Universitet rektorunun evi qarət olunub – FOTO

18:42 | 17.06.2019
Universitet rektorunun evi qarət olunub – FOTO

Universitet rektorunun evi qarət olunub – FOTO

Akif Süleymanov isə baş vermiş hadisədə adının hallanmaması üçün əməlli-başlı "əmək” sərf edib
Görünür, o, evindən aparılan pul və dəyərli əşyaların hesabatını verməkdən ehtiyat edir
Yaxud da ola bilsin ki, qarətçilər rektora qeyd olunandan daha çox ziyan vurub və bu səbəbdən də o, adının çəkilməməsini xahiş edib
Bugünlərdə Gəncədə oğurluq hadisəsi baş verib. Belə ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun yaydığı məlumata görə, iyun ayının 13-də Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki yaşayış evlərinin birində oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub. Dərhal Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 2000 dollar nağd pul, ümumi dəyəri 3000 manat olan iki ədəd qızıl saat, ümumi dəyəri 700 manat olan 2 ədəd mobil telefon və 500 manat dəyərində bəzək əşyaları oğurlanıb. Qeyd edək ki, rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş, 18 yaşlı Mahir Tağıyev, 23 yaşlı Xəlil Qarayev və 20 yaşlı Mayıl Həsənov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğruluq hadisəsini etiraf ediblər və oğurladıqları əşyaları satdıqlarını deyiblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

Akif Süleymanov
 
Nəzərinizə çatdıraq ki, sözügedən oğurluq hadisəsi ilə bağlı Hurriyyet.org-a daxil olan informasiyaya görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları təriəfindən saxlanılan şəxslər Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Şamil oğlu Süleymanovun evini qarət ediblər. İddia olunur ki, məhz bu səbəbdən də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun yaydığı məlumatda hadisənin nə zaman və kimlər tərəfindən törədildiyi, o cümlədən qarət zamanı evdən aparılan pul və qiymətli əşyalar barədə bilgilər əks olunsa da, evin kimə məxsus olması qeyd olunmayıb. Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin sözlərinə görə, Azərbaycan Texnologiya Universitetinin rektoru baş vermiş hadisədə adının hallanmaması üçün əməlli-başlı "əmək” sərf edib. Maraqlıdır, görəsən niyə? Axı burda qeyri-adi, ya da utanıb çəkinəcək heç nə yoxdur. Çünki oğurluq hadisəsi hər kəsin başına gələ bilər və heç kim bundan sığortalanmayıb. Görünür, Akif Süleymanovu narahat edən nəsə başqa məqam var. Kim bilir, bəlkə də o, evindən aparılan pul və dəyərli əşyaların hesabatını verməkdən ehtiyat edir. Yaxud da ola bilsin ki, qarətçilər rektora qeyd olunandan daha çox ziyan vurub və bu səbəbdən də o, adının çəkilməməsini xahiş edib. Təbii ki, hələlik bunları sadəcə ehtimal kimi irəli sürə bilərik. Lakin tezliklə bu barədə daha geniş məlumat əldə etməyə çalışacağıq. Hələlik isə Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov və yaxın adamlarının adının hallandığı digər olaylara diqqətinizi yönəltmək istərdik.
Beləliklə, 13 mart 2013-cü il tarixdən etibarən Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsində çalışan Akif Süleymanovun adı müxtəlif vaxtlarda nurçular və FETÖ ilə yanaşı hallanıb. Məsələn, bildirilir ki, adıçəkilən universitetin əməkdaşlarının qanuni hüquqları rektor Akif Süleymanov və onun oğlu Şamil Süleymanovun AZİNKA şirkətinin vasitəsilə təyin etdiyi prorektorlar Vüqar İsmayılov, Səbuhi Yusifov, Piri Axundov başda olmaqla, bir dəstə "nurçu” tərəfindən pozulmaqdadır. Bu barədə yayılan informasiyalara görə, Azərbaycan Texnologiya Universitetində maaş bölgüsü qeyri-qanuni və gizli aparılır. Nəticədə hər ay maaş yazılanda qeyri-qanuni tutulmalar olunur. Kollektivin əsas hissəsinin əmək haqqı 120-250 manat olduğu halda, Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanovun AZİNKA şirkətinin vasitəsilə təyin etdiyi prorektorların, dekanların, özlərinə yaxın hesab etdikləri şöbə müdirlərinin əmək haqları 1000-1500-5000 manat və daha yüksək yazılır. Bundan başqa, "Hürriyyət”in bir neçə gün öncə etibarlı mənbələrdən əldə etdiyi informasiyada qeyd olunur ki, Türkiyə Ali Təhsil Şurası (YÖK) Azərbaycan Texnologiya Universitetinin FETÖ ilə bağlantısı ehtimalını nəzərə alaraq, onu tanımamaq haqda qərar verib. Belə ki, YÖK-ün qərarında bildirilir ki, İdarə Heyətinə müvafiq qurumlardan təqdim edilən məlumatlara əsasən, Ali Təhsilin Baş Assambleyası 07.03.2019-cu il tarixli FETÖ / PDY iclasında, diplomun ekvivalentliyə tətbiqi üçün İdarə Heyətinə müraciət edən və ya daha əvvəl tətbiq olunan və başa çatan, tərif və bərabərlik tələblərinin qiymətləndirilməsi və qiymətləndirilməsi ilə bağlı olan xarici ali təhsil müəssisələri ilə əlaqəli olan, Azərbaycanın ali təhsil müəssisələrindən biri olan "Azərbaycan Texnologiya Universiteti”ni tanımmamaq qərara alındı.
Məsələnin maraqlı tərəfi ondadır ki, Azərbaycan Texnologiya Universitetinin hər hansı yetkili şəxsi, o cümlədən ali təhsil ocağının rektoru Akif Süleymanov Türkiyə Ali Təhsil Şurasının sözügedən qərarı ilə bağlı heç bir rəsmi açıqlama ilə çıxış etməyib. Yəni onlar universitetin FETÖ ilə əlaqəli olmasını təkzib etməyiblər. Bu isə öz növbəsində, YÖK-ün qərarının doğruluğunu təsdiqləməyə əsas verir. Məhz bu səbəbdən də ümid edirik ki, Azərbaycanın Təhsil Nazirliyi, o cümlədən hüquq-mühafizə orqanları qısa zaman ərzində həm Texnologiya Universiteti, həm də onun rektorunun fəaliyyəti ilə bağlı müvafiq araşdırmalara başlayacaq. Çünki burada söhbət kifayət qədər ciddi ittihamlardan, eyni zamanda qardaş ölkələr olan Azərbaycanla Türkiyənin münasibətlərinə xələl gətirə biləcək məqamlardan gedir.
Bu arada, onu da vurğulamaq lazımdır ki, əldə etdiyimiz bilgilərə görə, Akif Süleymanovun evini qarət edildikdən sonra onun sürücüsü işdən azad olunub. Bu barədə Hurriyyet.org-u məlumatlandıran mənbə belə bir versiya irəli sürür ki, rektorun evinin qarət olunmasında onun sürücüsünün də bu və digər formada iştirakı olub. Mənbənin sözlərinə görə, rektorun evini qarətçilərə sürücü "navodka” verib. Hurriyyet.org olaraq birmənalı şəkildə bunun doğru olduğunu iddia etməsək də, Akif Süleymanovun evinin qarət olunmasını gizli saxlamağa çalışması bir sıra şübhələr ortaya çıxarır. Ümid edirik ki, hüquq-mühafizə orqanları baş vermiş cinayət hadisəsi ilə bağlı bütün detalları ən incə məqamlarınadək araşdıracaq.
"Hürriyyət”in Araşdırma Qrupu
P.S. Yaxın günlərdə Azərbaycan Texnologiya Universitetinin 45 illiyinə həsr olunmuş tədbirdə iştirak edən şəxslərin kimliyi ilə bağlı ətraflı məlumat verəcək, o cümlədən adıçəkilən ali təhsil ocağının rektoru Akif Süleymanovun köməkçisinin ölkəni tərk etmə səbəblərinə aydınlıq gətirəcəyik. Bizi izləyin!
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti