"Övladından bezməyən dövlət xəstəxanasına getməsin" - ŞİKAYƏT

09:00 | 26.01.2022
Adı pulsuz olsa da, yalnız ciblərinə şirinlik qoyduqdan sonra xəstəni müalicə edən tibb bacılarının çalışdığı dövlət xəstəxanalarına uşaqları əmanət etmək düzgün deyil. Övladının sağ qalmasını istəyənlər onları özəl klinikalarda müalicə etdirməli, dövlət tibb müəssisələrindən uzaq dayanmalıdırlar, bu fikirləri  Anews.az-a açıqlamasında 8 aylıq körpənin valideyni Aytən Sakitqızı bildirib.
 
Dövlət Statistika Komitəsinin məlumatına əsasən , 2021-ci ildə  Azərbaycanda uşaqların (bu kateqoriyaya 0-14 yaşlı şəxslər daxildir, red ) sayı 2260,8 min nəfər təşkil edib. 2020-ci ildə isə bu göstərici 2256,7 min nəfər olub. Ötən il ölən uşaqların sayına isə Statistika Komitəsində rast gəlmədik. Lakin Səhiyyə Nazirliyinin göstəricələrinə əsasən, müvafiq dövrdə uşaqlar arasında qızdırma, halsızlıq, quru öskürək ilə müşaiyət olunan infeksion xəstəlikləri geniş yayılıb. Nazirlikdən bildirilib ki, uşaqlara 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib və bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğvinə nail olunub.


2021-ci ilin yanvar-noyabrında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə uşaqların skarlatina  (73,6 faiz), su çiçəyi 64,5 faiz), kəskin bağırsaq infeksiyaları (13,9 faiz) və  viruslu hepatit ilə ( 9,8 faiz) xəstələnmə halları azalıb.

Həmçinin, səhiyyə naziri Teymur Musayevin sözlərinə görə, ötən ilin 28 dekabrına  kimi 538 uşaq COVID-19-a qarşı vaksin olunub. Koronavirusa yoluxan uşaqların  yeni statistikası yoxdur, lakin belə uşaqlar  dövlət xəstəxanasında müalicə ala bilər. 
 
Aytən Sakitqızının övladı da dövlət xəstəxanasında koronavirusa yoluxduğuna görə müalicə alıb. Lakin valideyn 8 aylıq övladını hələ təzə doğulduğu dönəmlərdən dövlət xəstəxanalarına etibar etdiyinə görə peşmandır. 
 
"2021-ci il mayın 31-də uşağım dövlət xəstəxanalarının birində 1 kilo 900 qram  çəkidə doğuldu. Sonrakı mərhələdə övladımda saturasiya ( qanın oksigenlə doyması prosesi, red. ) pozuntusu oldu və onu Uşaq reanimasiyası və intensiv terapiya şöbəsinə köçürdülər.  Mənə hər şeyin yaxşı olacağı, uşağa yüksək səviyyədə baxılacağı deyilmişdi və buna inanaraq rahatlıqla uşağı həmin şöbəyə  yerləşdirdim. Həmin şöbədə həkimlər uşağıma nəzarət edirdi. Dediklərinə görə, qidalanması normala düşüb və övladım yaxşılaşırdı. Amma orada işləyən tibb bacılarının  əksəriyyəti anti-sanitar şəraitdə uşaqlara qulluq edirdi. Əllərini yumur, dırnaqlarının altı təmiz deyil, tibbi maskadan istifadə etmirdilər. Uşağı zondla yedirərkən zondu uşağın qulağının bir ucundan digər ucuna kimi yapışqan ilə bərkidirdilər. Zondu çıxararkən yapışqanı su ya da uşağa zərər verməyən digər kimyəvi vasitələr ilə təmizləmirdilər, kobud şəkildə uşağın dərisindən qoparırdılar. Buna görə də uşağın dərisində qızartılar  yaranıb”, - deyə valideyn bildirdi. 

Sakitqızının sözlərinə görə, övladına yaxşı baxılmadığını xəstəxananın tibb işçisinə deyəndə isə gülünc cavab alıb. 

"Bir gün həmin xəstəxananın tibb bacılarından birinə bildirdim ki, uşağa yaxşı baxmırlar. Cavabında dedi ki,  bu rəftar bir nəfərə deyil, bütün uşaqlara qarşı eynidir. Vəziyyət ilə məcbur qalıb barışdım, bütün valideynlər kimi mehriban münasibət bəslədim ki, uşağıma baxsınlar. Uşağım 14 gün bu xəstəxanada qaldı və deyə bilərəm ki, mənim övladımı Allah saxladı. Uşaqlara çox etinasız rəftar göstərilirdi. Hətta bir məqamı da vurğulayım,  uşaq doğulanda dopler müayinəsində onda olan problemlər və ümumi vəziyyəti barədə məlumat deyilməli idi. Amma mənə övladımın bud-çanaq nahiyəsində problem olduğunu deməmişdilər.  Sonra özüm bunu hiss edib, müayinəyə aparanda bildim ki, uşağımın bud-çanaq hissəsində problem var və o əməliyyat olunmalı idi. Nə isə övladım əməliyyat olundu, indi hər şey qaydasındadır”, - deyə o əlavə etdi. 

Övladı koronavirusa yoluxduğu üçün digər dövlət xəstəxanasına göndərilən Aytən Sakitqızı həmçinin bildirdi ki, orada qarşılaşdığı mənzərə əvvəlki ilə müqayisədə daha acınacaqlı idi. 

"Uşağım koronavirus olduqdan sonra bizi 7 saylı Uşaq İnfeksion Xəstəliklər Xəstəxanasına yerləşdirdilər. Həmin tibb müəssisəsində yalnız bir gün qala bildim və ərimdən məni təcili oradan çıxarmasını istədim. Çünki uşaq ilə ümumiyyətlə maraqlanmadılar. Nə bir nəfər gəlib onun hərarətini ölçdü, nə də gəlib vəziyyətini yoxladı. Uşağa antibiotiklər vurmaq istəyirdilər, iradımı bildirdim ki, heç bir müayinə edilməyib. Tibb bacılarının səhlənkarlığı mənim qızımın səhhətini daha da pisləşdirə bilərdi. Övladımın yatdığı otaqda 1 neçə nəfər qalırdı və cəmi bir tualet var idi. Bütün şöbələrin əməkdaşları da oradan istifadə edirdi. Çox anti-sanitar vəziyyət, gərgin durum idi. Təsəvvür edin, analara uşaqlardan koronavirus keçib, hamı dəhlizdə maskasız gəzir, nə nəzarət var, nə də sağlamlığın qorunması üçün əlavə tədbir görülür. Düşünürəm ki, dövlət xəstəxanasında uşağını müalicə etdirmək ağılsızlıqdır. Övladımı evə gətirib, özəl həkim ilə qısa müddətdə sağaltdıq", - deyə o vurğuladı. 
 
Aytən Sakitqızının fikrincə, bu gün özəl klinikalara pulu köçürdükdən sonra uşaqlara yüksək səviyyədə baxılır və çox yaxşı müalicə aparılır, amma dövlət xəstəxanalarının pediatiriya, reanimasiya şöbələrinin əməkdaşları ancaq insanların cibini güdür, müəyyən qədər pul verdikdən sonra belə uşağa normaldan aşağı səviyyədə qulluq edirlər. 
 
"Məndən dövlət xəstəxanasında pul tələb edilmədi. Lakin tibb bacılarından biri yaxınlaşdı və dostyana məsləhət verdi ki, oradakı tibb işçilərinin cibinə pul qoyulduğu təqdirdə uşağa yaxşı baxacaqlar. Mən də buna görə hər dəfə növbə dəyişəndə yeni gələn tibb bacısının cibinə pul qoyurdum ki, uşağıma normal baxsınlar. Dövlət xəstəxanasının sadəcə adı pulsuzdur. Özəl klinikalarda xüsusi qiymət var, onu ödəyirsən və uşağına yüksək səviyyədə qulluq edirlər. Bu gün dövlət tibb müəssisələrində çalışan tibb bacılarının 50 faizi əzrayıldır, heç bir uşaq onların əlinə düşməsin", - deyə Sakitqızı təəssüflə bildirdi. 
 
Övladını 3 il əvvəl dövlət xəstəxanasında müalicəyə aparan Dəniz Əzizli  (şərti ad, red) bildirdi ki, vəziyyət hələ o dövrdən ürəkaçan deyildi.
 
"Özəl xəstəxanalarda azı 200 manat depozit istəyirlər ki, övladımızı qapıdan içəriyə salsınlar. Bu da minumum əməkhaqqı ilə dolanan insanlar üçün çətindir. Dövlət xəstəxanalarında isə durum xoşagələn deyil. Hələ illər əvvəl mən gedəndə qızımla birlikdə soyuq otaqda sabahlamalı olduq. Çünki digər otaqlarda 6 nəfər birlikdə qalırdı və anti-sanitar durum idi. Uşaq ilə isə qətiyyən maraqlanmırdılar", - deyə Əzizli vurğuladı. 
 
Pərviz Rəsulzadənin (şərti ad, red) sözlərinə görə, dövlət xəstəxanasında övladına yazılan iynə-dərman və qoyulan diaqnoz yanlış olub. 
 
"Övladım rayonda dünyaya göz açdı, lakin sonra problemi olduğu üçün dövlət xəstəxanasına gətirməli olduq. Paytaxt xəstəxanasında diaqnoz qoydular ki, uşağın beyninə oksigen getmir, ürəyində problemlər var. Beləcə, başladıq müalicəyə, uşaq bir müddətdən sonra özünə gəldi. Lakin mən onların yazdığı resepti bir özəl klinikada həkimə göstərdim. Məlum oldu ki, həmin preparatları və iynələri uşaq qəbul edə bilməz. Sonra övladımı həmin xəstəxanadan çıxartdım, apardım özəl klinikaya. Orada bəlli oldu ki, uşağa yanlış diaqnoz qoyulub, heç bir problem yoxdur və övladım sadəcə ağlağandır. Dövlət xəstəxanası pulsuz olsa da, elə rəftar edirlər ki, məcbur olub pul verirsən ki, uşağa yaxşı baxsınlar", - deyə Rəsulzadə söylədi. 
 
Dövlət xəstəxanalarının reanimasiya şöbələrindəki mövcud vəziyyət və ödəniş tələbi ilə bağlı iddialara münasibət almaq üçün ölkənin bir qism  tibb müəssisələri ilə əlaqə saxladıq. 
 
Respublika uşaq klinik xəstəxanası, 5 saylı birləşmiş uşaq infeksion xəstəxanası, Uşaq Hovzə Xəstəxanası və bölgələrdəki uşaq xəstəxanalarının bir çoxunda zəngimizə cavab vermədilər.  Uşaq dəmiryol xəstəxanasının internet səhifəsindəki nömrəyə zəng etdikdə isə bəlli oldu ki, nömrə xəstəxana yox, ev alqı-satqısı ilə məşğul olan şəxsə aiddir.  Qarayev adına xəstəxanaya birləşdirilərək fəaliyyətini davam etdirəcək 3 saylı uşaq klinik xəstəxanadan isə bildirdilər ki, dövlət xəstəxanalarında müalicə pulsuzdur.  9 saylı birləşmiş uşaq xəstəxanasından isə bildirdilər ki, dövlət xəstəxanası olsa da istəyə görə pul verilə bilər. 
 
"Bura dövlətindir, amma nə qədər istəsəniz verərsiniz",- telefona cavab verən xanım utanaraq, asta səs ilə cavab verib. 
 
Gəncə 1 nömrəli birləşmiş uşaq xəstəxanasından da təxmini eyni cavabı aldıq.
 
"Kefin istəsə, istədiyin qədər pul verərsən. Ümumi olaraq isə bura dövlət xəstəxanasıdır",- deyə bildirdilər. 
 
Özəl uşaq xəstəxanalarına isə müalicə üçün daxil olmazdan əvvəl depozit qoyulur. Həmin xəstəxanalardakı qiymətləri öyrənmək üçün bir neçə tibb müəssisəsi ilə əlaqə saxladıq. 
 
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müayinədən sonra həkim xəstəxanada qalmağı bildirirsə 200 manat depozit qoyulur. Xəstənin neçə gün qalacağından asılı olaraq ödəniş arta və ya azala bilir.
 
Leyla Medical Center'də həkimin göstərişindən sonra uşağın adi palatada 1 gün qalması üçün 115 AZN ödənilməlidir. Uşaq 8 yaşına kimidirsə valideyn ilə birlikdə qala bilər, bunun üçün 30 manat əlavə ödəniş edilir. 8 yaşdan yuxarı olduqda isə ödənişin məbləği 50 manatdır. Həkim qəbulu isə 45 AZN-dir. Dərman üçün lazım olan vəsait isə ayrıca hesablanır və valideyn ödəməli olur. 
 
Digər özəl klinikalarda da depozit məbləği təxminən 120-200 manat arası dəyişir. 
 
Xəstəxanalardakı vəziyyət ilə bağlı və son bir ildə daxil olan şikayətlərin sayını öyrənmək üçün "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) mətbuat xidmətinə mail vasitəsi ilə  sorğu ünvanladıq. Cavab olaraq bildirildi ki, xəstəxanalar ilə bağlı daxil olan müraciətlərin ümumi  statistikası aparılır. 

"Burada həm təkliflər, həm rəylər, həm iradlar, həm də digər müraciətlər qeyd olunur. Ayrıca statistika aparılmadığından şikayətlər üzrə  açıqlama verilməsi qeyri mümkündür. Xəstəxanalarda neqativ hallarla qarşılaşan şəxslər aidiyyati olaraq hüquq mühafizə orqanlarına müraciıt edə bilərlər. Ümumi stasionar uşaq şöbələrinin sayı 30-dur, 9-u Bakıdadır. Ümumi stasionar uşaq xəstəxanalarının sayı 8-dir, 5-i Bakıdadır. Reanimasiya şöbəsi olan uşaq xəstəxanalarının sayı isə 6-dır. Onlardan dördü Bakıdadır", - deyə mətbuat xidmətindən bildirildi. 
 
Bəs dövlət xəstəxanalarındakı vəziyyət barədə deputatlar xəbərdardırmı və əgər problem varsa həll yolunu nədə görürlər?
 
Milli Məclisin Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat, Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinin məzunu Məlahət İbrahimqızı bildirdi ki, müraciətlər daxil olmadıqca uşaq xəstəxanalarından xəbərsiz olurlar. 

"Bir neçə gün əvvəl parlamentdə səhiyyə komitəsinin üzvləri yaz sessiyasının planını müzakirə edərkən bizə uşaq xəstəxanaları barədə hər hansı şikayətin daxil olması barədə heç bir məlumat deyilmədi, şəxsən mənə də bu mövzuda  heç bir şikayət edilməyib. İndi siz deyirsinizsə, yəqin ki, belə problemlər var imiş, hər halda özünüzdən deməzsiniz. Əgər uşaq xəstəxanasında hər hansı problem varsa, vətəndaş bu və ya digər yol ilə incidilirsə bu barədə səhiyyə komitəsinə müraciət etsinlər. Əgər  açıq-aşkar pul tələb edilirsə bu biabırçı haldır", - deyə millət vəkili bildirdi. 
 
Deputatın fikrincə, səhiyyənin ümumi durumu hazırda yaxşıdır və son illərdə bu sahədə müsbət irəliləyişlər özünü göstərir. 
 
"Rayonlarda pilot layihələr tətbiq olundu, koronavirus zamanı peyvəndləmə yüksək səvviyyədə həyata keçirilirdi və davam etməkdədir. Ağır ürək, böyrək əməliyyatları keçirildi ki, bu da ölkənin səhiyyə sisteminin inkişafı nəticəsində baş tutdu",- deyə Məlahət İbrahimqızı bildirdi. 
 
Deputat Razi Nurullayevin sözlərinə görə, insanlar səhiyyədə olan çətinliklər barədə ona müraciətlər ünvanlayıb, lakin məhz uşaq xəstəxanaları barədə şikayətə rast gəlməyib. 
 
"Vətəndaşlar mənə bu məsələlər ilə bağlı müraciət edərsə, faktları gördükdən sonra bu mövzuda ciddi araşdırma aparacam", - deyə deputat əlavə etdi. 
 
El arasında bir ifadə var, sağlamlıq puldan bahalıdır. Amma müasir dönəmdə, minumum əməkhaqqı ilə dolanan bir azərbaycanlının pul kisəsi dövlət xəstəxanasında müalicə almaq üçün belə dolu olmalıdır. Əks halda tibb müəssisəsində sağalmaq əvəzinə, daha da ağır vəziyyətə düşmək ehtimalı yaranır.  Odur ki, çalışın xəstələnməyin!...
 
Ləman Qasımova, 
Gülnar Nazimqızı 
 
İstiqamət:6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb





 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM