Sumqayıt məhkəmə kompleksində "Tərtər işi” üzrə keçirilən məhkəmə iclasında N saylı hərbi hissənin tibbi xidmət rəisi vəzifəsində çalışmış Bahadır Əhmədov dindirilib.
Müttəhimlər kürsüsəndə sabiq hərbçilər Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərov əyləşib.
Bahadur Əhmədov həm şahid kimi dindirilib, həm də ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. Hakim onun məhkəmədə verdiyi ifadəylə ibtidai istintaqa verdiyi ifadəsi arasında ziddiyətlər olduğuna görə bunu edib.
Bahadır Əhmədov kimdir?
Bahadır Əhmədov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tibb xidməti polkovnikidir. Bu il iyulun 25-də Prezidentin sərəncamı ilə "Hərbi xidmətlə görə” medalı ilə təltif olunub. Bu sərəncam imzalanandan əvvəl də, sonralar da "Tərtər işi” üzrə keçirilən məhkəmələrdə demək olar ki, bütün zərərçəkmişlər öz ifadələrində onun adını çəkib. Həmin ifadələrə görə, Bahadır Əhmədov 2017-ci ildə "vətən xaini” kimi damğalanan, hazırda isə zərərçəkmiş kimi tanınan keçmiş hərbçilərin guya düşmən tərəfindən cinsi zorakılığa məruz qalmalarına dair saxta rəylərin hazırlanmasında əli olanlardan biri hesab olunur. Bəs Bahadır Əhmədov özü nə deyib?
Bahadır Əhmədov məhkəmədə "mənim heç nədən xəbərim yoxdur, bu işlərə də qarışacağım olmayıb” deyib. Bu isə zərərçəkənləri özündən çıxarıb. Onlar hakimdən Bahadır Əhmədovun da cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.
Bahadır Əhmədovun ibtidai istintaqa verdiyi ifadəsi elan ediləndə məlum olub ki, o, N saylı hərbi hissənin tibb xidmət rəisi olarkən korpus komandiri, general-mayor Hikmət Həsənova, tibbi məsələlərlə bağlı isə Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi, general-mayor Natiq Əliyevə birbaşa tabe imiş.
Tibb rəisi kimi xidmət etdiyi hərbi hissənin komandiri isə polkovnik-leytenant rütbəli Hüseyn Əliyev olub. Bahadır Əhmədovun ifadəsinə görə, 2017-ci ilin aprel-mayında korpusun tibb xidmətində təxminən 100-115 həkim olub. 2016-ci ilin sonlarında xəbər yayılıb ki, hərbçilər arasında düşmənlə əməkdaşlıqda şübhəli bilinənlər arasında düşmən tərəfindən cinsi zorakılığa məruz qalanlar var. Bakıdan Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının və Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin cərrah-həkimləri gəlib. Onlar əsasən təmas xəttində xidmət edən hərbi quluqçuların cinsi zorakılığa məruz qalıb-qalmasını yoxlayıblar. Həkim-cərrah qrupu onun xidmət etdiyi hərbi hissədə də olub və eyni yoxlamanı aparıb. O isə bu məsələlərdə qrupa yalnız təşkilati işlərlə bağlı köməklik edib. Hərbçiləri müayinə edən qrup məlumatları onlardan gizli saxlayıb, bu məlumatları yalnız Nazirliyin Tibb Baş İdarəsinə məruzə ediblər.
"Yoxlamalar 2017-ci ilin yanvar-aprelində aparılıb. Həkimlər müəyyən hərbi qulluqçuların arxa keçəcək nahiyəsində şübhələr olduğunu demişdilər. Şübhəli bilinənlərin N saylı hərbi hissənin köhnə qərargah binasına sorğu-sualа aparılırdığını eşitmişdim. Mayın 2-də, ya da 3-də səhər saatlarında korpus komandiri Hikmət Həsənov rabitə vasitəsiylə məni yanına çağırdı. Tərtərin Şıxarx qəsəbəsindəki köhnə qərargah binasında bir neçə xəstə hərbi qulluqçu olduğunu, onlara tibbi yardım göstərmək lazım olduğunu dedi”, - Bahadır Əhmədov bildirib.
O hərbçilərə amansız işgəncələrin verildiyini görüb
Əhmədov ifadəsində daha sonra vurğulayıb ki, Hikmət Həsənovun tapşırığı ilə köhnə qərargahın binasına gedəndə orada hərbçilərə amansız işgəncələrin verildiyini görüb. Hikmət Həsənov ona işgəncədən səhhəti pisləşənlərə tibbi yardım göstərməsini tapşırıb.
"Silahlı Qüvvələrin Baş Klinik Hospitalının irinli cərrahiyyə şöbəsinin rəisi, praktoloq-cərrah Çingiz Quliyev də düşmənlə əməkdaşlıqda şübhəli bilinən hərbçilərin arxa keçəcək nahiyəsinin yoxlanılması üçün orada idi. Biz ora Hikmət Həsənovun tapşırığı ilə birlikdə getmişdik. Binanın həm ətrafında, həm də işərisində çoxlu sayda hərbi geyimli, üzü maskalı, əli silahlı var idı. Hələ həyətdə olanda binanın içərisindən dəhşətli bağırtı səsləri gəlirdi. Başa düşdüm ki, içəridə eyni anda xeyli insana işgəncə verilir. Öyrəndik ki, korpus komandiri Hikmət Həsənov ikinci mərtəbədə - hərbi hissə komandirinin otağındadır. Binanı mühafizə edən əli silahlılardan icazə alb həmin otağa çıxdıq. Hər mərtəbədə kəşfiyyatçılara xas qara hərbi geyimli, maskalı, əli silahlı gəzişirdi. Korpusun hüquqşünası Fuad Ağayev da Hikmət Həsənovun yanında idı. (İşgəncələrdə iştirak etməkdə və başqa cinayətlərdə təqsirləndirilən Fuad Ağayev da hazırda digər qrupun tərkibində eyni məhkəmə tərəfindən mühakimə olunur - red.)
Hər şeyə korpus komandiri Hikmət Həsənov rəhbərlik edirdi
Bahadır Əhmədovun ifadəsinə görə, Hikmət Həsənov ona və Çingizə Quliyevə düşmənlə əməkdaşlqıda şübhəli bilinənləri sorğuladıqlarını deyib.
"Hikmət Həsənov dedi ki, bu işlərə mənim adımdan Fuad Ağayev rəhbərlik edir. Onun sözündən çıxmayın, onun xəbəri olmamış, onunla məsləhətləşməmiş heç nə etməyin. Fuad Ağayev nə desə sözsüz əməl edin. Tapşırdı ki, işgəncədən halı pisləşən hərbi qulluqçulara tibbi yardım göstərək ki, ölməsinlər. Hikmət Həsənovun tapşırığı ilə işgəncə binasında daimi həkim növbətçiliyi təşkil olundu. Mənə binadan çıxmağı, korpusun qərargahına getməyi qadağan etdi. Mayın 9-da gecə saatlarında işgəncə ilə sorğu-sual olunan hərbi qulluqçular N saylı hərbi hissənin köhnə yataqxana binalarına köçürülənə kimi xidmətи yeri kimi gündəlik köhnə qərargahda olmuşam. Köhnə qərargah binasındakı otaqlarda əlləri və gözləri bağlı vəziyyətdə olan, tam lüt soyundurulmuş şəxslər otaqlarda yerdə otuzdurulmuşdu. Otaqlardan bağırtı, qışqırıq səsləri gəlirdi. Otaqlarda saxlanılan şəxslərin əksəriyyətinin bədəni üzərində qançır izləri, xəsarətlər, qan izləri vardı. Bu xəsarətlərə əsasən, onların ağır şəkildə işgəncələrə məruz qaldığını başa düşmək olurdu. Otaqlardan "danış, etiraf elə şərəfsiz, alçaq, erməniyə işləyən, petux, səni kim verib erməniyə? Ad ver, ad ver, etiraf eləməsən öləssən, satqın, səni kim zorlayıb?”, "vurmayın, eləməmişəm, öldüm, öldüm, yavaş ol, günahsızam, eləməyin, ermənilərlə əlaqəm yoxdur” kimi bağırtılar gəlirdi. Həmin otaqlarda lüt, əlləri və gözləri bağlanmış adamları dəmir, plastik truba (boru, - red), tros, armatur, yumruq, şillə və təpiklə döyürdülər. Başlarını su çəlləklərinə salıb boğurdular, üzlərinə əski atıb, ağızlarına su töküb, bədənlərinə KPM-1 markalı aparatla elektrik cərəyanı verirdilər. Bəzilərinin dırnaqlarını kəlbətinlə çəkib çıxarırdılar, bədənlərində siqaret söndürürdülər. Bu işgəncələri əsasən qara kəşfiyyatçı geyimində olan maskalı şəxslər verirdi”, - Əhmədov bildirib.
Tibb polkovniki işgəncələrdən daha geniş danışıb. Deyib ki, maskalı, hərbi geyimli şəxslər hərbçiləri işgəncələr altında sorğulayandan sonra Fuad Ağayevə kimin etiraf edib-etmədiyini məruzə edirlərmiş. Fuad Ağayev də öz növbəsində korpus komandiri Hikmət Həsənova məruzə edib. Binanın ikinci mərtəbəsində işgəncə yolu ilə "etirafları” alınanları birinci mərtəbəyə - Hərbi Prokurorluğun müstəntiqləri kimi tanıdığı şəxslərin yanına aparıb, ifadələrini alırlarmış.
"Mən Fuad Ağayevdən niyə insanları lüt soyundurub, işgəncə etdiklərini soruşanda "bunlar hamısı vətən xainidir, bunları belə eləmək lazımdır, şərəfsiz alçaq hərbi qulluçulardır, hamısı düşmənə işləyib, bunlara su da, yemək də vermək olmaz, bunları belə vahiməli və qorxulu vəziyyətdə saxlamaq lazımdır ki, düşmənlə əlaqələrini etiraf eləsinlər, yoxsa bu vəziyyətdə saxlamasan, işgəncə verməsən "etirafa” getməyəcəklər”, dedi. Hətta bildirdi ki, vətən xainlərini aşkar etdiyi üçün ona mükafat düşür. Orada çox işgəncələr vardı, hətta bir qulluqçu öz mobil telefonu ilə video və foto çəkiliş apardığından sonra onu da işgəncə etdilər. Bundan sonra Hərbi Dəniz Qüvvələrinin silahlı kəşfiyyatçıları, yəni SAT əməkdaşları gəldi, təxminən 40-45 nəfər olardı. İşgəncə yerini hərbi hissə qulluqçularından aldılar, hər şey onların nəzarətinə keçdi. Komandirləri də Cəfər Seyidov idi. Əsasən Hikmət Həsənovla və Fuad Ağayevin yanında olurdu. SAT köhnə qərargaha gələndən sonra işgəncə prosesləri bir az səngidi. İşgəncə yenə vardı, ancaq qara geyimli şəxslərin etdiyi kimi kor-koranə və dəhşətli şəkildə deyildi”, - Əhmədov vurğulayıb.
Hərbi prokuror gəldi, tapşırdı ki, elə edin, heç kim ölməsin
Polkovnik ibtidai istintaq ifadəsində daha sonra göstərib ki, 8-9 may 2017-ci il tarixdə düşmənin həmin köhnə qərargah binasını vurma şübhəsi olduğuna dair söz-söhbət yayıldığına görə, saxlanılan şəxsləri Yevlaxdakı N saylı hərbi hissənin köhnə yataqxana binalarına köçürüblər. O, vəziyyəti pisləşən şəxslərə ilkin tibbi xidmət göstərib.
N saylı hərbi hissəyə gəldikləri ilk günlərdə Hərbi Prokuror Xanlar Vəliyev və onun müavinləri, 25-30 nəfər müstəntiq heyəti oraya gəlib. Köhnə qərargah binasında istintaq hərəkətləri keçirməyə başlayıblar.
Tərtər cinayətlərinə görə tutulanlar Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar) və başqa maddələrlə ittiham olunurlar. İşlər də eyni hakimin icraatındadır. Vəkillər hesab edirlər ki, ya bu işlər birləşdirilməlidir, ya da ayrı-ayrı icraatda olan eyni işlərə eyni hakim baxa bilməz. Onlar hətta buna görə vəsatətlər də qaldırıblar. Ancaq təmin olunmayıb.
2021-ci ilin dekabrında "Tərtər işi” üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.
Günel Əliyeva
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !