Rusiya Odessada doğum evi və yaşayış binalarına zərbə endirib

Ukraynanın cənubunda yerləşən Odessa şəhərinə Rusiya tərəfindən həyata keçirilən dron hücumu nəticəsində azı bir nəfər ölüb, dörd nəfər yaralanıb. Bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
Hücum yaşayış binalarına və doğum evinə yönəlib.
“Odessanın mərkəzində bir neçə yaşayış binası dağılıb və ya zədələnib. 59 yaşlı kişi həlak olub, dörd nəfər isə xəsarət alıb,” — vilayət hərbi administrasiyasının rəhbəri Oleh Kiper bildirib.
Kiperin sözlərinə görə, təcili tibbi yardım stansiyasının inzibati binası tamamilə dağılıb, yaxınlıqda dayanan təcili yardım avtomobilləri zədələnib, yanğın baş verib.
Tibbi heyət arasında xəsarət alan olmayıb.
Odessa meri Gennadi Truxanov isə bildirib ki, yerli doğum evlərindən birinin inzibati binası da zərər görüb.
“Əhəmiyyətli dağıntılar var, səhər saatlarında qiymətləndirmə aparılacaq,” — o qeyd edib.
Kiper əlavə edib ki, hüquq-mühafizə orqanları bu hücumu mülki əhaliyə qarşı növbəti cinayət adlandırıb.
N.Təbrizli