Vasif Talıbovun deputat seçilən oğlu haqda maraqlı məlumatlar - FOTO

14:26 | 23.02.2020
Vasif Talıbovun deputat seçilən oğlu haqda maraqlı məlumatlar - FOTO

Vasif Talıbovun deputat seçilən oğlu haqda maraqlı məlumatlar - FOTO

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun deputat seçilməsi Talıbovlar ailəsini yenidən medianın gündəminə gətirib. 
"Yeni Sabah” bildirir ki, bu, S. Talıbovun ilk deputatlığı deyil. O, 2015-ci ildə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə də deputat olub. 
S. Talıbovla bağlı internet resurslarda kifayət qədər informasiya mövcuddur. O, media üçün qapalı olmayan məmur övladlarındandır və zaman-zaman haqqında KİV-də məlumatlar yayılıb. 

S. Talıbov kifayət qədər gənc olmasına baxmayaraq, elm sahəsində alimlik dərəcəsi alıb. Onun London Universitetində ali təhsil aldığı, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifəsində işlədiyi haqda məlumatlar mövcuddur. 
Oğul Talıbov 2014-cü ildə Ali Attestasiya Komissiyasına hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi təqdim edib. "Regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri” adlı elmi işdə Xəzər regionunda enerji təhlükəsizliyi məsələlərindən bəhs olunub. 
S. Talıbov 2017-ci ildə dəbdəbəli toyu ilə gündəmə gəlib. Onun "Buta Palace”da etdiyi toy məclisinə ölkənin tanınmış şəxsləri dəvət alıb. Seymur Naxçıvan MR-nın daxili işlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurub. 
2019-cu ilin mayında S. Talıbov Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovun əmri ilə Federasiyanın vitse-prezidenti təyin edilib. 
Onu da qeyd edək ki, bir neçə ildir mediada S. Talıbovun atasının yerinə - Naxçıvan MR-nın Ali Məclisinin sədri postuna hazırlanması haqda iddialar yayılmaqdadır. Bu xəbərlərdə bildirilir ki, onun son zamanlar ictimai həyatda aktivliyi 9 fevral seçkilərindən sonra AM sədri olacağı ilə bağlıdır. 
İddialara görə, Naxçıvan MR Ali Məclisi sədrinin bu planı rəsmi Bakı tərəfindən bəyənilməsə də, muxtar iradə öz arzusunu həyata keçirməkdə israrlıdır. Seymur Talıbovun Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyasına rəhbərlik etməsi də varis planı ilə əlaqələndirilir. 
20 ildir Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Vasif Talıbovun isə Naxçıvandan Bakıya daha yüksək vəzifəyə gətiriləcəyi də iddialar sırasındadır. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM