Aİ Macarıstanın səsvermə hüququndan məhrum edə bilər

Avropa İttifaqının Ümumi İşlər Şurasının nazirləri mayın 27-də Macarıstanla bağlı müqavilənin 7-ci maddəsi üzrə səkkizinci dinləmə keçirəcəklər. Bu prosedur Budapeştin Aİ Şurasında səsvermə hüququndan məhrum edilməsinə gətirib çıxara bilər. Bu barıdı cümə axşamı dərc olunan gündəlikdə bildirilir.
Aİ-nin əsas dəyərlərini ciddi və davamlı pozan üzv-dövlət, 7-ci maddəyə əsasən, bəzi hüquqlardan, o cümlədən səsvermə hüququndan məhrum edilə bilər.
2024-cü ilin mayında Polşa ilə bağlı eyni proses bağlandıqdan sonra, hazırda bu mexanizm yalnız Macarıstana qarşı qüvvədədir.
Brüssel Baş nazir Viktor Orban hökumətini məhkəmə müstəqilliyini və media azadlığını sarsıtmaqda, habelə Ukraynaya yardım və Rusiyaya sanksiyalarla bağlı qərarları veto qoymaqla İttifaqın dəyərlərini pozmaqda ittiham edir.
Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna apreldə bildirib ki, Macarıstanın Rusiya məsələləri üzrə daimi vetoları səbəbindən Aİ onun səsvermə hüququnun ləğvinə «yaxınlaşır».
Sanksiyanın qüvvəyə minməsi üçün digər 26 üzv-dövlətin yekdil razılığı tələb olunur. Diplomatik mənbələrə görə, bir neçə ölkə hələ də bu qədər sərt addımı dəstəkləməyə hazır olmasa da, Budapeştə təzyiqi , o cümlədən dondurulmuş Aİ vəsaitlərini saxlamaq istəyir.
N.Təbrizli