"Vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarının artırılması düzgün deyil" - EKSPERT

13:57 | 19.10.2015

"Vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarının artırılması düzgün deyil" - EKSPERT

"Vergi hüquqpozmalarına görə cərimələr artırıla bilər. Yəni əvvəllər vergi hüquqpozmasına görə sahibkarlara birinci dəfə üçün 400 manat maliyyə sanskiyası tətbiq olunurdusa, dəyişiklikdən sonra bu məbləğ 2000 manat olacaq. Bu hüquq pozuntusuna il ərzində ikinci dəfə yol verildikdə indiki kimi 800 manat deyil, 4000 manatdək cərimə olunması və nəhayət hüquqpozuntusuna üçüncü dəfə yol verildikdə isə cərimənin 1.200 manatdan 6.000 manat məbləğinə qədər qaldırılması təklif olunur".

Vergilərin artırılması Azərbaycan iqtisadiyyatının zəifləməsi kimi qiymətləndirilə bilərmi? Vergilər pozuntuna görə cərimələrin 4 qat artırılmasının əsas səbəbi nədir? MDB dövlətləri ilə müqayisədə Azərbaycan vergilərinin qiyməti hansı səviyyədədir?

Bu suallara ANN.Az-a açıqlamasında iqtisadçı ekspert Oqtay Haqverdiyev ayındlıq gətirib.

Ekspert əslində hüquq pozuntularına görə vergilərin bu qədər artırılmasını düzgün hesab etmir: "Ola bilsin, bu addımın atılması məcburidir. Digər tərəfdən, vergilər nə qədər az olarsa, bir o qədər də sahibkarlıq fəaliyyəti inkişaf edər”.

Digər dövlətlərlə müqayisədə Azərbaycanda vergi dərəcələrinin çox aşağı olduğunu vurğulayan iqtisadçı xüsusilə, MDB dövlətləri ilə müqayisədə daha çox ucuz olduğunu deyib: "Ölkəmizdə elə vergi növləri var ki, onlarla bağlı dəyişiklik olsaydı, daha məntiqi  olardı. Məsələn, bir var birbaşa vergilər, bir də var dolayısı yolla verilən vergilər. İkinci yolla alınan vergilərin ödənilməsi azalsaydı, daha yaxşı olardı. Birbaşa vergilər birbaşa iqtisadi fəaliyyətdən götürülən vergilərdir. Amma dolayısı ilə ödənilən vergiləri hökumət sosial problemlərin həllinə yönəldir”.
 
 

Ekspert daha sonra əlavə edib ki, ölkə başçısı son çıxışlarının birində 2016-cı ilin əvvəlki illərlə müqayisədə bir qədər ağır il olacağını bildirib: "Neftin qiymətinin aşağı düşməsinin dövlət büdcənə necə təsir etdiyini, rəqəmlərin nə qədər aşağı düşdüyünü gördük. Bu da onu göstərir ki, dünyada baş verən iqtisadi böhran Azərbaycana da öz təsirini göstərir. Amma bu təsir Azərbaycan iqtisadiyyatının böhranın kökünə qədər gəlib çıxmasını göstərmir. Yəni iqtisadi inkişaf o qədər də aşağı düşməyib. Dünyada baş verən iqtisadi böhranın fəsadları Azərbaycanı uçuruma aparacaq dərəcədə irəliləməyib. Tək sənaye, maliyyə və bank sisteminə öz təsirini göstərdi, amma bütövlükdə iqtisadiyyata elə də güclü təsir edə bilmədi".
 
Qeyd edək ki, ötən gün vergilər naziri Fazil Məmmədov Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında "Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı ticarət və ictimai iaşə fəaliyyətilə məşğul olan şəxslərin vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarının artırılmasını təklif edib. Təklif olunan digər bir dəyişikliyə əsasən, Azərbaycanda ticarət və ictimai iaşə sahələrində çalışan sahibkarlar üçün sadələşdirilmiş vergi dərəcəsinin artırılması, idman mərc oyunlarında uduşlara 10 faiz həcmində vergi tətbiqi nəzərdə tutulur.

 
Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM