Tehran Trampın İranın nüvə proqramı ilə bağlı məktubuna cavab hazırlayır

İran hələ ABŞ Prezidenti Donald Trampın göndərdiyi İranın nüvə proqramı ilə bağlı məktuba cavab verməyib.
Ermənistan KİV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə brifinqdə bildirib.
"Biz hələ ABŞ prezidentinin məktubuna cavab verməmişik. Cavab hazırlanma prosesindədir", - o qeyd edib.
Bununla yanaşı, A.Əraqçi vurğulayıb ki, İran təzyiq, hərbi təhdid və iqtisadi sanksiyaların artırılması fonunda ABŞ ilə birbaşa danışıqlar aparmayacaq: "Lakin biz nüvə proqramımız ətrafında şəffaflığın formalaşmasının tərəfdarıyıq və bu istiqamətdə danışıqlar aparmağa hazırıq. Biz heç vaxt danışıqlar masasını tərk etməmişik və tərk etməyəcəyik".
Ötən həftə “Axios” portalı mənbələrə istinadən bildirib ki, ABŞ Prezidenti Donald Tramp İranın Ali rəhbəri Ayətullah Əli Xameneiyə məktubunda iki ay ərzində İranın nüvə proqramı üzrə yeni razılaşmaya nail olmağı tələb edib.
Son xəbərlər
Daha çox 