Şirkət məlumat yaydı.
Macarıstanın "WizzAir” avişirkəti Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə 2015-ci ilin mayın 4-dən başlaması nəzərdə tutulan reysləri ümumiyyətlə ləğv edib.
Oxu.Az-ın şirkətin rəsmi saytında apardığı araşdırma bunu söyləməyə əsas verir.
Belə ki, ilk olaraq "WizzAir” martın 29-də Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə uçuşları bərpa etməli idi.
Lakin daha sonra şirkətin uçuş cədvəlində Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə uçuşların tarixi martın 29-dan mayın 4-nə dəyişdirilmişdi, yəni, ilk uçuş mayın 4-də baş tutmalı idi.
Bu zaman onu da qeyd etmək lazımdır ki, martın 29-a olan təyyarə biletinin qiymətinin 49,99 avro göstərildiyi halda, mayın 4-nə olan təyyarə biletinin qiymətinin 159.99 avro göstərilmiş, yəni qiymətlər 3 dəfədən çox bahalaşmışdı.
Hazırda isə "WizzAir” şirkətinin rəsmi saytındakı uçuş cədvəli üzrə araşdırma apardıqda Macarıstanın paytaxtından Azərbaycana və əksinə ümumiyyətlə heç bir uçuşun planlaşdırılmadığı görünür – yəni, nə mayın 4-də, nə də sonrakı aylarda Budapeştdən Bakıya və əksinə təyyarə reysi nəzərdə tutulmayıb.
Bundan əvvəl isə şirkət bərpa olunacaq aviareyslərin oktyabrın 22-dək həyata keçiriləcəyini bəyan etmişdi.
Xatırladaq ki, "WizzAir” şirkəti 2013-cü ilin iyunundan etibarən Budapeştdən Bakıya birbaşa avireyslər həyata keçirməyə başlayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !