Ermənistanda seçkiöncəsi kütləvi həbslər başlayıb

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi tərəfindən seçki rüşvətxorluğu, habelə seçki zamanı xeyriyyəçilik qadağasının pozulması ilə bağlı faktlar üzrə qaldırılan cinayət işi çərçivəsində Gümrü Ağsaqqallar Şurasına növbədənkənar seçkilərdə namizədliyi irəli sürülmüş siyasi qüvvələrin nümayəndələri və tərəfdarları da daxil olmaqla 8 nəfər barəsində cinayət işi başlanıb.Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, həbslər seçki rüşvətxorluğu, qrup şəklində seçki rüşvətxorluğunun hazırlanması, seçkilər zamanı xeyriyyəçilik qadağasının pozulması ittihamı üzrə aparılıb. İlkin araşdırma zamanı Gümrü Ağsaqqallar Şurasına növbədənkənar seçkilərdə namizəd irəli sürən iki partiyanın ofislərində və bir sıra şəxslərin mənzillərində axtarış aparılıb, nəticədə iş üçün vacib olan sənədlər, o cümlədən vətəndaşların pasport məlumatları və əlyazma qeydləri olan siyahılar aşkarlanıb.
Saxlanılanlardan üçü yuxarıda göstərilən cinayət əməllərini etiraf edib və ibtidai istintaq orqanına kömək edib.
Daha əvvəl məlumat verilib ki, Ermənistanda “Ana Ermənistan” müxalifət blokunun 12 tərəfdarı saxlanılıb. Blokun saxlanılan fəallarından olan Emmaq Qriqoryan azad edilib. Ermənistan Daxili İşlər Nazirliyinin Kriminal Polisi və Milli Təhlükəsizlik Xidmətinin məlumatlarına görə, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçki rüşvətinin verilməsi və alınması, habelə seçkilər zamanı xeyriyyəçiliklə bağlı qadağanın pozulması faktları üzrə cinayət işləri başlayıb.
Komitə bildirib ki, seçiciyə Gümrü Ağsaqqallar Şurasına növbədənkənar seçkilərdə namizədliyi irəli sürülmüş partiyaya səs vermək şərti ilə rüşvət təklif edilib.