Zelenski İlham Əliyevə zəng edib

Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Danışıq zamanı Zelenski ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında sülh gündəliyi üzrə əldə olunan nailiyyətləri təbrik edib, görüşün tarixi əhəmiyyət daşıdığını vurğulayıb.
Prezident Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamə və digər sənədlərin regionda davamlı sülh və sabitliyin təmin olunmasına töhfə verəcəyini qeyd edib.
Telefon danışığında həmçinin Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələr müzakirə olunub. Ötən ay Bakıda keçirilən hökumətlərarası komissiyanın iclasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdirilməsi barədə səmərəli müzakirələrin aparıldığı bildirilib.
Tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarı və digər obyektlərə, eləcə də Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən endirilən hava zərbələrini qətiyyətlə pisləyib,bunun energetika sahəsində əməkdaşlığın dayandırılmasına səbəb olmayacağına əminliklərini ifadə ediblər.
Son xəbərlər
Daha çox 