Tramp Kaliforniyaya əlavə Milli Qvardiya qüvvələri göndərib

ABŞ prezidenti Donald Tramp qeyri-qanuni miqrantların kütləvi həbslərinə qarşı keçirilən etirazlar fonunda Kaliforniyanın Los-Anceles şəhərinə əlavə 2 000 Milli Qvardiya əsgərinin göndərilməsinə göstəriş verib.
Ştatın qubernatoru Qevin Nyusom bu qərarı “səlahiyyətin sui-istifadəsi” və “avtoritarizmə doğru addım” adlandırıb.
“Trampın daha 2 min əsgəri Los-Ancelesə göndərəcəyi barədə mənə yeni məlumat verildi,” — Nyusom X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, daha əvvəl göndərilən əsgərlərin yalnız 300-ü aktiv istifadə olunur, digərləri isə “federal binalarda fəaliyyətsiz qalır”.
Tramp sonradan bildirib ki, əgər hüquq-mühafizə orqanlarının rəhbəri olsaydı, Nyusomun özünü də həbs edərdi.
Ağ Ev qubernatoru “təhlükəsizliyi təmin edə bilməməkdə” ittiham edib və Trampın müdaxiləsinin “fəlakətin qarşısını aldığını” bildirib.
Pentaqonun açıqlamasına görə, Milli Qvardiya qüvvələri azı 60 gün şəhərdə qalacaq və miqrasiya mərkəzlərini mühafizə edəcək.
Polis 60-dan çox şəxsin həbs edildiyini açıqlayıb. Etirazlar zamanı bir avstraliyalı jurnalist və bir britaniyalı fotoqraf rezin güllə ilə yaralanıblar.
N.Təbrizli