“Vətən Sahibi” kitabının təqdimat mərasimi keçirilib

11:22 | 23.05.2022
“Vətən Sahibi” kitabının təqdimat mərasimi keçirilib

“Vətən Sahibi” kitabının təqdimat mərasimi keçirilib

İkinci Qarabağ müharibəsinin şəhidi, Baş Çavuş Sahib Məmmədova həsr olunan  "Vətən Sahibi” kitabının təqdimat mərasimi keçirilib. 
 
Təqdimat mərasimi "Aydınlığa doğru”  Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyində baş tutub. Kitabın yazarı Nuray Rəşidlidir.
 
Şəhidin həyatından, döyüş xatirələrindən bəhs edən kitabda Sahib Məmmədovun ailəsinin, iş yoldaşlarının, dostlarının xatirələri, foto şəkilləri, səs yazıları da yer alıb.

Mərasim, "Aydınlığa doğru”  İB-nin sədri Solmaz  Əmirlinin tədbir iştirakçılarını salamlaması ilə başlayıb. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. 
 
l Qarabağ müharibəsi qazisi Əbdül Məmmədovun oğlu və "Aprel" döyüşü şəhidi Rasim Məmmədovun qardaşı Şahin Məmmədov tədbir iştirakçılarını salamlayıb kitabın gələcək üçün önəmini vurğulayıb. O, "vaxt gələr şəhid adına verilən küçə dəyişər, adına tikilən bulaq söküləcək, kitab isə  həmişə öz dəyərini qoruyub saxlayacaq" deyib.

Şəhid Sahib Məmmədovun həyat yoldaşı Gülnar Məmmədova kitabın onun üçün çox dəyərli olduğunu, kitab ərsəyə gələnə qədər keçirdiyi hisləri dilə gətirərək "Mən istəyirəm Sahib başda olmaqla bütün şəhidlərimizi hamı tanısın. Bizi bu önəmli günümüzdə tək qoymadığınız üçün çox sağ olun" dedi.


Sonra isə Sahib Məmmədov haqda video- çarx nümayiş etdirilib. Tədbirin qonaqları şairə, yazıçı Manya Səxavət qızı, II Qarabağ müharibəsi şəhidi Şahmar Quliyevin həyat yoldaşı Gülnarə Məmmədova, II Qarabağ müharibəsi şəhidi Daşqın Rzalının həyat yoldaşı Fatimə Rzalı öz ürək sözlərini dilə gətirərək belə bir tədbirdə iştirak etdikləri üçün qürurlandıqlarını qeyd edib.
 
Müəllif Nuray Rəşidli kitabın yazılma səbəbindən, kitab ərsəyə gələrkən yaşadığı hiss və həyəcanlardan danışaraq,” Sahib Məmmədov başda olmaqla bütün şəhidlərimiz bizi tanımadan bizim üçün öz canlarından keçiblər. Onları tanıdıb yaşatmaq da bizim ən böyük borcumuzdur,” deyib.

Tədbirin yekununda müəllif kitabları imzaladı və qonaqlarla birlikdə xatirə şəkilləri çəkilib.
 
Sahib Məmmədov 1989-cu il noyabrın 13-də Culfanın Yaycı kəndində anadan olub.Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Sahib Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan  müharibədə Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahib Məmmədov oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub.

O, İlham Əliyevin sərəncamlarına əsasən, Sahib Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
 



 
Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM