Türkiyədə Soma mədən faciəsində dünyasını dəyişən 301 fəhlənin ailəsi üçün hökumət səfərbərlik elan etdi.
ANS PRESS-in məlumatına görə, müalicə, əmək fəaliyyətini müvəqqəti itirənlərə ödəniş, əmək fəaliyyətini birdəfəlik itirənlərə daimi məvacib, ölümə görə ödəniş, qız övlada ölümə görə aylıq maaş və cənazə ödənişləri barədə müzakirələr başa çatıb. Dünyasını dəyişən fəhlələrin ailələri ilə yanaşı mədən fəaliyyət göstərmədiyi üçün kredit borclarını ödəyə bilməyən işçilərə nəğd pul yardımı göstəriləcək. Fəhlələrin ailələrinə 1 500 lirədən çox maaş veriləcək, ailəli olmayan işçilərin valideynlərinə, onlar da vəfat edibsə qardaşlarına maaş veriləcək. Bəzi işçiərin mədəndə 1 həftə və ya 1 ay kimi qısa müddət işləməsi də nəzərə alınaraq onlar barədə də müvafiq qanuni dəyişikliklər aparılır və onlara da maaş veriləcək. Əmək və əhalinin sosial müdafiəsi nazirliyi mədəndə işləyən 2 595 nəfərin 3 ay işsizlik məvacibi alması üçün işə başlayıb. Kredit borcu olanların da yardımlardan istifadə etməsi təmin olunacaq. Mayın 13-də Manisa vilayətinin Soma rayonunda 301 fəhlənin ölümü, 486 nəfərin müxtəlif xəsarətlər alması ilə nəticələnən dəhşətli faciə baş vermişdi. Hazırda baş vermiş faciə ilə əlaqdar istintaq və təhqiqat işləri davam edir. Mədənin yenidən nə vaxt fəaliyyətə başlayacağı hələlik məlum deyil. Hökumət, mədən bağlı qaldığı müddət ərzində fəhlələrin ziyana düşməməsi üçün yeni tədbirlər görəcəyini açıqlayıb. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !