Trend-in məlumatına görə, dəyişikliklərə əsasən sərəncamın 1.1-ci və 2.1-ci yarımbəndlərində "emal müəssisələrinə satılmış” sözləri "tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş” sözləri ilə əvəz edilir.
Beləliklə, tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya veriləcək.
Bu sərəncamda tutulan subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir.
Nazirlər Kabineti tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş quru və yaş tütünə görə tütün istehsalçılarına subsidiya verilməsi qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etməlidir.
Dövlətimizin başçısı "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə də sərəncam imzalayıb.
Dəyişikliklərə əsasən sərəncamın 1.1-ci və 2.1-ci yarımbəndlərində "emal müəssisələrinə satılmış” sözləri "pambıq emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş” sözləri ilə əvəz edilsin.
Beləliklə, pambıq emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya nəzərdə tutulacaq. Subsidiya 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilir.
Nazirlər Kabinetinə pambıq emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına subsidiyanın verilmə qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində müəyyən etmək tapşırılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !