Əfqanıstanda aclıq çəkən uşaqların say artıb - BMT

Əfqanıstanda uşaqlar arasında aclıq hallarında müşahidə tarixində ən kəskin artım qeydə alınıb. Bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) məlumatına əsasən CNN xəbər verib.
Qurumun hesablamalarına əsasən, ölkə əhalisinin dörddə biri — təxminən 10 milyon nəfər — ciddi ərzaq çatışmazlığından əziyyət çəkir. Hər üç uşaqdan biri xroniki qidalanma çatışmazlığı səbəbindən inkişafdan geri qalır.
Son iki ildə humanitar yardımın azalması vəziyyəti daha da pisləşdirib. ABŞ prezidenti Donald Trampın administrasiyası 2025-ci ilin aprelində Əfqanıstana ərzaq yardımlarını tamamilə dayandırıb.
Əlavə olaraq, İrandan və digər qonşu ölkələrdən deportasiya olunan əfqan miqrantlarının kütləvi qayıdışı da ərzaq təhlükəsizliyinə təzyiqləri artırıb. Son iki ayda WFP İrandan qayıdan 60 min nəfərə yardım göstərib.
Proqramın nümayəndəsi Ziyəddin Safi bildirib ki, bu kateqoriyaya daxil olanlara yardım üçün 15 milyon dollar, ümumilikdə isə 2026-cı ilin yanvarına qədər ən həssas təbəqələrin dəstəyi üçün 539 milyon dollar tələb olunur.
"Eyni zamanda, ölkədə quraqlıq, su qıtlığı, məhsuldar torpaqların itirilməsi və daşqınlar ərzaq böhranını daha da dərinləşdirir", - Ekologiya Agentliyinin rəhbəri Mətiulla Xalis bildirib.
N.Təbrizli
Son xəbərlər
Daha çox 