Vətəndaş müvəqqəti qeydiyyat yeri ilə bağlı niyə polisə məlumat verməlidir? - İZAH

16:38 | 17.01.2023
Vətəndaş müvəqqəti qeydiyyat yeri ilə bağlı niyə polisə məlumat verməlidir? - İZAH

Vətəndaş müvəqqəti qeydiyyat yeri ilə bağlı niyə polisə məlumat verməlidir? - İZAH

Son günlər sosial şəbəkələrdə yaşayış yerindən kənarda 60 gündən artıq qalan şəxslərin polisə məlumat verməli olması, əks halda 30 AZN məbləğində cərimə olunması barədə məlumatlar gündəmə gəlib.

Bəhs olunan qanun 1997-ci ildə qəbul edilən "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanunudur. 
 
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi, vətəndaşın səfərbərlik, sosial müdafiə, imtiyaz, xəstəliklə bağlı sosial tibbi sığorta, pensiya məsələlələri, işə düzəlmə, eləcə də, digər dövlət qurumlarına müraciət zamanı  yaşayış yerinin rahat tapılması, dövlət qurumlarına olan müraciətlərin rahat həll olunmasıdır.

Qanun, eyni zamanda, rayon qeydiyyatında olub uzun illər Bakıda yaşayanların məsələlərinin araşdırılma prosesini asanlaşdırmağı nəzərdə tutur. 

Bu səbəbdən, qanunda yaşayış yerini 60 gündən daha çox müddətdə tərk edən vətəndaşlar, bu barədə müvafiq İcra Hakimiyyətinə yaşadığı ünvan barədə məlumat verməli olduğu qeyd olunur. 

Məlumatdan sonra, həmin şəxslər yaşayış yerini dəyişəcəyi müddətə qədər məlumat verdiyi ünvanda müvəqqəti qeydiyyata salınır. 

Tələbələrin, təhsilinin davaetmə müddətində onlar üçün yaşayış yerləri ilə bağlı məlumat vermə tələbi yoxdur.  Qeydiyyatda olmayan, lakin işləyən və iş yerində yaşadığı yer barədə məlumat olan şəxslər də bu kateqoriyaya aid deyil. 

Qanun, eyni zamanda, evlərini kirayə verən şəxslərin vergidən yayınmasının qarşısının alınmasına hesablanıb. 

Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlamasında bildirib ki, qanun uzun müddətdir tətbiq olunur və vətəndaşların bu mövzuda narahatlığına heç bir əsas yoxdur.

"Son vaxtlar yaşayış yeri üzrə, o cümlədən polisin inzibati binalarına qeydiyyat və qeydiyyatdan çıxarma ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdə bəzi vətəndaşlar bundan narahat olduqlarını, gələcəkdə müəyyən problemlərlə üzləşəcəklərini bildirirlər. Öncə qeyd edilməlidir ki, müvafiq məsələlərin həllində narahatlığa heç bir əsas yoxdur. Çünki bu hüquqi prosedurlar yalnız qanunun tələblərinə uyğun həyata keçirilir. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir. Vətəndaş olduğu yerdən getdikdə polis orqanı onu müvəqqəti qeydiyyatdan çıxarır. 

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur”, - açıqlamada bildirilir. 

Nazirlik bildirib ki, Polis idarə və şöbələrinin inzibati binalarında müvəqqəti qeydiyyatda olanların qeydiyyatdan çıxarılaraq daimi yaşayış yeri üzrə qeydiyyata alınmaları proseduru ilk növbədə həmin şəxslərin özləri üçün vacibdir. 

"2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və bu kateqoriyadan digər şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar. Lakin ötən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərdə və ya mənzillərdə yaşasalar da polisin inzibati binalarından qeydiyyatdan çıxmaq üçün subyektiv səbəblərdən müraciət etməyiblər.  Ona görə də qeydiyyatın dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə polisin inzibati binasında qeydiyyatda olan hər bir şəxsin uzun illər qeydiyyatda qalmasının səbəbləri, faktiki yaşayış yerinin olub-olmaması araşdırılıb və nəticələrindən asılı olaraq qanunauyğun tədbirlər görülüb”,- açıqlamada deyilir. 

Nazirlik araşdırmaların zəruri edən daha bir səbəbin hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən həmin şəxsləri tapmaqda çətinliyin yaranması olduğunu vurğulayıb. 

 "Vətəndaş yalnız faktiki yaşayış yeri olduqda və ya yaxın qohumlarının razılığı ilə onun yaşadığı ünvana qeydiyyata alınması mümkün olduğu halda polisin inzibati binasından qeydiyyatdan çıxarılır və dərhal olduğu yer üzrə qeydiyyata alınır”, - nazirlik bildirib.
 
Lida Abbaslı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb