Gürcüstan Rusiyanı "3+3" formatında görmək istəmir

Gürcüstan Cənubi Qafqaz üzrə danışıqların “üç üstəgəl üç” formatını Rusiyanın orada iştirakına görə qəbuledilməz hesab edir. Bunu jurnalistlərə hakim “Gürcü arzusu” partiyasından olan deputat Levan Maçavariani deyib.
Bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Gürcüstan üçün “üç üstəgəl üç” formatında qapılar açıqdır.
“Rusiya 3+3 formatında iştirak edir, bizim ərazilərimizi işğal edib. Təbii ki, biz Rusiya ilə heç bir danışıqlar masasına oturmaq fikrində deyilik”, - Maçavariani bildirib.
O, xatırladıb ki, Rusiya ilə Gürcüstan arasında heç bir diplomatik və ya başqa münasibətlər yoxdur. Parlamentarinin sözlərinə görə, respublika ilk növbədə ərazi bütövlüyü məsələsini həll etməli, bundan sonra görüş formatlarının müzakirəsinə başlamaq mümkün olacaq.
2021-ci il dekabrın 10-da Moskvada 3+3 Məşvərətçi Regional Platformasının ilk iclası keçirilib. İclasa Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin müavinləri, eləcə də İran Xarici İşlər Nazirliyinin baş direktoru Əlirza Hagiqyan həmsədrlik edib.
Gürcüstanın da dəvət olunmuş nümayəndələri görüşdə iştirakdan çəkiniblər. Altıtərəfli əməkdaşlıq formatı - Rusiya, İran, Türkiyə və Cənubi Qafqaz ölkələri Ermənistan, Azərbaycan, Gürcüstan - daha əvvəl Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. İran bu ideyanı alqışlayıb və regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara töhfə verməyə hazır olduğunu bəyan edib.
Gülnar
Son xəbərlər
Daha çox 