İsrailin Deyr əl-Bəlaha aviazərbəsində beş nəfər ölüb — Al Jazeera

İsrailin mərkəzi Qəzzada yerləşən Deyr əl-Bəlah yaşayış məntəqəsinə endirdiyi aviazərbə nəticəsində azı beş nəfər, o cümlədən bir uşaq həlak olub. Bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat verib.
Telekanalın məlumatına görə, son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrinə endirilən hücumlar nəticəsində ümumilikdə 85 fələstinli həlak olub.
İsrail ordusu yanvarda elan olunmuş atəşkəs rejimini martın 18-də dayandıraraq əməliyyatlara yenidən başlayıb. Baş nazir Benyamin Netanyahu-nun ofisi bildirib ki, əməliyyat HƏMAS-ın ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoff da daxil olmaqla vasitəçilərin təkliflərini qəbul etməməsi səbəbindən bərpa edilib.
İsrailin bəyanatına görə, əməliyyatın məqsədi Qəzzada saxlanılan bütün israilli girovların azad edilməsidir. HƏMAS isə eskalasiyaya görə məsuliyyəti İsrail və ABŞ-ın üzərinə qoyur.
N.Təbrizli