Türkiyədə terror: Onların arxasında dayanan qüvvə kimdir? – AÇIQLAMA

17:00 | 14.03.2016
Türkiyədə terror: Onların arxasında dayanan qüvvə kimdir? – AÇIQLAMA

Türkiyədə terror: Onların arxasında dayanan qüvvə kimdir? – AÇIQLAMA

Türkiyənin paytaxtı Ankarada martın 13-də növbəti terror aktı baş verdi. Güclü partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə, yaralananların sayı isə 125 nəfərə çatdı. Terroru törədənlərin kimliyi bəlli olsa da, hələ ki, hansısa bir terror qrupu bu hadisənin baş verməsini boynuna götürməyib.

5 ay ərzində Türkiyədə üçüncü terror hadisəsinin törədilməsinin əsas məqsədi nədir? Bu hadisənin arxasında Rusiyanın izi görünürmü? Bəzi müxalif partiyalar terrorun tez-tez baş verməsinin əsas səbəbini Ərdoğanın səhv siyasət yürütməsi ilə əlaqələndirirlər. Bu doğru fikirdirmi? Qeyd edək ki, ikinci terror hadisəsi olmamışdan öncə də, indi də Türkiyə przidenti Ərdoğan Azərbaycana səfəri planlaşdırılmışdı. Terrorun məqsəd Ərdoğanın Bakı səfərinin qarşısını almaqdırmı? 

Bu sualları ANN.Az xəbər portalına eks-prezident Ayaz Mütəllibov, politoloq Elxan Şahinoğlu, Ələsgər Məmmədli və Milli Məclisin üzvü Fazil Mustafa şərh ediblər.
 

 
"Türkiyəyə İraqdan, Suriyadan keçən PKK-çıların da bu işi ola bilər" - Ayaz Mütəllibov

Eks-prezident Ayaz Mütəllibovun fikrincə, Türkiyədə baş verən terror hadisələri ölkədə gedən siyasi və iqtisadi qarşıdurmanın nəticəsi ola bilər: "Əlbəttə ki, bu proseslərdə xarici qüvvələrin də əli olduğu gözə çarpır. Son zamanlar Türkiyənin qüdrətli iqtisadiyyatı və regionda aparıcı qüvvəyə çevrilməsi, Suriyada və İraqda Kürdüstanın yaranmasına mane olması, faktiki olaraq Səudiyyə ilə strateji əməkdaşlığı və s. bu ölkəyə təzyiq vasitəsi kimi terror aktlara əl ata bilərlər. Hər şeydən əvvəl onu qeyd etmək istərdik ki, bu regionda ciddi geosiyasi hadisələr baş verəndə, PKK-nı aktivləşdirirlər. Türkiyəyə İraqdan, Suriyadan keçən PKK-çıların da bu işi ola bilər."

Sabiq prezident hesab edir ki, Rusiyanın burada əli olduğu deyənlər yanılırlar: "Çünki bu ölkə Türkiyəyə hələ 11 mart 2011 ildə Atatürk-Lenin müqaviləsini bərpa etməklə, onunla daha da yaxınlaşdı. Türkiyə də atom elektrik stansiyası və son illərdə isə qaz kəmərlərinin buradan keçməsini təklif etdi. Bu birlik yaransa idi, Türkiyə çox güclü dövlətə çevrlilirdi və Avropa ilə diktə ilə danışırdı. Çünki Avropanın bütün enerji aparıcıları Rusiyadan Türkiyəyə gedəcəkdi. Bizə elə gəlir ki, Türkiyəni ilə Rusiyanın yanaşmasını istəməyən qüvvələrin də işi ola bilər. Rusiyanın təyyarəsinin vurulması da bununla bağlıdır. Beləliklə Türkiyə böyük imkanlar itirdi: Rusiyadan bura gələn turistləri, Türk biznesmenlərinin açıq şəkildə Rusiyadan qovulması, kənd təsərrüfatı mallarına sanksiya qoyulması və s. Türkiyəyə böyük zərbə vurdu. Təyyarənin vurulması iki ölkə arasında başlayan dostluğa son qoya bilər. Odur ki, ölkədə baş verən bu aktların səbəbkarı kimi Türkiyənin rəhbərliyini göstərmək olar. Bu Azərbaycanın da zərərinədir. Qarabağın həlli məsələsini çətinləşdirir."

Ayaz Mütəllibov sonda bu terrorun Ərdoğanın Azərbaycana səfəri zamanına təsadüf etməsinə də münasibət bildirdi: "Əlbəttə ki, təsadüfüdür. Bunu demək üçün bizim əsasımız yoxdur. Ərdoğanın Bakıya gəlməsi heç nəyi dəyişdirmir və Azərbaycanın bu və ya digər proseslərə qoşulacağına dəlalət vermir. Aydındır ki, iki qardaş ölkənin rəhbərlərini görüşürlər. Azərbaycan prezidenti İlham Əliyev Türkiyə-Rusiya yaxınlaşmasına kömək edə bilər. Bu çox vacib məsələdir. Bunun Azərbaycan üçün də əhəmiyyəti var. Çünki Rusiya - Türkiyə dostluğu Azərbaycan üçün geniş imkanlar yaradır. Buna heç bir ölkə mane olmamalıdır."



"PKK bu terroru təkbaşına edəcək gücə sahib deyil” - Elxan Şahinoğlu

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu terror hadisəsinin Ərdoğanın apardığı siyasətlə əlaqədar olmadığını bildirib: "Ərdoğan terrora qarşı müharibəyə  başlayıb.  Haqlı olaraq kürdlərlə mübarizə edir. PKK-da intiqam hissi ilə yaşayır. Ona görə də məhz bu cür hadisələr yaşanır. Ölkədə yaşanan terrorun qurbanı günahsız sadə vətəndaşlardır. Amma PKK bu terroru təkbaşına edəcək bir gücə sahib deyil. Ola bilsin, onların arxasında böyük güc dayanır. 5 ayda Türkiyədə 3 terror hadisəsi baş verib. Həm də bu terrorların hamısı Türkiyənin ən çox mühafizə olunan bölgələrində baş verir. Faciəli hadisənin paytaxtın özündə baş verməsi isə dövlət üçün çox mənfi bir haldır”. 

Politoloqun fikrincə, sanki Türkiyəni Suriyayadan daha pis günə salmaq üçün xüsusi dəstə mövcud olub: "Türkiyə 40 ildir ki, terrora qarşı mübarizə aparır. İnanmıram ki, onlar terrorçulara qarşı boyun əyib təslim olsunlar”. 
Ekspert hesab edir ki, Ərdoğanın Azərbaycan səfəri öncəsi ard-arda iki dəfə terror aktının baş verməsi təsadüfi deyil: "Bəlkə də birinci səfər ərəfəsində terror aktı təsadüf olsun. Ancaq ikinci dəfə eyni hal eyni formada baş verirsə, artıq bu təsadüf deyil. Deməli, hansısa terror qruplaşması, yaxud onlrın arxasında dayanan siyasi qruplaşma Ərdoğanın bu səfərinin qarşısını almaq istəyir. Amma yaxşı ki, Türkiyə prezidenti bu dəfə səfərdən imtina etmədi. Çünki imtina etsəydi, bu PKK qarşısında qorxduğunu bəyan etmək olardı”.    

 
 

"Kənar müdaxilələr hesabına Türkiyədə terror böyüyür”  - Fazil Mustafa

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bu terrorda Rusiya məsələsinin böyüdüldüyünü deyib: "Məhz Türkiyə ilə Rusiya arasında münasibətlərin kəskinləşdiyi üçün terror aktının törədildiyini demək yanlışdır. Əsas məqam odur ki, Ərdoğan terrora qarşı mübarizəyə başlayandan bu halların sayı artıb. Ərdoğan siyasəti ilə bunu əlaqələndirmək səhv addımdır. Çünki Türkiyə demək olar ki, PKK-nı tam sıxışdırıb. İndi də belə hadisələrin baş verməsi terror yaradan qrupların kökünün, mənbəyinin dağıdılması ilə əlaqədardır. Ərdoğan da məhz bu siyasəti apardığına görə terror yaradanların axırına çıxır. Artıq bu işlərlə əlaqədar Diyarbəkır bölgəsində terrora qarşı mübarizə aparılır, onlara qarşı həmlələr edilir. Əvvəl terror qruplarına qarşı ölkədə müəyyən güzəştlər edildi, amma bunu Ərdoğanın yanlış siyasəti kimi qələmə vermək olmaz. Ancaq bu siyasətin dəyişilməsi ilə nəyinsə düzələcəyini də düşünmək doğru deyil.  Bu nəyisə dəyişməyəcək. Terrorun Tükiyənin mərkəzdə baş verməsi onu göstərir ki, bu aktlara beynəlxalq dəstək olur.  Kənardan müdaxilələr hesabına Türkiyədə terror daha da böyüyür”.  

Deputat hesab edir ki, Ərdoğanın Azərbaycana səfər ərəfəsində terror aktının baş verməsi sadəcə təsadüfdür:  "Guya Ərdoğan Azərbaycana gəlsəydi, nə dəyişəcəkdi ki? Biz bu səfərin əhəmiyyətini həddindən artıq şişirdirik. Bundan öncə baş nazir Əhməd Davudoğlu gəlib, prezidentin sözlərini əlaqədar qurumlara çatdırıb. Ancaq Ərdoğanın ABŞ-a səfəri zamanı belə bir hadisə baş versəydi, hardasa nəyəsə şübhə eləmək olardı. Çünki bəzi qüvvələr Ərdoğanın ABŞ-a səfər eləməsini istəmir”. 



"Türkiyə parlamentində təmsil olunan partiya terroru dəstəkləyir” - Ələsgər Məmmədli

Politoloq Ələsgər Məmmədlinin fikrincə, Türkiyə-Suriya münasibətləri pozulduqdan sonra terror aktlarının sayının artması təəssüf doğurur: "Ancaq bu terrorun baş verməsini Ərdoğanın daxili siyasətini səhv aparması ilə əlaqəndirmək doğru olmaz. Çünki Türkiyədə terror 40 ildən çoxdur davam edir. PKK terror qrupu  uzun illərdir minlərlə günahsız insanın ölümünə səbəb olub. Yəni Ərdoğana qədər də Türkiyədə terror aktları baş verib. Nə qədər ki, terrorun kökü tamamilə məhv edilməyib, yəqin bundan sonra da Türkiyədə terror davam edəcək.   Təəssüf ki, Türkiyədəki terroru ancaq kürd xalqı dəstəkləyir. Türkiyədə parlamentində təmsil olunan partiya terroru dəstəkləyir. Fikrimcə, məhz həmin partiyanın ölkədə törədilən terrorlardan xəbəri var. Hətta həmin terroru dəstəkləyənlər zaman-zaman bundan öz mənafelərinə görə hökumətə qarşı istifadə edirlər”.  

Ələsgər Məmmədli sonda qeyd edib ki, bu terrorun arxasında Rusiyanın olması gözlənilən deyil: "Ola bilsin, Ərdoğan və Putin hökuməti arasında hər hansı münaqişə olsun. Ancaq bu o demək deyil ki, Rusiya terror törətsin.  Bu iki ölkə arasındakı münaqişə Rusiyanın apardığı səhv siyasətinin nəticəsidir. Düşünmürəm ki, bunun Ərdoğan siyasəti ilə hansısa əlaqəsi var”. 
 
Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti