Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə bu gün daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib.Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərində yerləşən düşərgədə uşaqlar üçün milli rəqs dərsləri və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil ediləcək.
Daha sonra uşaqlar Bakı şəhərinə qısa tanışlıq turuna cəlb ediləcəklər. Onlar İçərişəhər və Şirvanşahlar saray kompleksi, həmçinin Qız Qalası, dənizkənarı bulvar, Atəşgah məbədi, Yanardağ abidəsi ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı qazanacaqlar.
Növbəti günlərdə onların Bakı və bölgələrdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunması nəzərdə tutulur.
Qeyd edək ki, bundan əvvəlki 4 qrupla birlikdə ümumilikdə 150-ə yaxın ukraynalı uşaq Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !