Ukrayna Müdafiə Nazirliyi antiterror əməliyyatının keçirildiyi Slavyansk şəhəri ətrafında 2 ədəd “Mi-24” helikopterinin vurulduğunu təsdiqləyib.
APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, hərbi helikopterlər Rusiyanın “dinc sakin” adlandırdığı şəxslər tərəfindən “PZRK” (Perenosnoy Zenitno-Raketnıy Kompleks - daşına bilən zenit-raket kompleksi) ilə vurulub. Nəticədə Ukrayna Silahlı Qüvvələrinin 2 hərbçisi həlak olub, bir neçə nəfər yaralanıb. Bundan başqa, atıcı silahlardan açılan atəşlə “Mi-8” helikopteri zədələnib. Bu olayda ölən və yaralanan olmayıb.
“Ukrayna Silahlı Qüvvələrinə qarşı “PZRK” silahından istifadə edilməsi Donetsk vilayətində “dinc etirazçılar”ın yox, yaxşı təlim görmüş və müasir texnika ilə silahlanmış peşəkar diversiya qruplarının fəaliyyət göstərdiyini sübut edir. Onlar terror aktları və təxribatlar törədərək bölgədə sabitliyi pozurlar”, - deyə Ukrayna Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
Xatırladaq ki, bu gün səhərə yaxın Ukrayna güc strukturları silahlı separatçı və terrorçuların əsas dayaq nöqtəsinə çevrilmiş Slavyansk şəhərində antiterror əməliyyatına başlayıblar. Şəhər ətrafında separatçıların qurduğu 10 blok-post təmizlənib və şəhərdəki televiziya mərkəzi azad edilib.
ANN.Az