ABŞ Hərbi Hava Qüvvələrinə məxsus, nüvə silahı daşıya bilən iki B-52H Stratofortress bombardmançısı Böyük Britaniyanın Fairford bazasına enib. Bu barədə UK Aviation News məlumat yayıb.
Bu təyyarələr Şimali Dakotadakı Minot aviabazasında yerləşən 69-cu bombardmançı eskadrilyanın bir hissəsidir. Yaxın vaxtlarda Böyük Britaniyaya daha iki belə təyyarənin gətirilməsi planlaşdırılır. Hazırda yerləşdirmə ilə bağlı ətraflı məlumat açıqlanmayıb.
Bundan əvvəl Fairford-dakı B-52 bombardmançıları NATO-nun Baltikyanı ölkələrdəki təlimlərində iştirak edib. Ötən ilin noyabrından dekabrın ortalarına qədər bu təyyarələr Finlandiya, İsveç və Litva üzərində doqquz təlim bombardmanı uçuşu həyata keçirib. Əməliyyatlar zamanı NATO üzv ölkələrinin qırıcıları B-52-ləri müşayiət edib.
Boeing B-52H Stratofortress – 1955-ci ildən ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında olan və daim modernləşdirilən ağır strateji nüvə bombardmançısıdır. O, 31,5 min kq yük daşımaq qabiliyyətinə malikdir.
Bundan əlavə, Fairford bazasında demək olar ki, hər gün kəşfiyyat uçuşları həyata keçirən U-2 yüksək hündürlükdə uçan kəşfiyyat təyyarəsi də yerləşdirilib.
N.Təbrizli