ABŞ və Çin iyunun 10-da Londonda ticarət danışıqlarını davam etdirəcək

Tərəflərin bir gün əvvəl keçirdiyi altı saatlıq müzakirələrdən sonra ABŞ və Çin arasında ticarət və iqtisadi danışıqlar iyunun 10-da Londonda davam edəcək. Bu barədə Bloomberg agentliyi mənbələrinə istinadən bildirib.
Görüşlər London vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 13:00-da) davam edəcək.
ABŞ-ın maliyyə naziri Skott Bessent iyunun 9-da keçirilən danışıqları “yaxşı”, ticarət naziri Hovard Latnik isə “səmərəli” adlandırıb.
ABŞ nümayəndə heyətinə həmçinin ticarət üzrə nümayəndə Ceymison Qrir daxildir.
Çin nümayəndə heyətinə Dövlət Şurasının vitse-premyeri Xe Lifen rəhbərlik edir.
O, danışıqların ilk günündən sonra jurnalistlərlə ünsiyyətdən imtina edib.
Bu danışıqlar mexanizmi mayın 10–11-də Cenevrədə keçirilən görüş zamanı razılaşdırılıb.
Həmin vaxt tərəflər qarşılıqlı tariflərin qismən azaldılmasına dair razılıq əldə etmişdilər.
Tariflərin səviyyəsi maya qədər 100%-i aşmışdı.
N.Təbrizli