Oxu.Az-a bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şahan Transxəzər qaz kəməri reallaşa bilərmi? sualını şərh edərkən bildirib.
Ekspert bildirir ki, Türkmənistandan fərqli olaraq Avropa Komissiyası bu məsələdə çox ciddi aktivlik nümayiş etdirir:
"Avropa Komissiyasının prezidenti Maroş Şevçoviç bildirmişdi ki, Avropa Komissiyası ilə Türkmənistan arasında layihənin reallaşdırılması ilə bağlı danışıqların olmasını istəyir. O cümlədən qeyd etmişdi ki, Avropa Komissiyası 2011-ci ildə Azərbaycan ilə Türkmənistan arasında imzalanan birgə bəyanatın yenilənməsinin tərəfdarıdır”.
Ekspert bildirir ki, hələ ki, Türkmənistan tərəfi öz üzərinə boru kəməri ilə bağlı öhdəlik götürmək fikrindən uzaqdır.
"Türkmənistan qazını indiyənə qədər Rusiya, Çin, İran bazarlarına çıxarır, bununla da quru sərhədlərində işini bitmiş hesab edir, həm də Xəzərin dibindən boru kəmərinin çəkilməsi riskdir, bu riskləri bölüşmək lazımdır”.
İlham Şaban qeyd edir ki, Türkmənistan tərəfi hüquqi müstəvidə yanlışlığa yol verir:
"Türkmənistan BMT-yə səslənir ki, boru kəmərlərinin qorunması işini öz üzərinə götürsün. Avropanı da bu missiyaya səsləyir. Türkmənistan tərəfi başa düşmür ki, hələ 2014-cü ilin sentyabr ayında Xəzərin statusu ilə bağlı Həştərxan sazişində belə bir müddəa yer alıb ki, Xəzər dənizində 3-cü qüvvələr ola bilməz. Sual yaranır, bu halda Türkmənistan boru kəmərlərinin təhlükəsizliyini necə həyata keçirmək istəyir?”.
Türkmənistan, Azərbaycan və Türkiyə prezidentlərinin aprelin 24-də Çanaqqalada bir araya gəlməsi layihənin reallaşdırılması məsələsinə necə təsir göstərə bilər? sualına isə İlham Şaban bu cür ayınlıq gətirib:
"Siyasi və iqtisadi məsələlər biri-birinə mane olmur. Ancaq bunlar heç də o demək deyil ki, biri digərinin ilhamverici qüvvəsidir. Elə məsələlər var ki, bu iki dövlətin iradəsindən asılı olsun, elə məsələlər də var bu çoxlu məsələlərdən asılı olur. "Transxəzər” layihəsi Azərbaycan və Türkmənistanın layihəsi deyil, çünki burda Azərbaycan qaz alıcısı ölkəsi kimi çıxış etmir, Azərbaycan bu layihədə qaz tranziti həyata keçirən ölkə rolunu oynayır. Qaz alıcısı isə Avropadır. Əsas məsələ qaz alıcısı ilə qaz satıcısı arasında olan münasibətlərin həllidir ki, bundan sonra Azərbaycan özünün infrastrukturu ilə bu layihədə öz maraqları çərçivəsində iştirakını gərçəkləşdirə bilər” - deyə, Neft Araşdırmaları Mərkəzinin rəhbəri qeyd edib.
Məlumat üçün bildirək ki, "Transxəzər” qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !