Vəkillər Vidadi Zeynalova bəraət istədi

16:40 | 21.06.2017
Vəkillər Vidadi Zeynalova bəraət istədi

Vəkillər Vidadi Zeynalova bəraət istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.
 
APA-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən Vidadi Zeynalovun vəkili Bəylər Məmişov bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə elan olunan ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib. Onun sözlərinə görə, V. Zeynalovun vəzifə səlahiyyətində nazirliyin maliyyə məsələlərinə nəzarət olmayıb: "Bu baxımdan ona qarşı dövlət əmlakını mənimsəmə ittihamının verilməsi absurdur. Çünki dövlət əmlakının onun sərəncamına verilməsi qeyri-mümkün idi. Nazirliyin aparat rəhbəri olan Vidadi Zeynalov maddi-məsul şəxs olmayıb. Məhkəmə istintaqı zamanı da istintaq orqanının irəli sürdüyü ittihamların Vidadi Zeynalova aidiyyəti olmaması sübuta yetirilib. Təqsirləndirilən digər şəxslər və şahidlər məhkəmədəki ifadələrində Vidadi Zeynalov tərəfindən hər hansı qanunsuz göstəriş verilmədiyini deyiblər. Digər tərəfdən, Vidadi Zeynalovun müəyyən insanlara aylıq paket formasında əmək haqqı verməsi birbaşa rəhbərliyin göstərişi ilə olub. Yəni, onun yerinə kim olsaydı, rəhbər şəxsin əmrini yerinə yetirərdi. Burada da məsuliyyəti Vidadi Zeynalov yox, rəhbər şəxs daşıyır. Bu baxımdan mən hüquqlarını müdafiə etdiyim şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyirəm".
 
B. Məmişov V. Zeynalov tərəfindən dövlətə vurulan ziyandan 4 milyon 200 min manat ödənildiyi barədə qəbzi məhkəməyə təqdim edib.
 
V. Zeynalovun digər vəkili Elxan Süleymanlı da çıxışında hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib. O deyib ki, istintaq materiallarında "P.L.Z" MMC və "Fərid-R" çoxsahəli istehsalat firmalarının V. Zeynalovun himayəsi altında fəaliyyət göstərməsini sübut edən dəlillər yoxdur: "Vidadi Zeynalov məhkəmədə də həmin müəssisələrin ona münasib şəxslərə məxsusluğunu inkar etmədi. Amma bu o demək deyil ki, həmin müəssisə rəhbərlərinin Vidadi Zeynalovla yaxınlığı günah və təqsir hesab edilməli, Vidadi Zeynalovdan qanunsuz hesablamalar tələb edilməlidir".
 
Beytulla Hüseynovun vəkili Vilayət Nadirov isə çıxışında qeyd edib ki, B. Hüseynov vurulmuş ziyanı tam ödəyib və buna görə azadlığa buraxılmalıdır: "Buna görə sizdən xahiş edirəm ki, 70-ci maddəni tətbiq edib, onu azadlığa buraxasınız, özünün və qohumlarının əmlakına qoyulmuş həbsi götürəsiniz".
 
Məhkəmə digər vəkillərə çıxış üçün vaxt verib.
 
Proses iyulun 5-də davam etdiriləcək.
 
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən V. Zeynalovun 14 il, B. Hüseynovun 15 il, A. Mustafayevin 8 il, Q. Bəybalayevin 10 il, E. Məmmədovla N. Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərdən M. Məmmədov, C. Cəfərov, S. Hümbətov, B. Vəliyev və O. Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.
 
Prokuror xahiş edib ki, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları dəymiş ziyanın ödənilməsinə yönləndirilsin və həmin əmlakların üzərindən həbs götürülməsin.
 
Xatırladaq ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti”, "Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
 
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
 
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom” MMC, "AzİnTelekom” MMC, "Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
 
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM