ABŞ Qəzza zolağında atəşkəslə bağlı HƏMAS-a yeni təklif təqdim edib

ABŞ prezidenti Donald Tramp HƏMAS-a Qəzza zolağında atəşkəsin əldə olunması və girovların azad edilməsi ilə bağlı əvvəlki təkliflərdən əhəmiyyətli dərəcədə fərqlənən yeni təklif təqdim edib. Bu barədə "Axios" portalının jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində məlumat verib.
Ravidin sözlərinə görə, Trampın təklifinə əsasən, HƏMAS saxladığı 48 israilli girovun hamısını azad etməlidir. Əvəzində İsrail atəşkəsə razılıq verəcək və Qəzza şəhərindəki hərbi əməliyyatları dayandıracaq. Təklif həmçinin 2,500–3,000 fələstinli məhbusun, o cümlədən ömürlük həbs cəzası çəkən yüzlərlə şəxsin azad olunmasını nəzərdə tutur.
Məlumatda bildirilir ki, atəşkəsin elanından dərhal sonra tərəflər müharibənin başa çatması ilə bağlı şərtlərin müzakirəsinə başlayacaqlar. Bu mərhələdə İsrailin HƏMAS-ın silahsızlaşdırılması tələbləri və İsrail Ordusunun Qəzza zolağından tam şəkildə çıxarılması məsələləri gündəmə gətiriləcək.
“Əgər HƏMAS bu təşəbbüsə müsbət cavab verərsə, Tramp danışıqlarda fəal iştirak edəcək və tərəflər arasında müzakirələr davam etdiyi müddətdə döyüş əməliyyatları dayandırılacaq. Əks halda, İsrailin Qəzza şəhərində genişmiqyaslı hərbi əməliyyata başlayacağı ehtimalı var,” – deyə Ravid qeyd edib.
İsrailin "Channel 12" telekanalının məlumatına görə, Baş nazir Benyamin Netanyahunun yaxın çevrəsi təklifin "ciddi şəkildə nəzərdən keçirildiyini" bildirib.