Bu ölkəqadınların qətlə yetirilməsinə görə cəzanı sərtləşdirib
İtaliya parlamenti 25 noyabr Qadınlara Qarşı Zorakılığa Qarşı Beynəlxalq Mübarizə Günündə qadınların cinsinə görə qətlə yetirilməsini – femisidi – ölkənin cinayət məcəlləsinə ayrıca maddə kimi daxil edən qanunu yekdilliklə təsdiqləyib.
Yeni qaydalar femisid motivli qətllərin ayrıca kateqoriya üzrə qeydiyyata alınmasını nəzərdə tutur.
İtaliyada bu cür cinayətlər hazırda ömürlük həbs cəzası ilə nəticələnir.
Qanunun həmmüəllifi və hakim Paola Di Nicola bildirib ki, femisid maddəsinin əlavə olunması “qısqanclıq və ya sevgi cinayətləri” kimi terminlərdən istifadəni aradan qaldıraraq, qətllərin “əsl motivlərini – güc tətbiqini və qurbanın tabe etdirilməsini” göstərməyə imkan verəcək.
Qanun 2023-cü ildə 22 yaşlı tələbə Giulia Cecchettininin qətli ilə bağlı geniş ictimai narazılıqdan sonra gündəmə gəlib. Polis məlumatına görə, 2024-cü ildə ölkədə qeydə alınan 116 qadın qətlindən 106-sı cinsi motivlə törədilib.
İtaliya femisidin qanuni tərifini cinayət məcəlləsində rəsmiləşdirən Kipr, Malta və Xorvatiyadan sonra dördüncü Avropa İttifaqı ölkəsi olub.
Gülnar Nazimqızı