KTMT-nin hərbi təlimləri başladı: nüvə ssenariləri sınaqdan keçirilir

Belarusda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Əməkdaşlıq-2025” adlı genişmiqyaslı hərbi təlimlərinə start verilib. Təlimlərdə Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Belarus hərbçiləri iştirak edir. Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərin əsas məqsədi müasir münaqişələrin taktikası əsasında döyüş hazırlığını artırmaqdır. General-mayor Pavel Muraveyko bildirib ki, real döyüş təcrübəsinə əsaslanan yeni əməliyyat üsulları tətbiq ediləcək.
“Təxribat və ittihamların qarşısını almaq üçün təlimlər Ukrayna və Aİ sərhədlərindən uzaqda keçirilir,” – Muraveyko vurğulayıb.
Proqrama nüvə silahından istifadə ssenarisinin nəzəri planlaşdırılması da daxildir. Lakin Müdafiə Nazirliyi praktiki tətbiqin nəzərdə tutulmadığını bildirib.
Təlimlər fonunda Litva Müdafiə Nazirliyi Belarus sərhədinə yaxın ərazidə öz hərbi təlimlərinə başladığını açıqlayıb.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə 2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.
2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib.
KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
Gülnar