Ukrayna böhranı Eurovision səhnəsinə gəlir

23:53 | 08.05.2014
Ukrayna böhranı Eurovision səhnəsinə gəlir

Ukrayna böhranı Eurovision səhnəsinə gəlir

Ukrayna və Rusiya Eurovision-2014 mahnı müsabiqəsinin final mərhələsinə vəsiqə qazandıqdan sonra, mətbuatın diqqəti bu iki ölkənin üzərində cəmləşib.
Siyasətçilərdən və jurnalistlərdən tutmuş musiqi ekspertlərinədək - əksəriyyət bu qənaətdədir ki, hazırda Ukraynada davam edən siyasi böhran Danimarkada keçirilən mahnı yarışmasının nəticələrinə şəksiz təsir göstərəcək.
“Ukrayna Rusiyaya qarşı. Lakin bu dəfə döyüş meydanı pop səhnəsidir” – Britaniyada çıxan “The Independent” qəzeti yazır.
Məqalədə deyilir ki, Eurovision mahnı yarışı həmişə geosiyasətin təsiri altında olub, lakin bu dəfə Moskva və Kiyev öz çıxışlarından maksimum təbliğat mənfəəti götürməyə çalışacaq.
Rusiya bu dəfə özünün daha mülayim simasını göstərməyə çalışıb və yarışa 17 yaşlı ekizləri – Tolmaçova bacılarını göndərib. Bununla belə, artıq yeniyetmələr arasında Eurovision yarışının qalibi olmuş bacıları çərşənbə axşamı keçirilən yarımfinal çıxışında 10 minlik Danimarka auditoriyası küyə basıb.
Putinin mahnı yaradıcılığı?
"The Independent" yazır ki, bəziləri Rusiyanın yarış üçün seçdiyi “Shine” (Parıltı) mahnısının sözlərində prezident Putinin əlini görürlər. Mahnıda “bütün dünya bir az sevgi göstərsin” sözlərinin ardınca Ukraynaya işarə etdiyi düşünülən “uçurumun ucunda, cinayətin yanında, addım-addım xətti keç” misraları gəlir.
Lakin təhlilçilər bunu da bildirirlər ki, Tolmaçova bacılarının yarımfinalda küyə basılması heç də təkcə Rusiyanın Ukraynadakı aqressiv hərəkətləri ilə bağlı deyil.
Belə ki, Rusiya nümayəndələrinin çıxışı zamanı onların arxasında Rusiyada qəbul edilmiş antigey qanunlarına etiraz olaraq homoseksualların göy qurşağı rənglərini əks etdirən bayraqları dalğalandırılıb.
Mətbuat yazır ki, Rusiyanın homofob qanunları onun Eurovision yarışındakı nümayəndələrinin nəticələrinə birbaşa təsir göstərə bilər.
Rusiyada çıxan ingilisdilli “Moscow Times” qəzeti yazır ki, Rusiya Krımı ilhaq etdikdən və Ukraynanın şərqindəki qarışıqlığa müdaxiləsindən sonra ona qarşı beynəlxalq ictimaiyyətin rəyi mənfiyə doğru dəyişib. Üstəlik də antigey qanunlarının qəbulu Moskvanın imicinə kölgə salıb.
“Eurovision camaatının arasında çox sayda gey var...”
 
Ukrayna müğənnisi keçmiş prezident Yanukoviçin Regionlar Partiyasının tərəfdarıdır
“Time” jurnalının keçmiş əməkdaşı və Eurovision azarkeşlərinin Wiwibloggs internet saytının redaktoru William Lee Adams bu qənaətdədir ki, Rusiyanın nəticələrinə onun homoseksuallara dair qanunvericiliyi təsir edəcək.
"Eurovision camaatının arasında geylər geniş təmsil olunublar", - deyir jurnalist.
“Moscow Times” yazır ki, keçmiş sovet respublikalarından bu yarışda öz milli nümayəndələrinə səs vermək ixtiyarı olmayan tamaşaçılar adətən qonşularını dəstəkləyirlər. Bu mənada hər il Rusiyanı dəstəkləyən Ukrayna tamaşaçısı bu il özünü başqa cür apara bilər.
Qəzet yazır ki, siyasi hadisələr Belarus və Azərbaycan kimi ölkələrin çıxışını, çox güman təsirləndirməyəcək.
Qərb tamaşaçısı Ukraynanı dəstəkləyəcək
Lakin Rusiyaya gəlincə, Qərb tamaşaçısı tamamilə fərqli düşünə bilər.
“Qərb Rusiyanın mahnısına səs verməkdə tərəddüd keçirəcək, çünki çoxları bu mahnını Putin siyasətinin qəbulu kimi görəcəklər” – deyib Adams.
O əlavə edir ki, məhz bunlara görə Rusiya bu il iki məsum simalı yeniyetmə qızı yarışa göndərib. Moskvada düşünüblər ki, onları ən azı küyə tutmayacaqlar, lakin Rusiyanın fəndi işə keçməyib.
Maraqlıdır ki, Tolmaçova bacıları mediaya danışmaqdan imtina edirlər.
Onlardan fərqli olaraq Ukrayna nümayəndəsi, 21 yaşlı Yaremçuk mətbuatın suallarına cavab verib. Keçmiş prezident Yanukoviçin Regionlar Partiyasının tərəfdarı olan müğənni deyib ki, Ukraynanın bu siyasi böhrandan müstəqil və güclü dövlət kimi çıxacağına inanır.
Krım necə səs verəcək?
Britaniya mətbuatı yazır ki, Ukraynada baş verən böhranla bağlı Qərb tamaşaçısının hüsn-rəğbəti Kiyevə tərəf əyiləcək.
Başqa bir texniki problem də ondan ibarətdir ki, indi özünü Rusiya ərazisi hesab edən Krımın sakinləri yeni vətənlərinin nümayəndəsinə səs verə bilməyəcəklər. Hərçənd Qərb Krımı Rusiyanın tərkib hissəsi kimi tanımayıb və ora hələ də Ukraynanın teleməkanı sayılır.
Bununla belə, mərcqoşma firmalarının məlumatına görə builki yarışda nə Rusiya, nə də Ukrayna böyük uğur qazana bilməyəcək.
İlkin mərcqoşma nəticələri tamaşaçıların Ermənistan, İsveç, Macarıstan və Azərbaycan nümayəndələrinə daha rəğbətli olduqlarını göstərib.
BBC
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti