Türkiyədə fövqəladə vəziyyət elan olunduqdan sonra ölkədə idarəçilik "Fövqəladə vəziyyət haqqında” qanuna əsasən tənzimlənəcək.
Bu barədə "Report” "Anadolu” agentliyinə istinadən məlumat verir.
Məlumata görə, həmin qanuna əsasən ölkə ərazisində fövqəladə hal elan edildiyi gündən küçəyə çıxmaq məhdudlaşdırıla və ya qadağan edilə, müəyyən yerlərdə və ya saatlarda insanların gəzməsinə, toplanmasına, avtomobillərə tamaşa etməsinə qadağa qoyula, adamların üzəriləri, avtomobilləri, əşyaları yoxlanıla və əgər cinayət əşyası dəlil qismində nəsə aşkarlanarsa müsadirə oluna bilər.
Fövqəladə vəziyyət elan edilən bölgələrin sakinləri və bu əraziyə xaricdən gələn turistlərə üzərilərində şəxsiyyəti təsdiq edən sənəd gəzdirmək məcburiləşdirilə bilər.
Dövlətə və ya xüsusi şəxslərə aid təşkilatların, bankların daxili təhlükəsizliklərini təmin etmək üçün xüsusi mühafizə tədbirləri görülməsi və mühafizənin gücləndirilməsi tələb oluna bilər.
Həmçinin qanuna əsasən, hətta sənədi olsa da istənilən növ silah, döyüş sursatı, xüsusi vasitələr, zəhərli və ya partlayıcı maddələrin daşınması və ya ixracı qadağan oluna bilər. Digər tərəfdən, sözügedən maddələrin düzəldilməsi üçün lazım olan əşya, alət və vasitələr də müsadirə edilə bilər.
Konstitusiyanın "Əsas hüquq və azadlıqların istifadə edilməsinin dayandırılması” adlı 15-ci maddəsində müharibə, səfərbərlik, hərbi vəziyyət və ya fövqəladə hallarda, beynəlxalq hüquqdan qaynaqlanan öhdəlikləri pozmamaq şərti ilə vəziyyətin tələb etdiyi ölçüdə əsas hüquq və azadlıqların istifadə edilməsi qismən və ya tamamilə dayandırıla və ya bunlar üçün Konstitusiyada nəzərdə tutulan təminatlara zidd tədbirlər görülə bilər.
Heç kəs din, vicdan, fikir və qənaətlərini açıqlamağa məcbur edilə və bunlara görə təqsirləndirilə bilməz, günahı məhkəmə qərarı ilə müəyyən olunana qədər heç kəs cinayətkar sayıla bilməz.
Xatırladaq ki, Türkiyə Konstitusiyasına əsasən, fövqəladə vəziyyət ölkənin bir və ya birdən çox bölgəsində 6 aydan çox olmayaraq elan edilə bilir.
Qeyd edək ki, bu gündən etibarən Türkiyədə dövlət çevrilişinə cəhddən sonra 3 ay müddətinə fövqəladə vəziyyət elan olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !