Toylara pul əvəzinə “kitab at”an gənc: Bilirdim ki, neqativ reaksiyalar olacaq – FOTO

19:34 | 22.07.2019
Toylara pul əvəzinə “kitab at”an gənc: Bilirdim ki, neqativ reaksiyalar olacaq – FOTO

Toylara pul əvəzinə “kitab at”an gənc: Bilirdim ki, neqativ reaksiyalar olacaq – FOTO

"İndiki gənclər kitab oxumur” fikrini yəqin tez-tez eşidirisiniz. Müşahidələrə görə yeməkdə, geyinməkdə israfa yol verən bir çox insan kitaba pul tapmamaqdan şikayətlənir, min bir bəhanələr gətirir. Elə toy şənliklərimizin də adı tez-tez israf kəlməsi ilə yanaşı çəkilir. Bir çox toylarımızın ümumi xarakterisitikasını belə vermək olar: Az qala barmaq qoymağa yer olmayan süfrələr, uzaq-yaxın demədən məclisə dəvət edilən qonaqlar, sonda süfrələrdə qalan yarımçıq nemətlər, toydan yığılan pullar, restoranla haqq-hesab…
Toy sahibinin hesabını düzgün tutmadığı üçün qazancın mayanı basdığı, restoranın gəlinlə bəyi girov saxladığı hallar da az olmur.
Blogger Sərxan Rüstəmov da bu adət-ənənələr, bizi çətinliyə salan ənənələrə öz etirazını "toya kitab at” aksiyası ilə həyata keçirməyə başlayıb. İndiyəcən 4 toya "kitab atan” bloggerin bu addımı kimi tərəfdən təqdirəlayiq qarşılansa da, bəyənməyib daşlayanlar da var.
Bizimyol.info saytı bloggerlə müsahibəni təqdim edir.
 
-Aksiyaya necə başladınız?
– Kitab mağazasında kart diqqətimi çəkdi. Belə kartlara bir sıra mağazalarda rastlasam da, bu kartın üstünlüyü onda idi ki, balans bitəndə pul əlavə edib yenə də istifadə etmək olur. Elə bu ərəfədə yaxın qohumlardan birinin uşağı dünyaya gəlmişdi, biz də uşaqgördüyə gedəsi olduq. Adətən paltar alırlar, mən də fikirləşdim ki, onsuz da hamı paltar alır. Onsuz da uşaq böyüyür, paltar balaca qalır. Mən də istədim kitab kartı hədiyyə edim. Valideynlər uşaq psixologiyası ilə bağlı ya özləri üçün , ya da uşaqlarına kitab alıb oxuya bilər, hədiyyəm daha faydalı olar. Daha sonra fikirləşdim ki, ətrafımdakı dostların toyuna da gedəndə bu hədiyyədən istifadə edim. Çünki onsuz da toylarda yığılan pullar xərclənir, heç bilmirsən hara xərclədin.
-Dəstəkləyənlərlə yanaşı, bəyənməyənlər də var. Neqativ reaksiyalın olacağını düşünürdünüzmü?
– Onsuz da əvvəlcədən bilirdim ki, neqativ reaksiyalar olacaq. Amma ətrafımdakı insanların əksəriyyəti kitab oxumağa meyilli insanlardır. Düşündüm ki, dostlarımın toyuna kitab hədiyyə edim. Dostlarım onsuz da bunu yaxşı qarşılayacaq. Bir neçə nəfərin toya kitab hədiyyə etməsi ilə heç kəs heç kəsə borclu qalan deyil. Onsuz da qonaqların çoxu pul yazılır. Beləcə toya neçə manat yazılacamsa, karta o qədər məbləğ yükləyirəm. Beləcə cütlüklər də, öz zövqlərinə uyğun kitabı seçib ala və oxuya bilirlər. Toydan sonra gənc ailənin evində 10-15 kitab olur.

-Neçə toya "kitab atmısınız?”
– 4 toya. Bəy-gəlinlə şəkilləri sosial hesabımda "toyakitabat” haştaqı ilə paylaşmışam. Cütlüklər özləri də paylaşım edib, aksiyama dəstək olurlar.
-Ancaq yaxın dostlarınızın toyuna kitab hədiyyə edirsiniz, yoxsa dəvətnamə göndərən hər kəsə şamildir bu aksiya?
– Mən ancaq yaxın adamların toyunda iştirak edirəm. Uzaq qohumların toyuna valideynlərim gedir. Təbii ki, hər kəsin toyuna da kitab hədiyyə etmək olmur. Başa düşən insanların, yaxın olduğum adamların toyuna kitab hədiyyə edirəm.
-Aksiyanın təməlində yatan əsas niyyət kitab oxutmaq, kitab oxumağı təbliğ etmək idi, yoxsa daha çox toy adət-ənənələrimizdə ilişib qalmış tabulara qarşı durmaq, çərçivədən azad etmək?
– Kitaba diqqət çəkmək idi. Hər bir ailədə kitab rəfinin, kitabların da yer almasını təbliğ etmək. Eyni zamanda da toylarda pul yığmaq, israflı yemək-içmək mərasimlərinə öz etirazımı bildirmək.
-Deyənlər var ki, kitab kartını hədiyyə etdiyiniz mağazanın PR-nı aparırsınız. Buna münasibətinizi bilmək istərdim.
– Bəli elə də deyənlər var. Amma mən bu işə başlayanda mağaza özü də bilmirdi. Müsahibəmdə də adlarını çəkməmişəm ki, reklam olmasın. Özləri bircə dəfə dəstək üçün instagram səhifələrində paylaşıblar. Bu cür kartlar bir sıra kitab mağazalarında var. Lakin bunun üstünlüyü balans bitdikdə balansa pul əlavə edib istifadə edə bilmək olduğu üçün bunu seçmişəm.
-Aksiyanıza qoşulanlar varmı?
– Qoşulmaq istəyən, dəstəkləyənlər var. Bunu eləmək bir az rahat məsələ deyil. Hərə bir cür qarşılayır. Hətta zarafat edənlər olur ki, kitabın arasında at. Yəni, pul da yazıl, kitab da hədiyyə et. Adət-ənənəlrə qarşı radikal qohumu olanlar pul yazıla, simvolik olaraq 1 kitab da hədiyyə edə bilər . Özüm hələki ancaq kitab kartı hədiyyə etmişəm.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM