Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilir

Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb.
Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və rəsmi olaraq saat 21:00-da bağlanacaq. Lakin bu saatda növbədə qalan seçicilərə saat 23:59-a qədər səs verməyə icazə veriləcək.
Seçkilərdə iştirak etmək üçün ölkədə 18 milyona yaxın seçici qeydiyyatdan keçib. Xaricdə yaşayan Rumıniya vətəndaşları üçün səsvermə cümə günü başlayıb və artıq üçüncü gündür davam edir.
Prezident postu uğrunda mübarizəni müxalif millətçi “Rumınların Birləşməsi Alyansı”nın lideri Corce Simion və Buxarestin meri, Avropayönlü müstəqil namizəd Nikuşor Dan aparır.
Bu seçkilər təkrar səsvermə xarakteri daşıyır.2024-cü il noyabrın 24-də keçirilən ilk turda millətçi namizəd Kalin Corcesku ən çox səs toplasa da, Konstitusiya Məhkəməsinin qərarı ilə seçkilərin nəticələri ləğv edilmiş və yeni tarix təyin olunmuşdu.