Ailədə sağlamlıq imkanları məhdud olan övladın varlığı problemdir, amma onun atılması, yaxud qayğısına qalınması üçün dövlətin himayəsinə verilməsi həmin problemi daha da böyüdüb, dərdə çevirməkdədir. Sağlam övlad böyütmək hər bir valideynin arzusudur, amma məharət ondadır ki, belə məhdudiyyəti olan uşaqları böyüdüb cəmiyyət üçün yararlı edə biləsən...
Hazırda xeyli sağlamlıq məhdudiyyəti olan uşaqlar var ki, onların məsuliyyəti dövlətin üzərinə düşüb. 4 nömrəli Respublika Xüsusi İnternat Məktəbində 193 uşaq təlim-tərbiyə alır, eyni zamanda onların əksəriyyəti reabilitasiya keçir.
Bugünlərdə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bu internat məktəbdə şənlik təşkil olundu. Balacalar hazırladıqları səhnəcikləri nümayiş etdirirərək özlərinin hansı bacarqılara sahib olduqlarının göstərdilər.
Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin tədris işləri üzrə direktor müavini Yeganə Məmmədəliyeva ANN.Az-a açıqlamasında bildirib ki, artıq 1 ilə yaxındır buradadır: "Əvvəllər bizim bu məktəbin nəzdində fəaliyyət göstərən Reabilitasiya Mərkəzinin rəhbəri olmuşam. Sonradan isə bu məktəbdə fəaliyyət göstərməyimi məsləhət bildilər. Çünki bizim məktəbimizdə sağlamlıq imkanları məhdud olan uşaqlar təhsil alırlar, onların fərdi tədris proqramına, xüsusi metodikaya ehtiyacları var. Əfsuslar olsun ki, Azərbaycanda hələ də sağlamlıq imkanları məhdud olan uşaqlarla iş prinsipi klassik üslubda - yəni ənənəvi üslubda, possovet sisteminin metodikasına uyğun aparılır. Ancaq biz bir çox beynəlxalq konfranslarda, təlimlərdə iştirak etdirik, beynəlxalq təcrübəni mənimsəyirik, məlumatlar toplayırıq. Ona görə də istəyirik ki, respublikda müasir metodikalardan istifadə olunsun”.
Direktor müavini bu tip xüsusi tədris müəssisələrində tədris proseslərinin adi orta məktəblərdən fərqləndiyini deyib: "Burada tədris daha sadələşdirilmiş formada həyata keçirilir. Daha başa düşülən, asan üsulda. Buna baxmayaraq, yenə də bu uşaqların təhsili üçün xüsusi proqrama ehtiyacları var. Biz belə uşaqlar üçün fərdi proqramlar tərtib edirik. Baxmayaraq ki, bir sinifdə 10-12 uşaq olur, inklüziv təhsil prinsipinə əsaslanan müəllim fərdi yanaşma metodikasından istifadə edir”.
Yeganə Məmmədəliyeva təhsilləri bitdikdən sonra buradakı uşaqları sahibsiz qoymadıqlarını bildirib: "Onları qətiyyən başlı-başına buraxmırıq. Uşağın valideyni varsa, onlara təhvil veririk. Yoxdursa, ya vəfat edibsə, yaxud ata-ana ayrılıblar və övladlarına sahib durmurlarsa, ümumiyyətlə. uşaqdan imtina olunubsa, o zaman biz uşağı qəyyum ailəyə veririk. Əgər qəyyum ailədə tapa bilmiriksə, iri yaşlı uşaqlar üçün ixtisaslaşan müəssisələrə yollayırıq”.
Direktor müavini internat məktəbdə autizmli uşaqların da olduğunu vurğulayıb: "Klassik autizmli uşaqları biz heç vaxt digər yaşıdlarından ayırmırıq. Onlar digər uşaqlarla bir yerdə təhsillərini davam edirlər. Bizdə piktoqram deyilən bir metodika var ki, o fotolarla tədris deməkdir. Yəni əsasən ağ-qara fotolarla dərs keçirilir. Əgər fotolar rəngli olarsa, uşaqları rəngarənglik cəlb edə bilər. Ümumiyyətlə, ola bilməz ki, gün ərzində biz uşaqlara heç nə öyrətməyək. Bizdə əmək yönümlü ixtisaslar var və burada yuxarı sinifdən olan uşaqlar təhsillərini davam etdirirlər. Əgər bu uşaqların tədris prosesi 42 saatlıqdırsa, onun 21 saatı əmək yönümlü ixtisaslara ayrılır. Məqsəd odur ki, onlar məyyən bir peşəyə yiyələnə bilsinlər”.
Məktəb rəsmisinin sözlərinə görə, hazırda 96 uşaq bu məktəbdə təhsil alır: "Uşaqların əksəriyyəti regionlardan gətirilib. Elə valideynlər var ki, gəlib mütəmadi olaraq uşaqları ilə maraqlanır. Yemək, yatmaq, müalicə şəraiti ilə yaxından maraqlanırlar. Elə valideynlərdə olur ki, heç gəlib maraqlanmırlar. Bu ən çox atalar olur. Əgər onların həyat yoldaşı vəfat edibsə, ya ikinci dəfə ailə həyatı qurublarsa, gəlib uşaqları ilə maraqlanmırlar. Ancaq o vaxt yadına düşür ki, bu uşaq hərbi hissədən hər hansı bir sənəd almalıdır, yaxud ona şəxsiyyət vəsiqəsi alınmalıdır və s. Biz onda valideyni dəvət edirik ki, heç olmasa bu sahədə gəlib bizə kömək etsinlər. Burdakı uşaqlar üçün ən həssas məsələ ailə ilə bağlıdır. Hətta tədris vaxtı bizim qarşımıza ailə ilə bağlı bir mövzu çıxanda biz uşaqlara son dərəcə həssaslıqla davranırıq. Bu uşaqları öz övladlarımızdan belə ayırmırıq. Bəzən öz övladımızın adının bu uşaqların adı ilə eyni olduqda deyirik ki, mənimdə uşağımın adı sənin adınla eynidi, siz də bizim balalarımızsınız. Biz onlara öz anaları, doğmaları kimi yaxın ola bilməsək də, bu cümlələr uşaqlar üçün sanki bir dəstəkdir, təsəllidir. Baxmayaraq ki, bir uşağın valideyni 2 ildir ki, heç gəlib ona baş çəkmir, ancaq o uşaq valideynlərinin yolunu elə həsrətlə gözləyirlər. Bəlkə də valideynlərinin simalarını belə unudublar, ancaq onların yolunu hələ də gözləyirlər”.
Yeganə xanım sonda bu işdə çalışanların birinci növbədə çox səbirli olmalarının vacib olduğunu vurğulayıb: "Oğlum daun sindromlu bir uşaqdır. Ona görə də yaxşı bilirəm ki, bu uşaqlarla məşğul olan insanlarda birincisi səbr, ikinci təcrübə, üçüncü akademik bilik, dördüncü yenilənmək istəyi olmalıdır. Bayaq dediyim kimi, biz bu xəstəliklərlə klassik üslübda davrana bilmərik. Çünki hazırda inkişaf çox sürətli şəkildədir. Biz belə anlarda klassikanı kənara qoyub beynəlxalq təcrübəyə əsaslanmalıyıq”.
«Günərzi» Reabilitasiya – İnkişaf Mərkəzinin psixoloqu Nübar Həsənova ANN.Az-a 6 ildir bu sahədə çalışdığını deyib: "Bu sahədə çalışmaq üçün daha həssas və səbirli olmaq lazımdır. Biz bu mərkəzdə uşaqların psixoloji vəziyyətləri ilə daha yaxından maraqlanırıq. Uşaqları müayinə etdikdə ilk olaraq onlara diaqnoz qoyulur. Diaqnozlarda autizm, hiperaktivlik, daun sindromu, ünsiyyətdə problemi olan uşaqlar, diqqətində problem olanlar və psixoloji vəziyyəti yaxşı olmayanlar və s. var. Gün ərzində uşaqlarla maraqlanır, öncə onları qiymətləndirməyə cəlb edirik. Yəni müayinə etdikdə ilk bu uşağın hansı problemlərini olduğunu aşkarlayırıq. Daha sonra bunun əsasında biz fərdi planlar hazırlayırıq. Biz bu prosesləri həyata keçirdikdən sonra gələn dəfə o uşağı müayinə üçün psixologiya otağına gətirdikdə, artıq bilirik ki, uşağı hansı mərhələyə kimi müayinə etmişik. Misal üçün, hazırda müayinə etdiyim uşağın ilkin qiymətləndirməsi yaş səviyyəsinə görə bir az aşağıdır. Buna görə biz hazırda bu problemin üzərində bacardığımız qədər çalışırıq. Əsasən də uşağın diqqətinin yoxlayırıq, çünki bu kimi hallarda diqqətdən yayınma hallarına daha çox rast gəlinir. Ən çətin xəstəliklərdən biridə məhz autizmdir. Hazırda mərkəzdə autizmli uşaq yoxdur. Amma autizmli uşaqlar çalışmaq bir çox çətindir. Çünki bu uşaqların təfəkküründə problemlər olur. Autizmli uşaqlar əsasən uzun cümlələr qura bilmir. Belə uşaqlar qısa, 2 sözlük cümlələr qururlar. Cümlədə də sözün əvvəlini deyirlər, axırına deyə bilmirlər. Amma bütün bunlara baxmayaraq bizim bu uşaqlarla olan münasibətimiz öz uşaqlarımızla davrandığımız kimi daha həssas, yaxın və doğmadır».
Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbinin musiqi müəlliməsi Gövhər Nəzərova 40 ildir bu sahədə, həmçinin bu məktəbdə çalışdığını deyib: "Uşaqlarla çalışmaq çətin olsa da işləyirik. Bu uşaqlarda digər sahələrə nisbətən musiqi sahəsinə maraq çox güclü olur. Yavaş yavaş öyrənməyə başlayırlar. Artıq nağarada ifa edən uşağımız var. Digər uşaqlarda öyrənməyə çalışırlar. Bu vaxta kimi musiqi alətlərimiz çox az olub. Amma bu ildən sağolsunlar bizlər üçün yaxşı şərait yaradıb, bütün musiqi alətləri ilə təmin ediblər.
Təhsil Nazirliyi nəznində de-instutlaşma və uşaqların müdafiəsi idarəsinin şöbə müdiri Kərimov Həbib jurnalistlərə açıqlamasında öncə uşaqlar üçün təşkil olunmuş yeni il şənliyindən söz açıb: "Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində uşaqlar üçün keçirilən yeni il şənliyi çox gözəl təşkil olunub. Uşaqların şeir deməsi, rəqs etməsi, müxtəfil səhnəciklət hazırlaması bizlər üçündə çox xoş oldu. Onların özlərini necə şən və xoşbəxt hiss etdiklərinin şahidi sizlərdə oldunuz.”
Şöbə müdirinin sözlərinə görə internat məktəbi Heydər Əliyev fondu tərəfindən 2015-ci il noyabrın 23-də yenidən tam təmir olunub: "İnternat məktəbində hazırda 98 uşaq təlim tərbiyə alır və yaşayırlar. Burada olan uşaqlar həm valideyn himayəsində məhrum olmuş uşaqlardı, həm də sağlamlıq imkanları məhdud olan uşaqlar qalırlar. Burda olan 98 uşağa 103 nəfər texniki heyət xidmət göstərir.Uşaqların müxtəlif peşə bacarıqlarını formalaşdırmaq üçün, internat məktəbində müxtəlif otaqlar(xalçaçılıq, çilingərlik, dulusçuluq, dülgərlik otaqları) var ki, orada uşaqların bu fəaliyyətlə məşğul olması üçün imkan yaradılıb. Buda uşaqların inkişaf üçün bir səmərədir. Həmçinin bu uşaqlarda olan potensialı bir nöqtəyə qədər qaldıracaq ki, gələcəkdə müstəqil həyatda olarkən, onların özləri artıq bir peşə sahibi olacaqlar”.
Həbib Kərimov eyni zamanda müəssisənin nəznində «Günərzi» Reabilitasiya – İnkişaf Mərkəzində fəaliyyət göstərdiyini qeyd edib: "Bu mərkəzdə həm internat məktəbinin uşaqları, həm də kənardan gələn uşaqlar reabilitasiya xidmətinin imkanlarında istifadə edirlər. Burada müəyyən nitq problemləri, əqli problemləri olan uşaqlara psixoloqlar, loqopedlər tərəfindən xidmət göstərilir. Özünüz də şahidi oldunuz ki, bu kimi uşaqlarla işləmək çox çətindir. Amma buna baxmayaraq bu müəllimlərin fəaliyyəti nəticəsində uşaqlar bir çox naliyyətlər əldə ediblər. Uşaqların öyrədilməsi çox çətin iş olsada, müəllim heyəti bu işin öhdəsindən bacarıqla gələ bilib, uşaqların müəyyən bacarığa sahib olmasında əllərində gələni ediblər.”
Orxan Aslanlı
Bizi sosial şəbəkələrdə izləyin !