sağ çıxmış Dürdanə Ağayevanın başına gəlmiş hadisələrdən bəhs edib. ANN.Az həmin məqaləni oxucuların diqqətinə çatdırır:
"Holokost kimi dünyanın digər yerlərində (Bosniya, Kambodja, Ruanda və digər bölgələr) də törədilmiş genosidləri yaddan çıxarmaq olmaz. Bu faciələr nəticəsində həlak olmuş insanların simalarını hamımız xatırlayırıq. Bu dəhşətlər elə hadisələrdəndir ki, sanki insan özü onları yaşayıb. Amma elə faciələr də var ki, onlar haqqında çox az şey bilirik. Bu müasir dünyada insanlığa qarşı yönəldiyinə inana bilmədiyimiz dəhşətlərdir. Mən 1992-ci ildə Xocalıda baş vermiş belə faciələrdən birinin canlı iştirakçısıyam. Mənim Xocalı faciəsindən sağ çıxmağım bir möcüzə idi.
Qadın, həm də müsəlman olmağım və ənənəvi düşüncənin qadağalarına görə, erməni silahlılarının mənim başıma açdığı oyunlar haqqında danışmaq asan deyil. İşgəncə görmüş birisi kimi mən bir neçə il evdə oturdum, heç bir yerə çıxmadım, hamıdan təcrid olunmuş vəziyyətdə, təkbaşına insanların başına min bir oyun gətirilmiş Holokost filmlərinə baxdım. Müqayisə etdim və gördüm ki, mənim öz başıma gətirilənləri - Xocalıda yaşadıqlarımı bu filmlər çox yaxşı ifadə edir. Yuxusuz keçirdiyim gecələrimdə özümü panikadan qorumaq üçün "Şindlerin siyahısı” və "Pianoçu” filmlərini yadıma salırdım. Həyatım tam izolyasiya ilə işgəncələrdən sonra səhhətimi bərpa etmək üçün aparılan ağır əməliyyatlar arasında keçib gedirdi. Əsrlikdə olmağımın ağır nəticələri ilə üz-üzə dayanmışdım. Sağlamlığımı bərpa etmək üçün onurğa sütunuma titan implantı köçürüldü. Bu prosesdən keçməyin hər bir anı dəhşətli ağrılarla müşahidə olunurdu.
Mən Azərbaycanda, Dağlıq Qarabağda yerləşən Xocalı şəhərində anadan olmuşam. Xocalı öz dövrünün sürətli inkişafı ilə seçilən şəhərlərdən biri idi. Orada mənim kimi gənclər üçün əla imkanlar yaradılmışdı.
1990-cı illərdə hər şey qəfil dəyişdi - Xocalı adlı şəhərdə ermənilər mülki insanlara qarşı dəhşətli, misli görünməmiş vəhşiliklər törətməyə başladılar. Amma təəssüf ki, dünyanın böyük bir hissəsi bundan xəbərsizdir. Qırğın 26 fevral 1992-ci ildə başladı. Mən qardaşımla qaçmağa çalışdıq. Fevral ayının dondurucu soyuğunda meşədə gizlənməyə məcbur olduq. Lakin əsr düşdüm, işgəncələrə, dözülməz iztirablara məruz qaldım. O zamanlar mənim cəmi 20 yaşım var idi...
Ermənistanın Xocalı faciəsində əllərinin olmasını inadla inkar etmələrini anlayıram, çünki onlar mülki insanlara qarşı bu səviyyədə, bu qəbildə vəhşilik törətmələrini etiraf etməkdən utanırlar, çətinlik çəkirlər. Mən, ailəsi ilə birgə iki yaşlı uşağın, hamilə qadınların, qocaların, avtomatların uclarında olan bıçaqlarla necə öldürüldüyünün canlı şahidiyəm. Bu kütləvi qətli törədənlər bu vəhşiliyə görə məsuliyyəti boyunlarına almaq istəmirlər. Onlar mənim həyatımı məhv etdilər və faciənin qurbanı kimi bu vəhşiliyi törədənlərin öz layiqli cəzalarını almalarını çox istəyirəm...
Mən yalnız işgəncələrdən və zorlanmalardan aldığım ağrılardan deyil, baş verənlər haqqında ictimayyətə geniş danışa bilməməyimin də dəhşətli əzabını çəkmişəm. Həm mənəvi, həm də fiziki olaraq ağrı yaşamışam. Sonda anladım ki, öz hekayətimi danımaqla sağala və sakitləşə bilərəm.
Bir neçə il ərzində mənim həyatım tamam dəyişdi. Ailəmin və ictimaiyətin köməyi ilə mən öz hekayəmi danışmağa başladım. Şəxsi həyatımın gizli bir hissəsi açıqlığa qovuşdu və sənədləşdirildi. Başıma gətirilən dəhşətləri qələmə almağa başladım.
2015-ci ilin fevral ayında Kaliforniyaya səfər etdim. Səfər çərçivəsində qlobal sülhə nail olmağa çalışan yəhudi icması ilə görüşdüm. Onlarla birgə ABŞ radiolarının birində öz hekayəmdən bəhs etdim. Psixoloqum və hazırda dostum olan Holokostu yaşamış biri ilə söhbət etmək mənə çox kömək oldu.
Los Anjelisdə sinaqoqların birində Xocalı ilə bağlı xatirə lövhəsinin olması mənim ağrılarımı bir az sakitləşdirdi. Yəhudi icmasının Holokost ilə Xocalı arasında parallelik aparması mənə böyük təsir bağışladı. Xocalı genosidi insanlığın ən iyrənc tərəflərini üzə çıxardan hadisələrdən biridir. Amma Los Anjeles icması ilə əməkdaşlıqdan sonra əlaqələr quruldu və səssizlik pozuldu. Bu mənim üçün hər şeyin dəyişdiyini göstərən məqam idi.
Öz sağalmağımla bağlı keçdiyim yolun bu və buna bənzər digər faciələri yaşamış qadınlar üçün də önəmli olduğunu anladım. Bunun vasitəsi ilə tənhalığın, utancaqlığın və aldığım psixoloji ağır zədələrin öhdəsindən gəldim. Əvvəllər düşünürdüm ki, öz hekayəmi heç vaxt danışa bilməyəcəm. İndi inanıram ki, dünyanın digər yerlərində dəşhətli faciə yaşamış insanlara kömək edə biləcəm. Mən təkcə genosid və işgəncə görmüş insanlara deyil, müharibədən kənarda, öz evlərində ağır işgəncələr altında yaşayan insanlara kömək etmək istəyirəm. Tam səmimi olaraq inanıram ki, bütün dünyaya bu kimi ağır faciə və soyqırımlar yaşamış insanlar tərəfindən məlumat verildikdən sonra, gələcəkdə hamı ağrının, genosidin və ya digər işgəncə növlərinin baş verməsinə mane olacaq".
Tərcümə etdi: Emin Aslan
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !