Ukrayna dövlətinin siyasi kursunun dəyişməsi, təkcə Ukrayna xalqını deyil, eks president Viktor Yuşenkonu da məyus edib
Rusiyanın təsiri ilə Ukraynanın Avropa Birliyi ilə assosiasiya sazişini imzalamaqdan imtina etməsi bu ölkənin bir çox şəhərlərində böyük etirazlara səbəb olub. ANS PRESS-in Almaniyanın “Die Welt” qəzetinə istinadən verdiyi məlumata görə, Ukrayna dövlətinin siyasi kursunun dəyişməsi, təkcə Ukrayna xalqını deyil, eks president Viktor Yuşenkonu da məyus edib. Viktor Yuşenko Almaniya qəzetinə verdiyi müsahibəni “Bu xəbər məni çox sartsıtdı” sözləri ilə başlayıb. “Avropa bizim xalqımızın inteqrasiyası üçün əsas faktordur.
Əvvəllər Ali Radanın 315 deputatı Ukraynanın Avropaya inteqrasiya edilməsinə səs vermişdi. Düzdür, son vaxtlar Avropa Birliyi öz strategiyasında bir çox səhvlər buraxıb. Rusiyanın Ukraynanı Gömrük İttifaqına daxil etməsi bizim ölkəmizi faciəyə sürükləyir. Zənnimcə, bu dəvət bizə müstəmləkə statusundan başqa heç nə verməyəcək. Rusiya deyir ki, biz hamını olduğunuz kimi qəbul edirik, heç bir yeni qanun dəyişməyə ehtiyac yoxdur. Belə siyasətə görə bizi hansı hədiyyə gözləyir? Bunu köləliyə bir dəvət kimi başa düşməliyik”, - deyə Viktor Yuşenko bildirib.
Xatırladaq ki, Ukraynanın xarici işlər naziri Leonid Kojara bildirib ki, həm Ukrayna, həm də Avropa Birliyi assosiasiya sazişini imzalamağa hazır deyil. Litvanın paytaxtı Vilnüsda isə bu gün “Şərq tərəfdaşlığı” sammitinin açılışı gözlənilir. Sammit öncəsi ən yaddaqalan hadisə Ukraynanın Avropa Birliyi ilə assosiasiya sazişini imzalamaqdan imtina etməsi oldu. Hazırda sammitin gündəliyində Gürcüstanla və Moldova ilə sazişlərin bağlanması gözlənilir. Vilnüsa tərəfdaşlığın iştirakçısı olan altı ölkənin - Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın nümayəndə heyətləri gələcək. Sazişlərin imzalanması noyabrın 29-a nəzərdə tutulub.
ANS PRESS