Nazirlik məlumat yaydı.
Vergilər Nazirliyi müğənnilərin fəaliyyəti zamanı çəkdikləri xərclərin təhlilini aparıb.
Nazirlikdən verilən məlumata görə, aparılan təhlil zamanı müğənnilərin xərcləri müəyyən edilib.
Müğənnilərin xərcləri bunlardan ibarətdir:
-Musiqiçilər qrupunun (ansambl üzvlərinin) xərcləri.
Müğənni dəvət aldığı obyektdə (xidmətin həyata keçirildiyi arenada) ya ansambl üzvləri ilə birlikdə, ya da tək ifaçılıq edə bilər. Ansambl üzvləri ilə birlikdə ifaçılıq etdiyi halda, müğənni ilə musiqiçilər (ansambl üzvləri) arasında münasibətlər hüquqi səviyyədə sənədlərlə təmin olunmalıdır.
Bunu iki yolla həll etmək olar. Birincisi, müğənni (işəgötürən) ilə hər bir ansambl üzvü (işçi) arasında əmək müqaviləsi bağlanıla və onlara əməkhaqqı ödənilə bilər. Əməkhaqqının məbləğini də müxtəlif formalarda (işəmuzd və ya vaxtamuzd) tətbiq etmək olar. İşçi hesab edilən həmin ansambl üzvlərinin əməkhaqqının hesablanması və ödənilməsi, həmçinin əmək münasibətləri ilə bağlı bütün tələblər Əmək Məcəlləsi və əmək qanunvericiliyinə aid olan digər hüquqi aktlarla tənzimlənir.
İkincisi isə hər bir ansambl üzvü vergi orqanında uçota durmaqla VÖEN əldə edə və müğənni ilə həmin VÖEN-i olan musiqiçi arasında mülki-hüquqi müqavilə bağlanıla bilər. Belə müqavilə konkret icraçı- musiqiçi (məsələn, qarmonçalan və ya qarmonla ifaçılıq xidməti göstərən fiziki şəxs) tərəfindən sifarişçi-müğənniyə «musiqi alətində ifa xidmətlərinin göstərilməsi» müqaviləsi hesab ediləcəkdir və müğənni musiqiçiyə (xidmət göstərənə) xidmət haqqı ödəyəcəkdir.
Musiqiçi müğənnidən aldığı xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq müğənniyə (sifarişçiyə) təsdiq üçün təqdim etməlidir.
Prodüser xərcləri.
Müğənninin fəaliyyətində əsas aparıcı rol oynayan şəxs kimi çıxış edən prodüserlə müğənnilər arasında da ya əmək müqaviləsi, ya da mülki-hüquqi müqavilə bağlanıla bilər.
Adətən, prodüserlik edən fiziki şəxslər təkbaşına (müstəqil) fəaliyyətə üstünlük verirlər və bu baxımdan, onların VÖEN-i olmalıdır ki, bağlanılan xidmət müqaviləsi hüquqi cəhətdən təmin olunsun. Müğənni prodüserə verdiyi xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq özünə təsdiq üçün təqdim etməsini prodüserdən tələb etməlidir ki, bu xərclərin sənədləşdirilməsi təmin olunsun.
Bəstəkarlara verilən qonorarlar
Bəstəkarların bəstələdiyi mahnının kütləvi ifası üçün müğənni (müəllif hüququnun digər istifadəçisi) bəstəkardan (əsərin müəllifindən) icazə alır (müəllif hüququndan istifadə edilməsinə dair razılıq) və bəstəkara qonorar (müəllif hüquqlarından istifadə haqqı) ödəməli olur. Bunun üçün də müğənni ilə bəstəkar arasında müəllif hüquqlarından istifadə haqqında müqavilə bağlanmalı, müqavilədə nəzərdə tutulan qonorarın hesablanmış məbləğindən müğənni tərəfindən (ödəmə mənbəyində) 14% vergi tutulmalı (saxlanılmalı) və qalan məbləğ bəstəkara ödənilməlidir (VM, maddə 124).
Pulun bəstəkara verilməsini rəsmiləşdirmək üçün müğənni tərəfindən kassa məxaric orderi tərtib oluna bilər.
Musiqi səhnəsinin dekor xərcləri
Müğənni ifa edəcəyi səhnənin əvvəlcədən baxımlı səviyyəyə gətirilməsi və texniki cəhətdən yararlı olması üçün müxtəlif dekorativ vasitələrdən istifadə etməli olur. Aydındır ki, müğənni çox hallarda dekorativ işləri özü həyata keçirmir və bu işi peşəkarlara (dekorativ səhnə 3 ustalarına) tapşırır. Dekorativ səhnə ustaları ilə müğənnilər arasında da ya əmək müqaviləsi, ya da mülki-hüquqi müqavilə (VÖEN-i olan dekorativ səhnə ustası tərəfindən dekor xidmətlərinin göstərilməsi haqqında müqavilə) bağlanıla bilər.
Müqavilədə dekor işləri zamanı səhnədə quraşdırılan hazır dekor əşyaları və istifadə olunan mal-materialların kim tərəfindən təmin ediləcəyi barədə də müddəaların olması tövsiyə olunur. Əgər quraşdırılan hazır dekor əşyaları və istifadə edilən mal-materiallar müğənni tərəfindən təmin olunarsa, birdəfəlik, yəni yalnız bir dəfə istifadə edilib yararsız hala düşənləri həmin anda müğənninin xərcləri kimi, təkrar istifadə olunanlar isə istifadəyə yararsız olduğu anda xərc kimi qəbul edilməlidir. Həmin əşyalar dekor ustası tərəfindən təmin olunarsa, belə xərclərin müğənniyə aidiyyəti olmamalıdır.
Müğənni VÖEN-i olan dekorativ səhnə ustasına da verdiyi xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq özünə təsdiq üçün təqdim etməsini prodüserdən tələb etməlidir ki, bu xərclərin sənədləşdirilməsi təmin olunsun.
Nəqliyyatla bağlı xərclər (yanacaq, saxlama, təmir və digər xərclər)
Müğənni özünün, ona tabe olan musiqiçilərin və digər əməkdaşların, həmçinin bu xidmətlərlə bağlı alətlərin və digər əşyaların daşınması üçün ya özünə məxsus, ya da başqalarının nəqliyyat vasitələrindən istifadə edə bilər.
Başqa nəqliyyat vasitələrindən istifadə üçün ya nəqliyyat vasitəsinin mülkiyyətçisi (və ya etibarnaməli şəxsi) ilə bağlanılan daşıma xidmətləri haqqında müqavilə çərçivəsində nəqliyyat xərcləri çəkilməli, ya da nəqliyyat vasitəsinin mülkiyyətçisi (və ya etibarnaməli şəxsi) ilə bağlanılan icarə müqaviləsi çərçivəsində nəqliyyat vasitəsi icarəyə götürülməli, bu nəqliyyat vasitəsinə də əmək müqaviləsi çərçivəsində sürücü təyin etməklə daşımaları həyata keçirmək olar.
Nəqliyyat vasitəsi müğənniyə məxsus olduğu halda isə bu xərcin müəyyən edilməsində çətinliklər ola bilər. Sırf müğənnilik fəaliyyəti ilə bağlı xərclərinin dürüstlüyünə nail olmaq üçün müğənninin gərək ayrıca bu fəaliyyəti üçün nəzərdə tutulan nəqliyyat vasitəsi (yəni, öz şəxsi həyatı ilə bilavasitə əlaqəsi olmadan istismar olunan yüngül avtomobil, mikroavtobus, avtobus) olması daha yaxşı hal hesab edilərdi.
Əgər müğənninin bir nəqliyyat vasitəsi vardırsa, bu nəqliyyat vasitəsi ilə bağlı bütün xərclərin içərisindən sahibkarlıq fəaliyyətinə aid olanlarının ayrılmasını təmin edən sənədləşmə həyata keçirmək lazım gələcəkdir.
Özünə məxsus və icarəyə götürdüyü nəqliyyatla bağlı xərclərə əsasən yanacaq, yağ, digər saxlama xərcləri, təmir xərcləri (vergi məqsədləri üçün məhdudlaşdırılan hədd daxilində) və nəqliyyat vasitəsinin istismarı ilə bağlı digər xərcləri aid etmək olar. Müğənninin daşıma xidmətləri haqqında müqavilə çərçivəsində başqa nəqliyyatla bağlı yuxarıda sadalanan 4 xərcləri əsasən nəqliyyat xidmətləri göstərən başqa şəxs (VÖEN-i olan nəqliyyatçı) tərəfindən çəkilir.
Müğənni ona nəqliyyat xidmətləri göstərən başqa şəxsdən ödədiyi xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq özünə təsdiq üçün təqdim etməsini tələb edə bilər. Bu halda, mədaxil qəbzində və ya xidmətlərin təhvil-təslim aktında əks olunan xidmət haqqı müğənninin nəqliyyat xərci hesab ediləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !