Turan qurultayı yekunlaşıb - FOTO

16:14 | 28.05.2014
Turan qurultayı yekunlaşıb - FOTO

Turan qurultayı yekunlaşıb - FOTO

24-27 May tarixində Qazaxıstanda Turan şəhərinin açılışı və bu münasibətlə keçirilən türk xalqlarının qurultayı yekunlaşıb.
Bu barədə qurultay iştirakçısı, Yeni Nəfəs Hərəkatının sədri Seymur Həsənli ANN.Az-a məlumat verib: “Otuz hektar ərazidə salınacaq şəhərdə hələ ki vahid ümumtürk mədəniyyət mərkəzi tikilib və məlum qurultay da həmin mədəniyyət mərkəzində keçirildi. Qurultayın ən böyük önəmi ondan ibarət idi ki, dünyanın müxtəlif yerlərindən türklər öz bayraqları və mədəniyyətlərini təbliğ edən geyim formaları ilə tədbirə qatılmışdılar. Yeməklərin hazırlanması, gecələmək üçün qurulan alaçıqlar, ümumiyyətlə hər bir şey qədim türk həyat tərzini xatırladırdı”. 
O, bildirib ki, Azərbaycan qurultayda 10-a yaxın nümayəndə heyəti ilə təmsil olunub: “Azərbaycan qurultayda ən yüksək səviyyədə iştirak edirdi. İctimai təşkilatlar, millət vəkili və jurnalistlər səviyyəsindəki qatılım qurultay iştirakçısı olan Saxa, Yakut, Tuva, Kalmık, Ahıska, Qırğız və s. türklərin böyük marağına səbəb olmuşdu. Üç gün davam edən qurultayda bütün türk xalqları nümayəndələri çıxış edərək milli problemlərini səsləndirdilər və Türk Dünyasına çağırışlarını oxudular. Sonuncu gün Türk Xalqları assambleyasının rəhbərliyi və müvafiq qurumların tərkibi seçilərək qurultay yekunlaşdı”.
Qeyd edək ki, qurultayda Azərbaycan,  Yeni Nəfəs Hərəkatının sədri Seymur Həsənli, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı, Xarici Dillər Universitetinin professoru Məhəmməd Teymurlu, AMEA-nın alimi, elmlər doktoru Babək Abuşov, ATXƏM-in icraçı direktoru, şair İlqar ilkin, Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, “Yeni Çağ” qəzetinin rəhbəri Aqil Ələsgər,  tanınmış jurnalist Tamilla Qulami və Azərbaycan-Türkiyə Evinin idarə heyətinin üzvü Cahandar Bayoğlu səviyyəsində təmsil olunub. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM